Müdafiə Sanayesi Nazirliyinin istehsal etdiyi sursatlar – ÜMUMİ BAXIŞ

2019/07/42862-1562394835.jpg
Oxunub: 11971     10:27     06 İyul 2019    
1988-ci ildən münaqişəyə cəlb edilən Azərbaycanın silah və sursata olan ehtiyaclarını qarşılamaq və xarici istehsaldan asılılığını azaltmaq üçün müdafiə sənayesinin inkişaf etdirilməsi zərurəti müstəqilliyimizin ilk günlərindən mövcud idi. İqtisadi problemlər ucbatından zəif infrastruktura malik Müdafiə Sənayesi Dövlət Komitəsi və parakəndə sənaye şirkətləri ordunun tələbatına cavab verəcək məhsullar istehsal etməkdə çətinlik çəkirdilər.

2005-ci ilin dekabrın 16-da Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Keçmiş dövlət komitəsinə daxil olan və digər sahələrə məxsus olan zavodlar, istehsal sahələri, elmi tədqiqat mərkəzləri və Aerokosmik Agentlik Nazirliyin balansına daxil edildi. Nazirliyin 23-dən çox müəssisəsində ən müasir texnologiya və avadanlıqlarla təchiz olunan 50-dən çox yeni istehsal sahəsi yaradılıb. İstehsal sahələrində müasir tələblərə cavab verən rəqəmsal, proqram təminatlı 25-dən çox mürəkkəb texnoloji xətt və avadanlıqlar quraşdırılıb. 2200-dən çox müxtəlif təyinatlı dəzgah, 10 minlərlə cihaz, alət və tərtibatlar alınaraq istismar üçün müəssisələrə verilib.


Keçən illər ərzində MSN-in əsas prioritetləri, yenilənən istehsal sahələrində müxtəlif növ hərbi təyinatlı məhsulların buraxılmasından, yeni tip vasitələrin öyrənilərək elmi araşdırmalarının aparılmasından və yeni istehsal xətlərinin yaradılmasından ibarət oldu.

Həm hərbi təlimlərdə, həm də döyüş əməliyyatlarında ən şox sərf olunan məhsul, şübhəsiz ki, döyüş sursatlarıdır. İstənilən orduda digər məmulatların döyüş sursatları ilə müqayisədə sərfiyyatı çox cüzi faiz təşkil edir. Döyüş əməliyyatlarında istifadə olunan sursatların əsas ağırlığı adətən atıcı silahlar, zirehli vasitələr və atilleriya sursatlarının üzərinə düşür. Son illərdə açılan müəssisələr arasında sursat istehsal edən zavodların üstünlük təşkil etməsi də təsadüfi deyil.


Buna görə də ilkin dövrdə əsasən müxtəlif ölkələrin silah, sursat, optik avadanlıqlar və bir sıra məmulatlarının lisenziyalı istehsalı təşkil edildi, zaman keçdikcə isə onlar yerli istehsalla əvəz olundu. Qarşıya qoyulan məqsəd Azərbaycan Silahlı Qüvvələrinin və güc strukturlarının silah və sursata olan ehtiyacını daxili istehsal hesabına təmin etməkdən ibarət idi. Paralel olaraq Silahlı Qüvvələrdə olan texnika və silahların təmiri, təkmilləşdirilməsi və onlar üçün ehtiyat hissələrin hazırlanması prosesləri həyata keçirilməyə başlandı.

Yarandığı qısa müddət ərzində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin mütəxəssisləri 1200 adda müxtəlif növ silah sitemlərinin, o cümlədən atıcı silahların (xüsusilə, snayper tüfənglərinin), sursatların, optik cihazların, minaların, aviasiya bombalarının, zirehli maşınların, kəşfiyyat-patrul maşınlarının, “Orbiter”, “Aerostar-BP”, “Pegasus” və “Zərbə”tipli pilotsuz uçuş aparatlarının və digər hərbi və mülki təyinatlı avadanlıqların kütləvi istehsal prosesini tam mənimsəyiblər. MSN-in yarandığı dövründən indiyə qədər iki milyard manata qədər dəyərdə məhsul istehsal edilib ki, bunların da 90%-dən çoxu hərbi təyinatlı məhsullardır.


Xarici lisenziya ilə silah və sursatların istehsalı yerli sənaye müəssisələri üçün yeni perspektivlərdən biri oldu. Sursat sahəsində isə inkişaf daha sürətlə addımlamağa başladı. İlkin anda kiçik çaplı mərmilərdən başlanılsa da, sonradan bu sahə iriçaplı, qumbaraatan və minaatan mərmilərini əhatə etdi.

MSN-də müxtəlif mərmilər üçün partladıcı başlıqlar, əlavə barıt içliklərinin hazırlanması prosesləri prioritet vəzifələrə daxil edilib. Nazirliyin digər istehsal sahələrinin birində isə sursat istehsalında zəruri olan ballistik barıtların, piroksilinin, heksogenin, trotilin və digər partlayıcı maddələrin istehsalına start verilib.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 2008-ci ildən bir çox ölkələrə silah və sursat ixrac edir. Müştərilər arasında Türkiyə, İordaniya, Pakistan, İraq, Gürcüstan, ABŞ və Əfqanıstan kimi ölkələrin mövcudluğu, Azərbaycan silah və sursatları ilə Asiya, Afrika, həmçinin Yaxın Şərq ölkələrinin daha çox maraqlandığını nümayiş etdirir.

Müdafiə Sənayesi Nazirliyinin inkişaf və istehsal etdiyi müxtəlif çaplı döyüş sursatları arasında snayper tüfənglərinin, avtomatların, pulemyotların, yüngül topların, qumbaraatanların, minaatanların və tankların mərmiləri mövcuddur.


