HVAVO: Ermənistan ordusundakı ölümlərlə bağlı şəffaflıq yoxdur

2019/03/Talis-1552029257.jpg
Oxunub: 13440     11:29     08 Mart 2019    
“Ermənistan Silahlı Qüvvələrindəki ölümlər barədə məlumatların verilməsində kifayət qədər şəffaflıq təmin edilməyib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Helsinki Vətəndaş Assambleyası Vanadzor Ofisi bəyanat yayıb.

Bəyanatda deyilir ki, martın 4-də erməni KİV-ləri 2019-cu ildə orduda baş verən ölüm hadisələri barədə məlumat yayaraq bildirib ki, iki ay ərzində Ermənistan SQ-də və işğal altında olan Qarabağ ərazisində qanunsuz dislokasiya olunmuş erməni ordusunun bölmələrində ölən hərbi qulluqçular barədə MN məlumat verməyib.

HVAVO tərəfindən hərbi qulluqçuların ölüm hadisələrinin manipulyasiya edilməsi barədə Ermənistan MN-in mətbuat xidmətinin və Baş Prokurorluğun açıqlamalarına münasibət bildirilib. Qeyd edilib ki, rəsmi qurumların bu cür münasibəti illərdir davam edir və təşkilat olaraq HVAVO daim buna qarşı mübarizə aparıb. Bu mübarizədən sonra rəsmi qurumlar baş verən ölüm hadisələrini iki qrupa - hərbi xidmətlə əlaqəli olan və olmayanlara bölərək həll etməklə kifayətlənib.

HVAVO hesab edir ki, hərbi xidmətdə olan hərbi qulluqçunun ölüm şəraitindən asılı olmayaraq, bunu hərbi xidmətlə əlaqəli olan və olmayan deyə qruplaşmaya bölmək olmaz. Əlavə edir ki, təşkilat tərəfindən hazırlanan hesabatlarda bu cür bölüşdürmə aparılmır.

Xatırladaq ki, HVAVO tərəfindən hazırlanan hesabatlarda elə ölüm hadisələri əks edilir ki, bu barədə hər hansı rəsmi mənbələr məlumat yaymayıb.

2016-cı ilin yekunlarına əsasən Ermənistan SQ-də və işğal edilmiş Qarabağ ərazisində qanunsuz dislokasiya olunan erməni ordusunun bölmələrində hərbi qulluqçular arasında 162 ölüm faktı (Aprel döyüşləri istisnadır-red.) qeydə alınıb. 2017-ci il yanvarın 16-da bu məlumat dərc edildikdən sonra təşkilatın əlavə araşdırmalarla hazırladığı hesabat statistikasına görə, əslində ölənlərin sayının çox olduğu və əlavə olaraq 13 hərbi qulluqçunun adları ortaya çıxarılıb. Bu 13 ölüm hadisəsi nə rəsmi mənbələrdə, nə də KİV-lərdə öz əksini tapmayıb.

2017-ci ilin yekunlarına əsasən isə ilkin məlumat olaraq Ermənistan SQ-də və işğal edilmiş Qarabağ ərazisində qanunsuz dislokasiya olunan erməni ordusunun bölmələrində hərbi qulluqçular arasında 59 ölüm faktı qeydə alınıb. Əlavə araşdırmalar nəticəsində isə daha 5 hərbi qulluqçunun ölüm faktı aşkarlanıb. Daha sonra prokurorluq öz açıqlamasında ölən daha 2 nəfər hərbi qulluqçunun adını vurğulayıb.

2018-ci ilin yekunlarına əsasən Ermənistan SQ-də və işğal edilmiş Qarabağ ərazisində qanunsuz dislokasiya olunan erməni ordusunun bölmələrində hərbi qulluqçular arasında 47 ölüm faktı qeydə alınıb. Əlavə araşdırmalar nəticəsində isə daha 16 hərbi qulluqçunun ölüm faktı aşkarlanıb.

Bununla da, təşkilat tərəfindən qeyd edilir ki, Ermənistan Silahlı Qüvvələrindəki ölümlər barədə məlumatların təqdim edilməsində kifayət qədər şəffaflıq təmin edilməyib. HVAVO tərəfindən ölüm hadisələrinin açıqlanması, ictimaiyyətin düzgün məlumatlandırılması üçün Ermənistan MN-ə, hərbi prokurluğa və istintaq orqanlarına çağırış edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan_Ordusu   Şəffaflıq  


Bizi "telegram"da izləyin