Təsadüfi deyil ki, çevrilişdən dərhal sonra Nikol Paşinyan Gürcüstana səfər etsə də, İrana səfər yalnız on aydan sonra baş tutur. Bu baxımdan, Ermənistanın İranla münasibətlərinin forma və məzmun baxımından uyğunluq probleminin olduğunu görürük.
Formal olaraq münasibətlər “yaxşı” təqdim edilsə də, bu münasibətlərin tənzimlənməsi üçün müqavilə bazası işləmir. Yəni, əlaqələrin məzmunu sənədlərdə yaxşı görsənsə də, real olaraq heç bir layihə işləmir. Faktiki olaraq, on illər boyu elan edilmiş erməni-İran iqtisadi əməkdaşlığı fəaliyyətsizdir. Bu günə qədər Ermənistana yalnız İrandan daxil olan qazla elektrik enerjisi istehsal etməyə və onu İran tərəfinə ötürməyə nail olmaq mümkün olub. Ermənistanın İranla başqa praktiki heç bir layihəsi yoxdur. İran qazının Ermənistan vasitəsilə tranzit olma ehtimalından danışdıqda, həmişə İran-Ermənistan dəmir yolu layihəsi önə çıxarılıb və s.
Yeri gəlmişkən, bu, Ermənistan parlamentindəki qalmaqaldan sonra Nikol Paşinyanın İrana ilk səfəridir. Xatırladaq ki, hakim partiyanın millət vəkili olan Hayk Koncoryan İranı avtoritar dövlət adlandırmışdı. Əlbəttə ki, Nikol Paşinyan İran tərəfi ilə hadisəni şəxsən həll etmək üçün yol tapmalı olacaq.
Hələlik qeyri-rəsmi məlumatlara görə, İrana səfərindən bir qədər sonra Nikol Paşinyan Brüsselə gedəcək, burada Aİ-nin yüksək vəzifəli şəxsləri ilə görüşəcək. Maraqlıdır ki, o, Almaniyaya səfərindən sonra İrana, daha sonra Brüsselə gedəcək.
Qeyd edək ki, Rusiya istiqamətinə xarici siyasətin şaxələndirilməsinə və tarazlığına xidmət edə biləcək səfərlərin bu coğrafiyası forpost ölkə üçün son dərəcə risklidir. Bu baxımdan, Paşinyanın Brüssel səfəri xüsusilə Moskva üçün vacibdir. Birincisi, bu, Ermənistan-Avropa hərtərəfli tərəfdaşlıq müqaviləsinin tətbiqinə yeni bir təkan verə bilər. Lakin o da məlumdur ki, Ermənistan artıq bu müqavilənin həyata keçirilməsi üçün Brüsselə bir yol xəritəsi təqdim etsə də, heç bir praktiki addım atılmayıb. Bundan əlavə, Brüsselə ediləcək bu səfərin digər bir çox vacib hissəsi də var. Brüsselə son səfərindən sonra Nikol Paşinyan Avropa İttifaqının ünvanına kəskin tənqidi fikirlər səsləndirib. Əlbəttə ki, bu çıxış Avropa rəsmiləri arasında bəzi mənfi təsirlər və izlər buraxıb. Həm İran, həm də Avropa İttifaqı arasında oyun isə Ermənistanın Moskva istiqamətində mövqelərinə də ciddi təsir edəcək.
Alpər Mövludoğlu
Ordu.az