CNN: Karakasda zəlzələ nəticəsində dağılan binaların altından 23 nəfər xilas edilib

2026/06/1782392199.jpg
Oxunub: 165     16:46     25 İyun 2026    
Karakasın Çakao rayonunda xilasedicilər zəlzələ nəticəsində dağılmış binaların dağıntıları altından 23 nəfəri çıxarmağa müvəffəq olublar.

Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı rayon rəhbəri Qustavo Dukenə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, xilas edilən 23 nəfərin hamısı artıq təhlükəsiz əraziyə köçürülüb.

“Xoşbəxtlikdən, səslər eşidirik. Bu o deməkdir ki, insanlar sağdır və biz onları xilas edəcəyik. Xilas edilə biləcək sonuncu insana kömək etməyincə buranı tərk etməyəcəyik. İnanıram ki, Tanrının köməyi ilə buna nail olacağıq”, - deyə telekanal merin sözlərindən sitat gətirib.

Qustavo Duke əlavə edib ki, xilas edilən şəxslərə artıq zəruri tibbi yardım göstərilir.

Xatırladaq ki, Venesuelada zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə fasilə ilə 7,2 və 7,5 bal gücündə iki yeraltı təkan qeydə alınıb. Zəlzələlərin episentri Venesuelanın Yarakuy ştatında, bir-birindən 10 kilometr məsafədə yerləşib.

Ölkənin vitse-prezidenti Delsi Rodrigesin sözlərinə görə, hadisə nəticəsində azı 32 nəfər həlak olub, 700 nəfər isə yaralanıb. Onlarla bina tamamilə dağılıb.

Venesuela hakimiyyəti ölkədə fövqəladə vəziyyət elan edib, sahilyanı La Quayra ştatı isə hökumətin qərarı ilə fəlakət zonası elan olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Karakas   Zəlzələ  


Bizi "telegram"da izləyin