Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən
Ordu.az-a verilən məlumata görə, fakt üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi başlanılaraq hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.
Bildirilib ki, hadisə yerinə baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir.
Hərbi Prokurorluq həlak olanların qohumlarına və doğmalarına dərin hüznlə başsağlığı verir. Qeyd olunub ki, cinayət işinin istintaqı Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarətindədir.
Xatırladaq ki, bu gün Müdafiə Nazirliyinin hərbi hissələrdən birində bədbəxt hadisə baş verib. Tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub. Nəticədə iki hərbi qulluqçu - gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olublar. Hadisə nəticəsində gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb.
Ordu.az