Şuşa yaxınlığındakı kəndlərdə kompakt şəkildə yaşayan ermənilər azərbaycanlılara qarşı tez-tez basqınlar edir, nəqliyyat vasitələrini atəşə tuturdular. Çox keçməyəcəkdi ki, Şuşa amansız müharibənin qaynar nöqtələrindən birinə çevriləcəkdi.
Gündən-günə qanlı hadisələr çoxalırdı. Gənc həkim Rzayev Qulam Hüseyn oğlu uşaq həkimi olmasına baxmayaraq, başqa iş yoldaşları kimi yaralı günahsız insanlara yardıma tələsir, onları ölümün pəncəsindən xilas etməyə çalışırdı. Beləliklə, uşaq həkimi artıq səhra-döyüş həkiminə çevirilirdi...
Əmin-amanlıq illərində müharibə acısı
Qulam Rzayevin böyüdüyü ailə müharibə acısını hələ Qarabağ müharibəsi başlamamışdan əvvəl dadmışdı. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində oxuyan böyük qardaşı tərcüməçi kimi Əfqanıstana təcrübəyə göndərilir. Amma iştirakçısı olduğu döyüşlərdən birində həlak olur və Şuşada dəfn edilir.
İndi isə müharibə qapını kəsmişdi. Doğma Şuşada hər gün faciə yaşanırdı. Kimsə ermənilər tərəfindən öldürülür, kimsə yaralanırdı.
Qulam Rzayev özü ilk dəfə 1990-cı ildə yaralanır. Əsgəranda onun da olduğu Təcili Tibbi Yardım maşınını ermənilər ağır yük avtomobili ilə əzirlər. Xoşbəxtlikdən, həyatını itirən olmasa da, qəhrəmanımızın qolu və qabırğası sınır.
Xocalıdan olan soydaşları onları ölümün cəngindən alıb xilas edə bilirlər.
Sağaldıqdan sonra yenidən xəstəxanaya iş başına qayıdır. Artıq Şuşa Şəhər Mərkəzi Xəstəxanasına hər gün yaralılar gətirilirdi. Şuşa özünümüdafiə taborunun, Şuşanın müdafiəsinə gəlmiş könüllü döyüşçü dəstələrin üzvləri arasında hər gün yaralanan olurdu.
Çatışmayan hərbi həkim, hospitala çevrilən mülki xəstəxana
Tərslikdən, şəhərdə bir nəfər də olsun, hərbi həkim yox idi. Ağır vəziyyətdə olan yaralı döyüşçülərin yeganə nicatı yerli həkimlər idi. Mərkəzi Xəstəxananın bir hissəsi hərbi hospital kimi fəaliyyət göstərirdi.

Şəhər hər gün döyüşürdü. Mülki əhalinin sayı getdikcə azalırdı. Vəziyyət gərginləşdiyindən uşaqlar, qadınlar və yaşlı adamlar zaman-zaman Şuşadan çıxarılırdı. Əvəzində isə hərbiçilərin sayı çoxalmışdı. Şəkidən,Yevlaxdan, respublikanın müxtəlif yerlərindən gəlmiş silahlı dəstələr pərakəndə olsa da, şəhəri qoruyurdu. 1992-ci ilin əvvəlində Şuşa şəhər Xəstəxanası artıq tam hərbi hospital kimi çalışırdı.
Qulam Rzayev deyir ki, hospitalın hamısı yerli həkimlərdən ibarət idi. 2 nəfər reanimatoloq, 3 nəfər cərrah, infeksianist və bir də bir neçə tibb bacısının gecəli-gündüzlü əziyyəti hesabına Şuşa hərbi hospitalı yaranmışdı. Bütün bu əməkdaşlar hamısı, Şuşa xəstəxanasında fəaliyyət göstərən həkimlər idi. Tibbi ekspertizanın həkimi Rasim Hacıyevə qədər hamı zamanla hospitala qoşuldu. Hətta ailəli tibb bacıları da könüllü şəkildə xidmət etməyə gəlmişdilər.
Hospitalda ixtisaslı hərbi həkimin olmaması işi çətinləşdirsə də, xəstəxananın bütün kollektivi kişili-qadınlı hamı öz işinin başındaydı.Tibbi personal şəhəri tərk etməmişdi. Ən ağır cərrahiyə əməliyyatlarını da yerli həkimlər həyata keçirirdilər. Yalnız vəziyyəti kritik olan yaralılar helikopterlə Bakıya göndərilirdi.
