Abşeronlu gənclər hərbi xidmətə həvəslə gedirlər - FOTOLAR

2019/07/fe6ba-4685967825.jpg
Oxunub: 26890     17:12     01 İyul 2019    
Vətənə xidmət etmək, onun keşiyində durmaq ölkənin hər bir vətəndaşının müqəddəs borcudur.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Ordu.az-a verilən məlumata görə, ölkə vətəndaşları, xüsusilə də gənclər bu borcu şərəf və ləyaqətlə yerinə yetirməyə hər an hazır olmalıdırlar. Çox sevindiricidir ki, indi gənclər Vətən qarşısındakı müqəddəs borclarını yerinə yetirmək üçün ordu sıralarına böyük ruh yüksəkliyi və həvəslə gedirlər. Abşeronda da gənclərin həqiqi hərbi xidmətə çağırışı başlayıb. Tədbir iştirakçıları öncə umummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Sonra valideynlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə Dövlət himni səsləndirilib.


Tədbiri giriş sözü ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik-leytenant Hüseyn Quliyev açaraq ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən danışıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ordumuzun inkişafına daim qayğı göstərməsi, onun daha da qüdrətli olması üçün bütün tədbirlərin həyata keçirilməsi sayəsində güclü Silahlı Qüvvələrimiz daha da təkmilləşir. Bu gün ordumuzun qarşısında çox mühüm vəzifələr durur. Əsas vəzifə torpaqlarımızın düşmən əsarətindən azad edilməsidir.

Vurğulanıb ki, ordu dövlətin ən mühüm atributlarından biridir. Bu gün hərbi xidmətə yola salınan gənclər xoşbəxtdirlər ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bir orduda xidmət edəcəklər. Məhz Ümummilli Liderin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanda ordu quruculuğu sahəsində çox böyük dəyişikliklər baş verib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində hazırda Silahlı Qüvvələrimiz regionun ən güclü və qüdrətli ordusuna çevrilib.


Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov qeyd edib ki, müstəqil Azərbaycanın Silahlı Qüvvələrində xidmət etmək müqəddəs və məsuliyyətli vəzifədir. O, gənclərə şərəflə xidmət etməyi, Vətənin keşiyində möhkəm dayanmağı tövsiyə edib.

Çağırışçı Elçin Mehdizadə bildirib ki, böyüdüyüm ailədə də, oxuduğum orta və məzunu olduğum ali məktəbdə də valideynlərimdən və müəllimlərimdən aldığım öyüd-nəsihətin əsas qayəsində vətəni sevməklə bərabər, ona layiqli oğul olmaq istəyi durur. Sevinirəm ki, o gün gəlib çatıb. Bu gün ordu sıralarında xidmət etməyə gedirik. Hamımız üzərimizə düşən məsuliyyəti yaxşı bilirik. Onu da bilirik ki, torpaqlarımızın böyük bir hissəsi işğal altındadır. Müstəqil ölkənin əsgəri olmaqdan böyük xoşbəxtlik ola bilməz.


Oğlunu böyük qürur hissi ilə hərbi xidmətə yola salan valideyn Teymur Mehdiyev bildirib ki, biz Vətənimizi yağılardan qorumağa, işğal altında olan torpaqlarımızı azad etməyə hər an hazırıq.

Sonra çağırışçı gənclər Azərbaycan bayrağını öpərək ordu sıralarına yola düşüblər.






Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çağırışçı   SHXÇDX  


Bizi "telegram"da izləyin