"Özümü zabit və əsgərlərimizin sırasında görmək istəyirdim" - Çavuş Gülgün Məmmədova

2019/03/d9a74-1552038142.jpg
Oxunub: 6674     17:41     08 Mart 2019    
Tofiq Bayramın "Qadın ürəyi" şeirini xatırlayıram. Bu ürək sevgi beşiyidir, bu ürək Vətən üçün yaşayanların öyüd ünvanıdır, bu ürək dünyanın gözəlliklərini yaşadan, bu gözəlliklərə xor baxanlarla mübarizə aparanların uğur yolunu nurlandırır, ilkin yazda həzin-həzin əsən meh də, gül ləçəklərlə dan yerinin qızartısını puçur-puçur alışan şeh də, yaz yağışından sonra gömgöy göy üzünə yayılan qövsi-qüzeh də bu ürəyə, bu ürəyin duyumuna, qıyımına borcludu...

Neçə on illər əvvəl bir mahnı dinləyərdik, düşünə-düşünə dinləyərdik - "Ananın səsi". Davadan söz düşəndə odlanan ana ürəyinin harayıydı o mahnı. Bəşəri sülhə çağırırdı. "Tökülən, axıdılan qanlar bəs deyilmi?" - sorğusuyla dinlənilirdi. Bəşərilik var bu mahnıda. Bu mahnını yazanlar - şair də, bəstəkar da azərbaycanlıdır. Deməli, bu dəyərli bəstə Azərbaycanın səsidir. Bəşərilik naminə harayı Vətənimizin harayı olan qadınların bayramıdı 8 mart. Beynəlxalq bayramdı. Görəsən, tökülən qanlara görə haray çəkən anaların səsini qan tökənlərin anaları eşidirmi? Eşitməyinə eşidir, bəs nə deyir qana həris oğluna?!

Gülgün Məmmədova hərbi qulluqçudur. O da bəşəri duyğularla yaşayır. O da hamımız kimi müharibənin qurtarması gününün intizarındadı. “Özümü müharibə aparanların, zabit və əsgərlərimizin sırasında görmək istəyirdim. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edə biləcəyimi öyrənəndə, səmimiliyimə inanın, sinəm ürəyimə darlıq etdi. Nə gizlədim, iki damla yaş üzümdə közə döndü. İndi hərbi xidmətdəyəm. Rabitəçiyəm. İnanıram ki, 2016-cı ilin aprelində Böyük Qələbə qazanan Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edəcəkdir.”

Çavuş Gülgün Məmmədova iki övlad anasıdır. "Biz anaların hər birinin övladlarının sayı əsgərlərimizin sayı qədərdi...", - çavuş Gülgün Məmmədova belə dedi. Onu 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edəndə "Diqqətinizə görə təşəkkür edirəm", - deyib gülümsündü. "Mən də öz növbəmdə ordumuzda xidmət edən bütün qadınları təbrik edirəm. Onlara Böyük Qələbənin sevincini böyük qürurla yaşamağı arzulayıram...".

Görüşəndə "Ananın səsi" mahnısını xatırlamışdıq. "Dünya xocalılı anaların səsini eşitmədi, eşitsəydi, bu faciəni törədənlər cəzalandırılardı..." - gileyi də ana tələbidi. Torpaqları işğal edilmiş ananın, soydaşları öldürülmüş ananın, Ali Baş Komandanın döyüş əmrini gözləyənləri özünə oğul bilən ananın...

Bayramınız mübarək, çavuş Məmmədova!..

Rəşid Hüseynov, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 8-Mart  


Bizi "telegram"da izləyin