Əzəli və əbədi sevgilisi Vətən olan, evlərinə səngərlə getməyi arzulayan əsgər

2019/07/65278-4687196217.jpg
Oxunub: 12450     12:30     06 İyul 2019    
Ağdam-Tərtər istiqamətində, cəbhə xəttinə yaxınlıqda yerləşən yaşayış məntəqəsindən keçib səngərə tərəf gedən yolda çox az adam gözə dəyir. Yəqin ki, hamı istidən qorunmaq üçün təsərrüfat, həyət-baca işlərini təxirə salıb kölgəlikdə daldalanmağa çalışır. Kəndin ucqarlarında, özü də, daha çox səngər istiqamətində olan hissəsində yenicə tikilən evlər gözə dəyir. Daş yolla ön xəttə gedirik. Maşın bir az getdikdən sonra, xeyli aralıdan görünən yaşıllığa yön alır. Sağ-sol kəndlilərə məxsus əkin yerləri, məhsul altında olan sahələrdir. Açıq-aydın görünür ki, sakinlər əmin bir şəraitdə güzaranlarını sürür: əkib-becərir, tikib-yaradır, sakit, normal həyat yaşayırlar.

Bizi müşayiət edən zabit güllü-çiçəkli bir ərazidə maşını saxlamağı əmr edir sürücüyə.

Düşürük. Ətrafa diqqətlə baxandan sonra dayandığımız yerin hərbi bölmə olduğu anlaşılır. Yan-yörədə xidmət aparan, dərs keçən, tapşırıq yerinə yetirən hərbiçilər var. Maskalanma vasitələrinə bürünmüş mühəndis-istehkam qurğuları, atəş və müvəqqəti atəş nöqtələri, müasir, amma çox sadə və etibarlı şəkildə möhkəmləndirilmiş döyüş mövqeləri, daldanacaqlar, əsgər yataqxanası gördüyümüz mənzərənin, daha konkret desək, səliqə ilə salınmış bağın, boy verən rəngarəng güllərin və çiçəklərin fonunda cəbhə təsiri bağışlamır. Müharibənin ağuşunda da Cənnət yaradarmış insan övladı, deməli…


Bölmənin ərazisində ciddi səliqə-sahman dərhal diqqət çəkir, göz oxşayır. Sərin kölgəlikdə samovar da var. Bir azdan hansı ki, həmin samovarın çayından ləzzətlə içə-içə əsgərlərlə söhbətləşəcəyik... Hələ ki, xidmət haqda danışaq.

İlk işimiz müşahidə məntəqəsində xidmətdə olan-daha doğrusu, döyüş növbəsi çəkən hərbiçilərlə görüşmək olur. Həm müasir texnikanın köməkliyi ilə, həm də adi gözlə qarşı tərəfi nəzarət altında saxlayan əsgərlər növbə ilə bizimlə həmsöhbət olur.

Əsgər N. Eyvazov respublikanın Aran bölgəsində yerləşən rayonlarından birində anadan olub. Kollecdə “Yol hərəkətinin tənzimlənməsi” ixtisası üzrə təhsil alıb. Bir ildir ki, Vətənə xidmət edir. Deyir ki, burada olduğu illər ömrünün ən şərəfli çağlarıdır: “Xidmətə gələnə qədər, insan tamam başqa cür düşünür, amma əsgərlikdə olanda düşüncə kökündən dəyişir. Adam məhz xidmətdə olduğu illərdə dərk edə bilir ki, ailə, Vətən, dövlət niyə müqəddəsdir?!”.

Əsgər N. Rzayev düşmənin daha çox gecələr təxribat törətmək istəməsinə dair sualımıza çox aydın və konkret cavab verir: “Fərqi yoxdur, nə vaxt təxribata cəhd etsə, dərhal cavabını alır. Düşməni yerindəcə məhv etmək haqda əmr var. Biz isə, komandirlərimiz və komandanlıq tərəfindən verilən əmri həmin andaca şərəflə yerinə yetiririk”.


Hərbi hissə rəhbərliyi tərəfindən müəyyən edilmiş təlimata əsasən, N. Rzayev həftədə bir dəfə valideynləri, doğmaları ilə telefon əlaqəsi saxlayır. Bu qayda bütün əsgər heyətinə aiddir.