Müdafiə Sənayesi Nazirliyinin müxtəlif müəssisləri ilə Türkiyənin ASELSAN şirkəti arasında əməkdaşlıq haqqında imzalanan protokola əsəsən qurumlararası təcrübə mübadiləsi və birgə müəssisələr yaradılması nəzərdə tutulur.

Ənənəvi raketlərin daha ağıllı və yüksək dəqiqliyə sahib müasir vasitələrə çevrilməsi üçün onlara ASELSAN şirkətinin lazer tuşlama başlıqlarının quraşdırılması nəzərdə tutulurdu.

Hazırda Nazirliyin yenilənən müəssisələrindən birində müxtəlif təyinatlı tank əleyhinə qumbaralar, 60, 81, 82, 120 mm-lik minaatan mərmiləri, 23-30 mm-lik avtomatik toplar üçün mərmilər, 12.7, 14.5 mm-lik snayper tüfəngləri üçün mərmilər, 50, 100, 250, 500 kq-lıq aviasiya bombalarının istehsal proseslərinin həyata keçirildiyi ehtimal edilir. 100 mm-dən 155 mm-ə qədər tank və artilleriya mərmilərinin istehsalı da digər bir müəssisə tərəfindən həyata keçirilir.

Müdafiə Sənayesi Nazirliyinin balansında olan zavodlardan birində isə illərdir ki, Türkiyənin MKEK şirkəti ilə razılaşma əsasında müxtəlif çaplı sursatların hazırlanması həyata keçirilir. Burada 5.45, 7.62 mm-lik mərmilər, 30 mm və 40 mm-lik qumbaraatan mərmiləri də istehsal olunur. Məhz bu zavodun sexlərində 2008-ci ildə buraxılan 14.5 mm-lik “İstiqlal” iriçaplı anti-material snayper tüfəngi üçün mərmilərin, eyni zamanda “İstiqlal-23” silahının böyük dağıdıcı gücə malik olan 23 mm-lik mərmilərinin istehsal prosesinin də təşkil edildiyi ehtimal edilir. Bunlardan başqa bu müəssisədə Azərbaycan Silahlı Qüvvələri üçün snayper tüfəngi olan “Mübariz”in (İST-12.7) sınaqları 12.7 mm-lik yeni sursatlarla davam etdirilir. Müəssisə davamlı olaraq silahların kütləsinin azaldılması və atəş məsafəsilə dəqiqliyin artırılması istiqamətində araşdırmalar həyata keçirir.


2015 ci ildə zavodun sexlərində iki kalibrli “Vaşaq” tipli snayper tüfəngi buraxılmağa başladı ki, bu tüfəng həm NATO tipli 7.62x51, həm də 388LM (8.6mm) çaplı güllələrlə atəş aça bilir. Bu sursatların istehsalı isə “Vaşaq” tüfənglərinin ixrac potensialının yüksəldilməsinə səbəb olacaq.

2017-ci ilin sonunda isə Müdafiə Sənayesinin istehsal müəssisələrinin birində isti ştamplama xətləri istifadəyə verildi ki, bu da artilleriya və tank mərmiləri ilə bərabər onlar üçün gilizlərin hazırlanmasına da imkan verdi. HP-7.62 pulemyotunda, 7.62 x 54 mm-lik adi (LPS), izburaxan (T-46M), zirehdələn-yandırıcı (B-32), yandırıcı-hədəfgöstərici (PZ) və inert mərmilərindən istifadə olunur.

12.7x108 mm-lik çaplı snayper tüfənglərində isə zirehdələn-yandırıcı (B-32 və BS), zirehdələn-yandırıcı-izburaxan (BZT-44) və adi təsirli yandırıcı gülləli (MDZ) mərmilərlə atəş açılır.

2017-ci ildə isə Serbiya Respublikasının lisenziyası ilə revolver tipli 40 mm-lik əl qumbaraatanlarının və onların sursatlarının istehsalına başlanıb və ilk nümunələr Ordumuza təqdim edilib.


2018-ci ilin sonunda Müdafiə Sənayesi Nazirliyi ordumuzun T-90SA tanklarından 125 millimetrlik tank topları üçün nəzərdə tutulan döyüş sursatının ballistik xüsusiyyətlərinin yoxlanılması məqsədilə sınaq atışları keçirib və müsbət nəticələr əldə edib.

Azərbaycan sənayesi artıq eskperimental taktiki raket istehsalına da start verib. Tuşlanmasında İNS və GPS sistemlərindən istifadə edilən raket “ETR-M” adlanır. Raketin atıcı qurğusu da Azərbaycanda istehsal edilir.



Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan “QFAB-250 LG” aviasiya bombasının inert nümunəsi “IDEF-2019” sərgisində ilk dəfə nümayiş etdirilib və böyük maraqla qarşılanıb. NATO standartlarına uyğun yaradılan “QFAB-250 LG” aviasiya bombaları 12000 metrədək məsafədən hədəfi maksimum 10 metr sapma ilə vurmaq imkanı verəcək. Bundan başqa, Müdafiə Sənayesi Nazirliyinin eyni zavodunda sabit hədəfləri məhv etmək üçün nəzərdə tutulan 203 mm çaplı “QFAB-50 İSAB” özütuşlanan aviasiya bombasının inkişafı da həyata keçirilir. Bu bombalar daxili təlabatın ödənilməsi və ixrac üçün nəzərdə tutulur.

Yuxarıda adları çəkilən silah-sursatların əksəriyyəti Azərbaycan Ordusu və digər güc strukturlarının silahlanmasına qəbul edilib.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MSN   Sursat  


Bizi "telegram"da izləyin