Ötən günlərdə İran prezidenti Həsən Ruhani ABŞ-la əlaqələrinin heç vaxt bu qədər gərgin olmadığını bildirib.
Əlbəttə ki, Ermənistan bölgədə təmamilə müstəqil ölkə statusu daşımadığından digər bir ölkə ilə arasındakı münasibətlərdə hər hansı bir üçüncü ölkənin baxışını nəzərə almağa məhkumdur və bu baxış, Paşinyan da daxil olmaqla erməni diplomatiyasında bugünədək keçərlidir.
Paşinyanın İrana səfəri öncəsi ekspertlər, coğrafi fərqlərə baxmayaraq, istənilən halda İran ilə Ermənistan münasibətlərinin ABŞ-Ermənistan tərəfdaşlığından daha vacib olmadığını vurğulayırlar. Bəs, Paşinyanı İrana səfər etməyə təhrik edən nədir?! Təbii ki, Ermənistan İranla münasibətlərinin daha az vacib olduğunu hesab etmir, burada İrəvanın xarici əlaqələrə əsas yanaşması narazılıqların proqnozları deyil, müqayisə üçün imkanların axtarışının olmasıdır. Yəni, guya İrəvan bölgədə ABŞ və ya Qərbin timsalında diktə ilə hərəkət etmir, öz xarici siyasət vektorlarını özü (guya Rusiyanın təzyiqi olmadan) müəyyən edir və Tehrana qarşı xəyanətkar addımlar atmır. Xatırladaq ki, Boltonun İrəvan səfərindən sonra Paşinyan İranla sərhədlərin bağlana biləcəyini açıq-aşkar bəyan etmişdi.
“Bütün dövlətlərin, hətta İran-Amerika əlaqələrinin görünməmiş gərginlik səviyyəsi vəziyyətində belə problem və maraqları baxımından müqayisəli imkanları var. Xüsusilə də, supergüclər və regional hakimiyyətlərin nə qədər tərs rejimdə olmasına baxmayaraq, onlar da qətiliklə müəyyən ünsiyyət rejimi və kommunikasiyaları saxlayır, baçqa cür beynəlxalq əlaqələr olmur. Biz bunu Rusiya-ABŞ münasibətlərində görürük, Soyuq müharibə reallıqlarına baxmayaraq yüksək səviyyəli əlaqələr vaxtaşırı baş verir.
İran və ABŞ-a gəldikdə isə Rusiya-ABŞ münasibətlərini eyniləşdirmək və ya müqayisə etmək kimi bir məsələ yoxdur, eyni zamanda bir super güc və əsas regional oyunçu ilə üzləşdiyimiz aydındır. Buna görə də, ABŞ və İran bir-birini, hətta görünməmiş gərginlik vəziyyətində belə nəzərə almaya bilməz. Bu vəziyyətdə Ermənistan kombinasiya axtara bilər, eyni zamanda Rusiya-ABŞ münasibətlərində olduğu kimi, İran-ABŞ arasında birbaşa təmas mexanizmi olmadığını nəzərə alaraq bu istiqamətdə işləyə bilər. Buna görə də vasitəçilik əlaqələrinin rolu və əhəmiyyəti daha böyük ola bilər”, - deyə 1in.am saytı məqaləsində qeyd edir.
Erməni KİV-inin məlumatına inansaq, Ermənistanı biz dünya diplomatiyasında uğurlu vasitəçi ölkə mövqeyində görməliyik. Lakin Boltonun İrəvana səfəri sonrasında səsləndirilən fikirlər, o cümlədən İran Baş Qərargah rəisi Məhəmməd Baqerinin Qarabağla bağlı Ermənistanı işğalçı adlandırması fonunda Ermənistan parlamentində Tehranın avtoritar rejim olaraq xarakterizə edilməsi İrəvanın nəinki hansısa uydurma vasitəçilik mövqeyində olmasından, əksinə onun bölgədə partlamağa hazır şar olduğundan xəbər verir.
ABŞ-Ermənistan münasibətlərinə gəldikdə isə Paşinyanın hakimiyyətə gəlişindən sonra öncə səsləndirdiyi bəyanatlara arxa durmaması, onun ABŞ-da heç bir rəsmi şəxs tərəfindən qəbul edilməməsi, prezident Armen Sarkisyanın Bayden fiaskosu, Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın ABŞ səfərinin ləğv edilməsi fonunda hansı diplomatik vasitəçilik ruhundan danışa bilərik?!
Bu baxımdan, Paşinyanın İrana səfəri Tehran qarşısında etdiyi günahların (yalnız ABŞ-da qəbul edilmədikdən sonra) bağışlanması üçün rəsmi İrəvanın yalvarış dolu ziyarəti kimi nəzərdən keçirilə bilər. Rəsmi Tehranın isə ümumiyyətlə etibarlı qəbul edilməyən Paşinyana kiçik bir “qara xalı” hədiyyəsi ola bilər.
Alpər Mövludoğlu
Ordu.az