Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən
Ordu.az-a verilən məlumata görə, kinoloji yarışlara Dövlət Sərhəd Xidmətinin Xidməti Heyvanlar Təlimatçılarının Hazırlığı mərkəzinin, Sərhəd Qoşunlarının hərbi hissələrinin, Sərhəd Nəzarətinin sərhəd nəzarəti məntəqələrinin kinoloq-mütəxəssisləri cəlb olunub.
Kinoloji yarışlar üç müxtəlif istiqamətdə - narkotik vasitələrin axtarışı, partlayıcı maddələrin axtarışı və iz axtarışı üzrə keçirilib. Yarışların kecirilməsində məqsəd xidməti it təlimatçıları və bələdçilərinin peşəkar hazırlığını inkişaf etdirmək, dövlət sərhədinin mühafizəsində xidməti itlərlə sərhəd pozucularının axtarışı və yaxalanması, sərhəd nəzarəti məntəqələrində narkotik vasitələrin, partlayıcı maddələrin axtarışı, döyüş bölgələrində mina axtarışı imkanlarını genişləndirmək, həmçinin ən yaxşı praktiki vərdişlərə malik kinoloq-mütəxəssisləri və yüksək iş qabiliyyəti olan xidməti itləri müəyyən etmək olub.
Yarışlarda xüsusi təlim keçmiş xidməti itlərlə nəqliyyat vasitələrində, əl cantalarında, otaqlarda narkotik vasitələrin axtarışı, sərhəd pozucusunun izlərlə təqib olunaraq yaxalanması, həmcinin ərazidə basdırılmış mina və digər partlayıcı maddələrin axtarışı və tapılması üzrə tapşırıqlar yerinə yetirilib.
Azərbaycan sərhəd mühafizəsinin 100 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində təşkil edilmiş kinoloji yarışların qalibi olmuş hərbi qulluqçular təltifləndirilib, qaliblərə kubok, diplom, «Xidmətdə fərqlənmiş sərhədçi» döş nişanı və pul mükafatları təqdim olunub.
Yarışın yekununa həsr olunmuş tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra sərhədçi kinoloq-mütəxəssislər tərəfindən xidməti itlərlə nümunəvi çıxışlar nümayış etdirilib.
Ordu.az