Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə xidmət edən yüzlərlə qadın Vətən qarşısında vəzifə borclarını şərəflə yerinə yetirir. Onların hərbi xidmətə nümunəvi münasibəti təqdirəlayiqdir. Qadın hərbi qulluqçular, mülki vəzifələrdə işləyən qadınlar da torpaqlarımızın işğaldan azad ediləcəyi günün intizarındadırlar. Arzu edirik ki, gələn 8 Mart Beynəlxalq Qadınlar Günündə qəzetimizdə dərc edəcəyimiz məqalələri işğaldan azad edilən torpaqlarımızda xidmət edəcək əsgər və zabitlərimizin təbriki ilə tamamlayaq!
Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində olduğumuz zaman müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş əsgər Gülnarə İsmayılova ilə tanış olduq. Hərb sənətinə sonsuz sevgi ilə yanaşan qadın hərbi qulluqçu bildirdi ki, özünü dərk edəndən düşmənə nifrət edib və hər zaman hərbçi olmaq, Vətəninin müdafiəsində dayanmaq istəyib. Həmin istəyin nəticəsidir ki, artıq bir neçə ildir telefonçu vəzifəsində xidmət edir. Söhbət əsnasında G.İsmayılova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan xanımlarını təbrik etdi:
- Siz cəmiyyətin hər anında önəmli yer tutursunuz. Azərbaycan qadını olaraq hər zaman dünyaya nümunə olmusunuz. Ölkəmiz tarix boyunca uzun yollar keçmiş və zamanın tələblərindən asılı olaraq bir çox əlamətdar günlər təqvimimizdən silinmişdir. Lakin 8 mart heç zaman silinməyəcək şəkildə qalır. Çünki bu gün cəmiyyətimizin əziz parçası olan xanımlarımızın günüdür. Bu gün münasibətilə bütün Azərbaycan xanımlarını səmimi qəlbdən təbrik edirəm. Sizə hər zaman qayğı, gözəllik, zəriflik və təbəssüm arzu edirəm. Həyatınız hər zaman sevgi ilə dolu olsun.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Səbinə Məmmədova da düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində operator vəzifəsində xidmət edir. O da öz növbəsində bütün Azərbaycan xanımlarını qarşıdan gələn bayram münasibətilə səmimi qəlbdən təbrik etdi:
- Əziz xanımlarımız, analarımız və bacılarımız. Sizi, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Azərbaycan xanımı dünyanın ən gözəl nemətlərinə layiq olmağı haqq edən qadındır. Allah hər zaman sizləri sevindirsin. Hər birinizi öpüb, bağrıma basıram.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Aynurə Məstəliyeva da təbriklərə qoşularaq hər bir Azərbaycan xanımını bayram münasibətilə təbrik etdi, onlara işlərində müvəffəqiyyətlər, ailə səadəti və ən əsası cansağlığı arzu etdi. "Sürətlə maariflənən qadınlarımız yüzillərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Əziz xanımlarımız, arzu edirəm ki, qəlbinizdən sevinc, sevgi, səadət heç vaxt əskik olmasın".
Orxan Hüseynli, "Azərbaycan Ordusu"
Foto: Rəşad Əmrahov
Ordu.az