Ölümə aman verməyən təcrübəsiz tibb işçiləri, döyüşə gedən təkqollu əsgər
Həmsöhbətimiz deyir ki, çox sonralar biləcəkdilər ki, hərbi həkimin olmaması təcrübəsiz mülki həkimlər üçün hansı çətinliklər törədib: “Məsələn, deyək ki, döş qəfəsi yarası almış bir şəxsin döş qəfəsini açıblar ki, yaranı tiksinlər. Belə olduqda, döş qəfəsini açmaq lazım deyilmiş. Həmin xəstəyə zont qoymaqla, 2 litrə qədər qan köçürmək olur. Qan köçürüldükdən sonra qanaxma dayanırsa, o xəstə sağ qalır. Həmçinin adi qəlpə yaraları da müalicə ilə sağala bilən yaralardır. Amma biz bəzən bilmədiyimizdən cərrahi müdaxilələr edirdik yaralılara”.
Düzdür, şuşalı mülki həkimlərin müharibə həkimi olmaq baxımından təcrübəsizliyi heç vaxt kiminsə ölümü ilə nəticələnməyib. Minaya düşmüş, qolunu, ayağını itirmiş adamda amputasiya aparmaq lazım idisə, bunu bacarırdı yerli həkimlər.
Nəinki insan kimi, həm də soyuqanlı olmalı bir həkim kimi bu günə qədər unuda bilmədiyi xatirələrlə doludur təcrübəsi. Qulam həkim deyir ki, gördüyü döyüşçülərin böyük əksəriyyəti həmişə döyüşlərdə irəli atılanlar olub: “Müharibədə hər cür xarakterli insana rast gəlmək olur. Yadımdadır ki, bir dəfə döyüşdə bir əsgərimiz qolunun birini itirmişdi. Amma bu, sanki onun vecinə də deyildi. O biri əlində silah “qorxmayın, döyüşmək lazımdır” deyib hamını irəli getməyə səsələyirdi.”
Xatirələrdən çıxmayan yalvarışlar, əməliyyata icazə verməyən komandir
Bir anlıq fikri harasa gedir həmsöhbətimizin.... Qısa müddətdən sonra özünü yenidən cəmləyib söhbətimizə qayıdır: “17-18 yaşlarında yaralı bir gənc öləcəyini düşünüb “Ölürəm” ifadəsini elə bir tərzə deyirdi ki... Elə təsirli səslənirdi o sözlər, imdad dolu nidalar. Bunu yaşamaq nə deməkdir, bilirsiniz?
Rəhmətlik Ramiz Qəmbərovu unutmaq olmur. Özü ağır yaralı idi. Ondan başqa da çoxlu yaralı vardı. İnanırsınız, ona yaxınlaşan həkimlərin heç birini yaxına buraxmadı ki, birinci əsgərləri xilas edin, onlara baxın, kömək edin. Ən sonda, hamıya yardım göstərildikdən sonra onu əməliyyat elədilər. Amma gec idi, çox təəssüf ki... ”
Hospitalda birgə çalışdıqları qadınlara diqqət çəkirik.
“Əlbəttə ki, xanım işçilərimiz çox cəsarətli idilər. O cür ağır döyüş şəraitində oğullarımızla birgə şəhərdə qalıb yaralılara tbbi xidmət göstərmək, onları ölümün pəncəsindən qurtara bilməyin necə bir qəhrəmanlıq olduğunu təsəvvür etmək, məncə, o qədər də çətin olmalı deyil... Dayanmadan işləyirdilər. Qorxmadan-çəkinmədən, o qədər artilleriya atəşinin altında qızlarımız şücaət göstərirdilər. Döyüş meydanından yaralı çıxarırdılar...”
İlk hərbi rütbə, Laçına köçən səhra hospitalı, geri qaytarılan canlı qüvvə
İlk hərbi rütbəni 1992-ci ilin aprelində alır. Şuşanın süqutuna çox az vaxt qalırdı. Amma heç kim inanmazdı ki, şəhərə erməni girə bilər.
O, hospitalda artıq leytenant rütbəsində hərbi həkim kimi çalışırdı. Şuşanın süqutundan sonra hospital Laçın ərazisinə köçürülür. Amma burada onlar kimə tabe olduqlarını, harada xidmət edəcəklərini bilmirdilər. Bütün tibbi heyət yerində idi. Laçında ağır döyüşlər gedirdi. Kollektiv heç bir əmr-tapşırıq gözləmədən yaralılara tibbi yardım edirdi. Cəmi bir neçə gündən sonra onlara Laçında qalmağın mənasız olduğunu deyib Horadizə getmək barədə göstəriş verirlər. Ora gedəndən sonra Şuşa hospitalının kollektivinə deyilir ki, ərazidə gedən döyüşlərə kömək məqsədilə helikopterlərlə batalyonlar gətirilir. Qalıb onlara xidmət göstərmək lazımdır. Bir neçə gün orada gözləyən həkim kollektivə nə yaralı, nə xəstə adı ilə müraciət edən olmur. Sonra Bakıya qayıtmaq haqda əmr alırlar.

