"Ömrümün on səkkiz ilini kursantların təhsilinə sərf etmişəm"

2019/03/1c12c-1552037526.jpg
Oxunub: 16971     16:30     08 Mart 2019    
On səkkiz ildən çoxdur ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə fizika müəllimi işləyən Nərgiz Məmmədova da yaxşı əməlinə, zəngin təcrübəsinə görə minnətdarlıq qazanan insanlardandır. Bu illər ərzində yüzlərlə, minlərlə kursanta dərs deyən, bilik öyrədən Nərgiz xanım bu gün yenə də fəaliyyətini eyni şövqlə, eyni ovqatla davam etdirir. Gələcəyimizin zabitlərinə elm öyrədir, sabahkı günlərdə inamlı addımlar atmaq üçün onlara düzgün yol göstərir, vaxtında dəyərli məsləhət və tövsiyələr verir.

Söhbətimiz zamanı öyrəndim ki, Nərgiz Məmmədova ölkəmizin dilbər guşəsi olan Qəbələ rayonunun Vəndam kəndində dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinə üz tutub. 1988-ci ildə bu təhsil ocağını bitirdikdən sonra C.Naxçıvanski adına Hərbi Liseydə müəllim kimi fəaliyyətə başlayıb.

- İllər sanki tez ötüb keçdi, - deyə Nərgiz Məmmədova sözə başladı. - Sanki ilk dəfə əlimə jurnal alıb sinfin qapısını açdığım gün dünən olmuşdu. Bu illər ərzində neçə-neçə kursanta dərs demişəm, fizikanın sirlərini öyrətmişəm. Hər dəfə kursantlara, gələcəyimizin zabitlərinə dərs deyəndə qürur hissi keçirirəm. Fəxr edirəm ki, ordumuzun gələcək zabitlərinin hazırlanmasında az da olsa mən də bir iş görürəm. Ən müasir tədris metodlarını tətbiq edərək çalışıram ki, fizikanın sirlərini onlara sevdirə-sevdirə öyrədim. Ömrümün on səkkiz ilini müəllimlik peşəsinə, kursantlara bilikləri öyrətməyə sərf etmişəm. Mən kursantlarımıza təkcə elmi deyil, həm də həyatı, gələcəyi də öyrətməyə çalışıram. Çünki həyatla elm qoşa qanaddır, bir-birini tamamlayır. Kursantlar bunların ikisini də eyni vaxtda öyrənsələr, gələcəklərini daha tez və asan quracaqlar. Bu gün qarşımızda dayanan əsas vəzifə ordumuz üçün bilikli, savadlı və vətənpərvər zabitlər hazırlamaqdır.

Nərgiz Məmmədova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan qadınlarını da təbrik etdi.

"Azərbaycan qadınının ictimai-siyasi həyatdakı tutduğu mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq qadınların bərabər hüquqlarını və imkanlarını təmin etməyə yönəlib. Bu siyasət daimi və dönməz səciyyə daşımaqla bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcək. Bu əziz bayram münasibətilə bütün qadınlarımızı milli maraqlarımızın müdafiəsinə, dövlətçiliyimizin möhkəmləndirilməsinə və xüsusən, Azərbaycan qadınının mənəvi yüksəlişinə xidmət edən yorulmaz fəaliyyətlərində davamlı uğurlar arzusu ilə təbrik edirəm".

Nərgiz xanım Azərbaycan Ordusunda aparılan islahatlardan, ordumuzun inkişafından, daim artan güc və qüdrətindən böyük sevgi ilə danışdı. "Fəxr edirəm ki, oğlum Pərviz Məmmədzadə də belə güclü və qüdrətli bir ordunun əsgəri olub".

Nərgiz Məmmədovadan xoş təəssüratlarla ayrıldıq. Bir daha sevindik ki, kursantlarımıza - gələcəyimzin zabitlərinə onun kimi savadlı, bilikli və vətənpərvər müəllimlər dərs deyir, elm öyrədir. Müəllimləri bilikli, savadlı olan kursantlarımızı təbiidir ki, gələcəkdə böyük uğurlar gözləyir. Elm, bilik isə uğurlara yol açan qaranlıqları aydınlaşdıran gur işıqdır.

Vahid Məhərrəmov, C.Naxçıvanski adına Hərbi Lisey
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Naxçıvanski  


Bizi "telegram"da izləyin