Əsgər yeməkxanasında söhbətləşərkən baş aşpaz Diləfruz Tahirova bildirdi ki, 8 Mart Beynəlxalq Qadınlar Günü mənim üçün ən gözəl bayramlardan biridir.
"Çünki qadın müqəddəs ana adının daşıyıcısı, ülvilik məbədidir, ucalıq rəmzidir. Mənə elə gəlir ki, hərbi hissələrimizdə xidmət edənlərin sayı qədər oğlum var. Bu bayramı bu qədər oğulun mənəvi anası olaraq qeyd etmək, onların təbrikini eşitmək qürurvericidir. Sevinirəm ki, əsgər övladlarımın sevgisini qazana bilmişəm. Oğullarımın hər yemək yeyəndən sonra "Əlləriniz var olsun, çox dadlı idi" kəlməsi mənim üçün ən dəyərli hədiyyədi. Bu əziz gündə mənim ən böyük arzum torpaqlarımızın işğaldan azad olunmasıdır, Vətənimizin səmasını aydın görməkdir. Kaş ki, xalqımız sonsuzadək xoşbəxt və firavan yaşasın".
Diləfruz xanım uşaqlıqdan milli xörəklərimizi çox sevib. Plovu xususilə xoşlayıb. Hər dəfə anası plov bişirərkən diqqətlə onu izləyər, bir gün bu ləzzətli təamı hazırlayıb sevdikləri ilə bölüşməyin xəyalını qurardı. Allah həyata keçirməyəcəyi arzunun xəyalını qurdurmazmış. Özünü bütün əsgərlərimizin mənəvi anası bilən Diləfruz xanım biri-birindən dadlı, ləzzətli xörəklər hazırlayır. Aşpaz xanım bu gün də əsgər balalarına plov hazırlayarkən zəfəran ətirli uşaqlığını xatırlayır. Vətənimizin keşiyini çəkənlərin qayğısına qalmağı özünə fəxr bilir.
Günay Tağıyeva, "Azərbaycan Ordusu"
Ordu.az