Onda məlum olur ki, kömək üçün gətirilən canlı qüvvə hansısa səbəbdən geri qaytarılıb.
Bakıya dönən kollektiv oradan birbaşa tam heyətlə Ağdərəyə göndərilir. Amma hələ ki, Laçında, Qubadlıda, Füzulidə ağır döyüşlər gedirdi...
Evə edilməyən zəng, poçtda işləyən xilaskar qadın
Laçında olduqları gün kollektiv harada yerləşdikləri barədə doğmalarına, ailələrinə heç cür məlumat verə bilmirdi. Bir neçə həkim özləri barədə yaxınlarına xəbər vermək üçün Laçın şəhərindəki poçt binasına gedir. Ancaq poçtun qadın əməkdaşı gün ərzində yüzlərlə belə “müştəri” qəbul etdiyindən cana yığılıbmış. O, əsəbi halda Şuşa hospitalının həkimlərini çölə qovur və başqa vaxt gəlmələrini deyir. Kor-peşiman poçtdan çıxan həkimlər binadan 20-30 metr aralananda erməni tərəfdən atılan top mərmisi həmin tikiliyə düşür. Poçt yerlə-yeksan olur. Telefonçu qadından isə səs-soraq çıxmır. O həlak olmuşdu partlayışdan.
Qadının əsəbi davranışı neçə adamı ölümdən beləcə xilas edir.
İtirilən dostlar, ürək ağrısına çevrilən ümid
Qulam həkim itirdikləri silahdaşları-həmkarları haqqında da ürəkağrısı ilə danışır. Deyir ki, kollektivdə çox böyük mehribanlıq, etimad, etibar vardı. Həkim yoldaşlarından bir neçəsi müxtəlif vaxtlarda dünyadan köçüb.
Həmkarları Nizami Quliyevin vəfatı onlar üçün ağır itki sayılır. Sonralar bu dost, silahdaş, həmkar itksinin sayı çoxalır. Kollektiv müharibədə çiyin-çiyinə çalışdığı bir neçə həkim və tibb işçisini itirir: “Bizi ən çox ağrıdan o oldu ki, 1992 ci ildə elə zənn edirdik ki,Şuşaya qayıdacağıq. İtkilərimizə, həyatımızda baş verənlərə, hər gün daha da çoxalan pis xəbərlərə rəğmən, şəhərə qayıdacağımıza ümidliydik. Lakin, məlum məsələlər... ordunun səbəbi bilinmədən geri çəkilməsi... bütün bunlar hamısı bizə ağır gəlirdi. Biz Şuşadan Laçına, oradan Horadizə, Horadizdən Bakıya, Bakıdan Ağdrəyə, Ağdərədən Tərtərə köçə-köçə uzun bir xidmət yolu keçdik. Hətta Tərtərdə olanda da bir silahlı qrup gəldi ki, hospitalı tərk edib rayondan çıxmalısınız. Tərtəri ermənilər alacaq, az qalıb. Amma nə yaxşı ki, əzmimizi qırıb Tərtərə girə bilmədi ermənilər”.
Mülki həyatda yer tapmayan hərbi həkimlər, sonadək mübarizə aparmağı öyrədən müharibə
Müharibənin ondan nəyi alıb, əvəzində nəyi verdiyini soruşuruq. Üzündəki ifadə dəyişir... Cizgilərindən görünür ki, bir anın içində illərin xatirələrini hamısını gözü önünə gətirdi: “Müharibə insanlardan çox şeyi alır. Bizdən Şuşamızı aldı. Əzizlərimizi aldı...Sağlamlığımızı, cavanlığımızı aldı əlimizdən... Biz tərxis ounub mülki həyata gəldikdən sonra daha çox çətinlik çəkdik. Əsasən, işsiz qalmağımız... Düzdür, bir neçə kollektivdə işləməyə çalışdıq. Amma alınmadı... Nə qədər dostlarımızı aldı bizdən müharibə. Doğma yer-yurdumuzdan olduq... Yaxşı heç nə vermədi... Heç nə...
Amma müharibə insana dərs verir. Şəxsən mənim dünyaya baxışım dəyişdi, müdrikləşdirdi biz yaş nəslini. Müharibə bizə sonadək mübarizə aparmağı öyrətdi. Dar günümüzdə bizə paylaşmağı, bir-birimizə dəstək olmağı öyrətdi” - deyir.
