Bir qrup kursant, şagird və müəllim mükafatlandırılıb - VİDEO
Oxunub: 27950
13:20
26 Fevral 2019
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində təhsil və idman sahələrində uğur qazanan kursant, şagird və müəllimlərin mükafatlandırılması mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, mərasimdə Əlahiddə Ümumqoşun Ordunun zabiti polkovnik Müzəffər Yusifli, Heydər Əliyev adına Hərbi Liseyin rəisi general-mayor Elman Orucov, Naxçıvan qarnizonu tam orta məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov və Əlahiddə Ümumqoşun Ordu komandanının müavini general-mayor Teymur Eyyubov çıxış edərək muxtar respublikada təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən hər iki təhsil ocağına xüsusi pay düşdüyünü bildiriblər. Vurğulanıb ki, dövlət qayğısı nəticəsində kursant və şagirdlərimiz bilik və bacarıqlarını nümayiş etdirərək yüksək nəticələr qazanırlar.
Sonda fənn olimpiadalarında, intellektual oyunlarda, müxtəlif müsabiqələrdə, idman və şahmat yarışlarında yüksək nəticələr qazanmış kursant və şagirdlər, onların müəllimləri Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən mükafatlandırılıb.