"Hərbi forma daşımaq kişilərimiz kimi bizim üçün də qürurludur" - Kiçik çavuş Cəvahil Qazaxova

2019/03/7f714-4656110913.jpg
Oxunub: 6541     15:12     08 Mart 2019    
Həyatımızın bütün sahələrində əvəzsiz rolu olan qadınlarımız böyük hörmət və ehtirama layiqdirlər. Onlar təhsil, elm, mədəniyyət və incəsənət sahələrində böyük uğurlara imza atırlar. Elə bir sahə yoxdur ki, orada qadınlarımızın zəhməti hiss olunmasın. Tarix boyu Vətənimizin çətin və ağır günlərində də qadınlar kişilərlə yanaşı, çiyin-çiyinə çalışmışlar.

Azərbaycan Ordusunda da qadın hərbi qulluqçularımız, mülki vəzifələrdə çalışanlar Vətənə layiqli xidmətləri ilə seçilirlər. Bizimlə birgə xidmət edən qadınlar zərif çiyinlərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gəlirlər. 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində "N" hərbi hissəsində onların bir qrupu ilə görüşüb söhbət etdik, ürək sözlərini dinlədik.

Ordumuzun bütün bölmələrində uğurlu xidmətləri ilə yadda qalan qadınların döyüş vəziyyətində də əməyi az olmayıb. Belə fədakar qadın hərbi qulluqçularımızdan tibb bacılarını misal göstərmək olar ki, onlar müharibə şəraitində kişilərlə yanaşı barıt qoxulu səngərlərdə olur, hər bir döyüşçünün yaddaşında ağ xalatlı xilaskar kimi qalır. Uzağa getməyək, aprel döyüşləri bunun sübutudur. Tibb işçilərimiz, xüsusilə qadın qulluqçularımız istər səngərlərdə, istərsə də səhra hospitallarında vəzifələrini layiqincə yerinə yetirirdilər. Zərif xanımlarımıız, ağ xalatlı cəngavər idilər sanki. İncə ruhlarına cəsarət hakim olmuşdu, odun-alovun içinə atılır, yaralı aslanlarımızı təxliyə etmək, ilkin tibbi yardım göstərmək üçün qorxmadan çalışırdılar. Onların bir çoxu bu gün də hərbi tibb müəssisələrində xidmət edərək vətəndaşlıq borcunun məsuliyyətini dərk edirlər.

İlk həmsöhbətim kiçik çavuş Cəvahil Qazaxovadır. Cərrahiyyə şöbəsinin baş tibb bacısı vəzifəsində xidmət edən hərbi qulluqçumuzla görüşümüz iş prosesinə təsadüf etdi. Sarğı otağında əsgərin ayağına sarğı qoyurdu. Onun nəzakətlə, qayğıyla və gülərüzlə xidmət etməsinin şahidi oluruq. Hiss olunur ki, işinə sevgi ilə yanaşır. Beş ilə yaxındır ordu sıralarında şərəfli xidmət yolu keçdiyini bildirən Cəvahil bayram münasibətilə təbrik sözlərini də dilə gətirir: "Hərbi forma daşımaq kişilərimiz kimi bizim üçün də qürurludur. Şərəfli peşə sahiblərindən olduğum üçün sevincliyəm. Biz tarix boyu igidlərimizin qəhrəmanlığı ilə öyünmüşük, bu gün şanlı ordumuzda, mərd oğullarımızla bir sırada Vətənə xidmət etməkdən qürur hissi keçiririk. Mən də öz adımdan bütün xanımları təbrik edirəm. Hər yaşlarında sevgi, hörmət və qayğı ilə əhatə olunsunlar, daim sevib-sevilsinlər".

Biz də öz növbəmizdə Cəvahil xanımı təbrik edib, şərəfli işində uğurlar arzulayır, xoş təəssüratla ayrılırıq.