Müharibənin gülməli günləri, gecikdiyinə görə əli öpülən həkim
Nə qədər qəribə səslənsə də, müharibənin ağrı-acılı anları ilə bərabər yadda qalan gülməli hadisələri də olur: “Tərtər-Ağdərə istiqamətində xidmət edəndə, hospitalın kollektivi də növbə ilə döyüş mövqelərinə gedir, keşik çəkirdi.
Biz adətən, hava qaralanda tibb məntəqələrindən bir az aralıda dayanıb gözləyirdik. Bilirdik ki, düşmən tibb məntəqəsini tez-tez vurmağa çalışır... Kəşfiyyat qruplarının da ilk hədəfi çox vaxt həkimlər olurdu. Qıraqda növbə ilə əlimizdə avtomat gözləyirdik. Bir dəfə, xidmət apardığımız yerə yaxın bir təpənin o biri tərəfinə keçməli idik. Zakir həkim vardı, onu gözləməli olduq. Xeyli gecikmişdi. Hamımız da əsəbləşmişdik ki, həkim niyə vaxtında gəlmir?! Zakir həkim gəlib bizə çatdı. Təpəyə tərəf iki-üç addım atmışdıq ki, gedəcəyimiz yer ermənilər tərəfindən minaatanla vuruldu. İndi hamımız dönüb Zakir həkimin əllərindən öpürük ki, nə yaxşı ki, gecikmisən...
Tükənməyən maddi təchizat, fəxr yeri olan gənc hərbi həkimlər
Qulam Rzayev deyir ki, dərman təchizatı hər zaman yetəri qədər olurdu. “Demək olar ki, 25 il hərbi tibb sahəsində fəaliyyət göstərmişəm. Həmişə dərman təchizatı vaxtlı-vaxtında gəlib, lazım olandan artıq gətirilib. Heç vaxt çatışmazlıq olmayıb, ya da gecikməyib. Hətta, yardım məqsədilə digər ərazilərdən Şuşaya dərman gətirilirdi. Rusiyadan da uşaqlar ləvazimatlar göndərirdilər. Bəzən elə olurdu ki, yolda itməsin, kimsə dəyib-toxunmasın deyə, özləri gətirib Şuşada hospitala təhvil verirdilər”.

Qulam Rzayev deyir ki, atəşkəs dövründə hərbi tibbin səviyyəsi çox yüksəldildi. Artıq hərbi hospitalların çoxu səhra şəraitindən kazarma şəraitinə keçdi: “Doğrudur, müharibə o vaxt yaxşı kadrlar, savadlı həkimlər yetişdirdi. Amma təəssüf ki, həmin dövrlərdə ixtisasca hərbi həkimlərimiz tamamilə yox səviyyəsində idi. İndi isə gənclərimiz hətta xarici ölkələrdə hərbi həkimlik üzrə oxumağa göndərilir, bu sahədə yaxşı kadrlar yetişdirilir, orduda xidmətə cəlb olunurlar.
Arzu edilən müharibə, təpədən-dırnağa Vətən olan adamlar
- Əgər müharibə başlasa? - Sualı gözümdən oxuyur sanki.
Gedərəm... Əlbəttə gedərəm. Qarşımızda böyük bir məsuliyyət var. Biz doğma torpaqlarımızı geri almalıyıq düşməndən. Müharibə mütləq olmalıdır. Həm də, indi o vaxtlar deyil... Müharibə illərinidə adi laborantımız yox idi. Tək buna görə nə qədər çətinlik çəkirdik. Lazım olan qan qrupunu tapmaq belə müşkül idi. İki-üç nəfər bir anda neçə-neçə yaralıya qan köçürürdü, sarğısını dəyişirdi, xidmət göstərirdi. Elə olurdu ki, bir otaqda 5-6 cərrahiyyə sotulu qurulurdu, o qədər adamı iki cərrah əməliyyat edirdi.
Şuşa, işğal altındakı yerlərimiz bizi gözləyir. Bədənimizin hər hüceyrəsi, ümumiyyətlə, ruhumuz, varlığımız Vətəndir. İndi arada dostlarla görüşürük. Lakin torpaq həsrətini, Vətən yanğısını heç nə söndürə bilmir. Nə yaşadıqsa, Şuşada yaşadıq...
Qulam Rzayev iki övlad atasıdır-bir qız, bir oğlan. Oğlu universitet tələbəsidir. Qızı isə ali məktəbə hazırlaşır. Heç biri həkim olmaq istəməyib.
Deyir ki, özü onlardan, heç olmaya, birinin həkim olmasını istəsə də, övladlarının iradəsinə qarşı çıxmayıb. Amma oğlu, sonradan atasına etiraf edib ki, həkim olmağı seçsəymiş, daha yaxşı olardı...
Teymur Zahidoğlu
Xüsusi olaraq
Ordu.az üçün