“Qarabağ münaqişəsi donmuş yox, daha təhlükəli vəziyyətə çevrilir” – Uorlik

2019/03/13a5d-1551435013.jpg
Oxunub: 13763     14:09     01 Mart 2019    
“Yaranmış vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni imkanlar açılır”.

Ordu.az xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri, hazırda rus hüquq şirkətinin əməkdaşı, səfir Ceyms Uorlik “Amerikanın Səsi”nə verdiyi müsahibəsində bildirib.

“Görünür, prezident Əliyev yeni imkanlar açıldığını qəbul edir. Əminəm ki, bu şəraitdə həmsədrlər iki dövlətin liderləri arasında rəsmi görüş təşkil etmək üçün çalışırlar”, - deyə o vurğulayıb.

Hazırda Vladimir Putinin Vaşinqtondakı dostu və sinif yoldaşı Nikolay Yeqorov tərəfindən qurulan Rusiyanın ən böyük “Yegorov Puginski, Afanasyev və həmkarları” hüquq şirkətini təmsil edən sabiq səfir Uorlik, Moskvanın Qarabağ münaqişəsinin nizamlanmasında maraqlı olmadığına dair fikirləri bölüşmədiyini diqqətə çatdırıb.

“Üç il boyunca həmsədr kimi işləyərkən, bunun heç bir sübutunu görmədim. Əksinə, mən Rusiya hökuməti ilə birlikdə işləyirdim və həll prosesinə maraq göstərdiklərini görürdüm. Deyim ki, Rusiyanın dünyada bir çox problemi var və onun sərhədləri yaxınlığında, ənənəvi dostları Ermənistan və Azərbaycan arasında münaqişənin gərginləşməsini istəməzdi”, - deyə o əlavə edib.

Daha öncə, ATƏT-dəki keçmiş amerikalı səfir Riçard Hoqland “Amerikanın Səsi”nə deyib ki, Rusiyada Dağlıq Qarabağ münaqişəsinin tam həllində maraqlı olmayan dairələr var, çünki münaqişənin həlli nəticəsində Kremlin İrəvan və Bakı üzərində mühüm təsir amilindən məhrum olacağı düşünülür.

Səfir Ceyms Uorlikin sözlərinə görə, zaman keçdikcə Qarabağ münaqişəsi donmuş yox, daha təhlükəli vəziyyətə çevrilir. O, münaqişənin həlli prinsiplərinin əsasən dəyişməz olaraq qaldığını və hamı tərəfindən yaxşı bilindiyini bildirib.

İndi bu prinsiplər “Lavrov layihəsi” ilə tanınmış sənədə daxildir, lakin səfir Uorlik bunu Sergey Lavrovun adı ilə bağlamamağa üstünlük verdiyini qeyd edib.

“Bu prinsiplər dövlət sirri deyil. Münaqişənin həlli planları illərdir müzakirə edilib və tərəflərdən ümumi cəsarətli addımlar atılmasını tələb edir”, - deyə Uorlik fikirlərinə yekun vurub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Uorlik  


Bizi "telegram"da izləyin