Növbəti həmsöhbətimizlə müayinə otağında görüşürük. Kiçik çavuş Rəna Əliyeva da öz fəallığı ilə seçilən, vəzifələrinin öhdəsindən bacarıqla gələn qadın hərbi qulluqçularımızdandır. Seçdiyi peşə ilə o da qürurlanır. Əsgərlərimizin sağlamlığının keşiyində dayanmağı müqəddəs iş bilir. "Əsgər balalarımız torpaqlarımızı qoruyurlar, xalqımız firavan, düşmən təhlükəsi olmadan rahat yaşasın deyə gecə-gündüz Vətənin müdafiəsində dayanırlar. Onların sağlamlığının qeydinə qalmaq, əsgərlərimizi mövsümlə əlaqəli yoluxucu xəstəliklərdən qorumaq kimi vacib iş bizim üzərimizə düşür. Bu işdən hər birimiz fərəhlənir, vəzifələrimizin öhdəsindən uğurla gəlirik. Onları öz övladlarımızdan ayırmır, daim qayğı ilə yanaşırıq. Bayram münasibətilə hər birinin analarını, bacılarını, yoldaşlarını səmimi qəlbdən təbrik edirəm. Bütün xanımlara əsl qadın xoşbəxtliyi arzulayıram. Hər zaman gözəl, təravətli, sevgi dolu olmalarını diləyirəm. Üzlərindən gülüş, qəlblərindən məhəbbət əskik olmasın. Mən istər ailədə, istərsə də iş kollektivində olan kişilərimizə minnətdarlıq bildirmək istəyirəm ki, biz qadınlara daim diqqət göstərir, qayğı ilə yanaşırlar. Bu cəhətdən Azərbaycan qadını şanslı və xoşbəxtdir ki, ona hər an dəyər verildiyini hiss edir. Cəmiyyətimizdə qadına, anaya, bacıya olan rəğbət bizləri hər zaman sevindirir, könül xoşluğu aşılayır. Xanımlara belə yüksək hörmət qoyulan bir ölkənin vətəndaşı olan hər bir qadın üçün təkcə 8 mart yox, elə hər gün bayramdır", - deyə kiçik çavuş Rəna Əliyeva bildirdi.


- İyirmi dörd ildir hərbi tibb sahəsində çalışıram, - deyən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Afət Yusifova şərəfli ömür xatirələrini bölüşdü. “Bilirsiniz, müharibə başlayanda ordumuz yeni yaranırdı, cəbhə bölgələrində yaralılara tibbi xidmət göstərmək üçün qadınlara böyük ehtiyac vardı. Vətən torpaqlarının keşiyində dayanıb, mənfur düşmənlərlə döyüşən mərd oğullarımıza köməklik etməyi özümə mənəvi borc bilib ordu sıralarına qatıldım. Hər zaman çalışıram ki, döyüşçü qardaşlarıma lazımi tibbi yardım göstərə bilim. Hər döyüşçünün sarğısını dəyişərkən orduya bağlılığım daha da artır. Əsgərlərimizlə çiyin-çiyinə Vətənimizə xidmət etməyimlə qürur duyuram. Qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ana və bacılarımızı təbrik edirəm. Azərbaycanda qadına həmişə xüsusi münasibət, xüsusi hörmət olub. Bu gün bizim günümüzdü. Əziz, mehriban xanımlarımızı, başda analarımız olmaqla, hər birini təbrik edirəm. Tanrıdan onlara diləyim uzun ömür, cansağlığıdır. Daima üzlərindən təbəssüm əskik olmasın. Yaşadıqları hər gün xoşbəxt olsunlar. Çünki hər bir Azərbaycan xanımı buna layiqdir.”


Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Küşvər Səmədova beş ildən artıqdır ki, düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində operator vəzifəsində xidmət edir. Küşvər xanım ürəyindəki sevgiylə bu sahəyə üz tutub. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kurs keçərək forma geyinmək arzusuna çatıb. O bildirdi ki, son illər orduda qadınların xidmətə başlamasına şərait yaradılması hərbçi sənətini sevən, bu sahədə xidmət etmək arzusunda olan qadınları çox sevindirdi. "Bu imkan mənim kimi xidmət etmək istəyən xeyli qadını sevindirdi. Hərbi formanı əynimə geyindiyim sevincli günümü bütün sevdiklərimlə, dostlarımla paylaşdım. O anlarda keçirdiyin hissləri sözlə ifadə etmək mümkün deyil. Bunu anlamaq üçün gərək o hissləri yaşayasan. Doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə üzərimizə düşən vəzifəni şərəflə yerinə yetiririk. Torpaqlarımızın işğalda olması mənim də ürəyimi sızladır. Xidmətdə olduğum illər ərzində dövlətimizin orduya diqqət və qayğısının, ordumuzda aparılan uğurlu islahatların səmərəli nəticə verdiyinin şahidiyəm. Yaxın gələcəkdə ordumuzun bizləri qələbə xəbəri ilə müjdələyəcəyinə inanıram". Küşvər xanım 8 Mart Beynəlxalq Qadınlar Günündən danışaraq onu da bildirdi ki, müstəqil Azərbaycan dövlətçiliyinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı.

- Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Bu gün dövlət siyasətinin Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Qarşıdan gələn gözəl bayram münasibətilə bütün qadınlarımızı səmimi qəlbdən təbrik edir, onlara uzun ömür, cansağlığı arzulayıram. Azərbaycan qadını ən xoş sözlərə layiqdir!

Atalar yaxşı deyib, qadın gülərsə, dünya gülər. Arzu edirəm ki, heç zaman gülüş üzünüzdən əskik olmasın, əziz xanımlar!

Mahmud Möhbalıyev, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   Tibb-bacıları  


Bizi "telegram"da izləyin