Onun yolunu gözləyən sevdalı bir xanım da var. Sevgilisinin döyüşdən zəfərlə və şərəflə sağ-salamat qayıtması üçün duaçıdır hər zaman. Rzayev isə xidmətini başa vurmağa tələsmir. Hərçənd, həqiqi hərbi xidmətini tamamlamağa o qədər də çox vaxt qalmır. Amma böyük bir inamla Ali Baş Komandanın “Döyüş” əmri verəcəyi günü gözləyir. Sevdiklərinin yanına əliboş qayıtmaq istəmir. Onlara özü ilə qələbə xəbərini də aparmaq sevdasındadır. Deyir ki, uşaqlıq dostları, sinif yoldaşları da əsgərdir. Ağdam, Beyləqan və Füzuli rayonları istiqamətində ön xətdə hərbi qulluqdadırlar. Doğmaları vasitəsi ilə bir-birilərindən xəbər tuta bilirlər. Hamısı da müharibənin başlayacağı anı gözləyir.

Döyüş növbəsində olduğu üçün söhbəti uzada bilmirik. Xidmətində uğur diləyib durduğu müşahidə postundan başqa bir yerə yollanırıq.


Əsgər S. Mehrəliyev isə cənub bölgəsində böyüyüb, boya-başa çatıb. hərbi xidmətə gələnə qədər avtomobil təmirinin sirrlərini öyrənib usta yanında. Tərxis olunduqdan sonra da bu sahədə çalışmaq arzusundadır.

Sanitar-atıcıdır. Dəfələrlə bölmələrarası yarışlarda, təlimlərdə fərqlənib öz bacarığı ilə. Söhbətimizi kənardan dinləyən zabit sözümüzü kəsib Mehrəliyevin barəsində deyir ki, bu igid oğlan həmişə öz nailiyyətləri ilə hamının rəğbətini qazanıb. Normativləri yerinə yetirməkdə birinciliyi heç vaxt əldən verməyib.

“Şəhidlik müqəddəs ucalıqdır. Müharibənin başlayacağını gözləyirəm. Mən evin sonbeşiyiyəm. Mənim vəzifə borcumdur ailəmi, Vətənimi, dövlətimi, xalqımı düşməndən qorumaq. Bu günə qədər şərəflə xidmət etmişəm. Bu işi qələbəmizlə tamamlamaq istəyərdim, qismət olsun…” - deyir əsgər Mehrəliyev. O, hansısa gözəlin gözünü də yolda qoyub gəlməyib: “Əbədi sevgilim Vətəndir. Hələ onu xoşbəxt edə bilək. Ən vacibi budur”.

Onun da sinif yoldaşları və dostları müxtəlif istiqamətlərdə cəbhə boyunca hərbi xidmətdədirlər. Evlərinə dönəndə bir-birilərini qalib əsgər kimi qarşılamaq arzusundadırlar.


Sıravi C. Cabbarlı Muğan bölgəsinin ərsəyə gətirdiyi Vətən oğludur. Gəncliyinin ən gözəl bir ilini hərbi xidmətdə keçirir. Əsgərlik müddətində dözümlülüyü, yoldaşlıq etməyi, dəyərli adamların qədrini bilməyi öyrəndiyini deyir: “Başqa cür başa düşülməsin, hamı əsgər ola bilməz. Əsgər olmaq başqa bir duyğudur, fərqli hissdir. Bu geyimi daşıya bilən hər kəsə fərəhlə baxıram. Nə yaxşı ki, mənim belə silahdaşlarım var.”

Həqiqi hərbi xidmətini başa vurduqdan sonra yenidən ordu sıralarına qayıdacağını söyləyir.

Əsgərin gündəlik xidməti haqda soruşuruq.

“Tezdən oyanan kimi idmanla məşğul oluruq. Özümüzün, ərazinin təmizliyi, sıra baxışı, səhər yeməyi, dərslər, təlim, nahar, döyüş növbətçiliyi və başqa bu kimi günün nizam qaydalarına riayət, tapşırıqların icrası… və xidmətdən irəli gələn hər cür vəzifə...” - deyə cavab verir həmsöhbətimiz.

Bir anlıq susur, üzü səngərə tərəf baxıb söhbətinə davam edir: “Ən böyük arzum torpaqlarımızı işğaldan azad edib şəhid olmaqdır. Evin tək oğluyam. Atam-anamla danışıram telefonda arada, həmişə deyirəm ki, anam heç vaxt ağlamasın. Bir bacım oğlu var, qoy onu da əsgər kimi böyütsünlər, döyüşçü olaraq yetişdirsinlər. Bütün valideynlərə, xüsusilə analara arzu edirəm ki, oğlanlarını əsgər böyütsünlər, hərbi xidmətə yola salsınlar. Şərəfli ömür yaşamaq lazımdır. Ən şərəfli ömür əsgər ömrüdür”.

Cabbarlı indiyədək ürək verib-könül almayıb. Deyir ki, Vətən olan yerdə, başqa sevgilər zaman məsələsidir. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq qulluqçi kimi orduda qalacaq. Qələbə gününədək, torpaqlarımızı son qarışına kimi işğaldan azad edənə qədər əsgər libasını soyunmayacaq, əlini silahdan çəkməyəcək, səngərdən uzağa getməyəcək.

Növbəti həmsöhbətimiz Füzuli rayonunda anadan olub. Uşaqlığı cəbhə kəndində keçib. Sonradan Bakıya köçsələr də, baba yurdunda qalan nənəsinin yanından əl çəkməyib. Tez-tez baş çəkib el-obasına…


Əsgər İ. Əliyev deyir ki, 18 aydır Vətənin keşiyindədir. Bir neçə gündən sonra xidmət müddəti başa çatır. Amma o da silahdaşları kimi, qələbə gününə qədər səngər həyatı yaşayacaq: “Burada hər bir əsgər öz-özlüyündə bir qaladır, bu torpaq üçün qoruyucu mələk kimidir buradakı döyüşçülər. Yeni əsgərlərimiz gələcək bura. Onlara da komandirlərin bütün əmr və tapşırıqlarını layiqincə yerinə yetirməyi arzulayıram. Biz çox nizam-intizamlı bir yerdə xidmət edirik. Buradakı ağacların, güllərin, çiçəklərin, təmizliyin hər gün nazını çəkirik. Doğrudan da, Vətəni qorumaq onun ən xırda daşını, tozlu yolunu sevmək deməkdir. Bizim döyüş mövqeyimizdə neçə-neçə adam əlində silah illərlə xidmət keçib. Neçə-neçə qəhrəman bu torpaq uğrunda canını-qanını əsirgəməyib. Biz bu yolu həmişə davam etdirəcəyik. Çünki bundan başqa müqəddəs vəzifəmiz yoxdur, ola da bilməz”.

Sıravi İ. Əliyev deyir ki, əgər icazə versəydilər, tərxis olunduqdan sonra dogma kəndlərinə-nənəsini sevindirməyə dayandığımız yerdən Füzuli rayonuna-kəndlərinə qədər uzanan səngərlərlə getmək istəyir. Amma təbii ki, bu hərbi təhlükəsizlik baxımından mümkün deyil. Elə buna görə də, yenidən Azərbaycan Ordusunun sıralarına dönmək fikrindədir ki, respublikanın işğal altında olan sərhədlərinə qədər döyüşə-döyüşə gedə bilsin.

Sinif yoldaşları, əmisi oğlu əsgəri xidmətdədir. Onların da ziyarətinə getmək istəyir.

Sevdiyi qız yoxdur. Deyir ki, o vaxt kimisə sevəcək ki, ona ən böyük həddiyə kimi “Qələbə” xəbərini bağışlaya bilsin…


Hər yanı qarsan qızmar Günəşin ətrafa necə “od ələdiyini” hiss eləmədik. Yuxarıda barəsində danışdığımız samovarın Cənnət dadlı çayından içə-içə əsgərlərlə çoxlu mövzular ətrafında nə qədər danışdığımızın fərqinə varmamışdıq. Həm biz uzaq yolu geri qayıtmalıydıq, həm də onlar döyüş növbətçiliyinə çıxmalıdırlar.

Vidalaşırıq, buradakı hər kəsi bağrımıza basmaq keçir könlümüzdən. Görkəmli dövlət xadimimiz, sərkərdəmiz Şah İsmayıl Xətainin məşhur kəlamını burada hər şey xatırladır adama - daş da, ağaclar da, güllər də, sinəsini səngər edən torpaq da: “Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi Sizə vəsiyyət edirəm: - ana dilimizi - vicdanımızı - Vətənimizi.”

Bu müdrik vəsiyyətin necə böyük sevgiylə, şövqlə, ehtiramla yerinə yetirildiyinin ən gözəl nümunəsidir bu səngərlərdə keçilən əsgəri xidmət!

Qılıncın paslanmasın, Vətən oğlu!


Teymur Zahidoğlu
Xüsusi olaraq Ordu.az üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ordu   Əsgər   Vətən  


Bizi "telegram"da izləyin