İran Ermənistanın indiki hakimiyyətinə güvənmir – Qırılma nöqtəsi

2019/02/23423-1550835455.jpg
Oxunub: 27736     11:21     27 Fevral 2019    
Xəbər verdiyimiz kimi, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan rəsmi səfərlə İran İslam Respublikasına yola düşür. Bu səfər Paşinyan üçün olduqca zəruri və həddindən artıq vacibdir. Çünki hakimiyyətə gəlişindən sonra baş verən proseslər, səsləndirilən bəyanatlar fonunda müzakirə ediləcək çoxsaylı məsələlər mövcuddur. Paşinyanın rəsmi səfərinin əsasını İranın Ermənistanın yeni hakimiyyətini tanıması, erməni tərəfinin fəaliyyət istiqamətinin dərk edilməsi təşkil edir.

Təbii ki, Tehranın Paşinyanın timsalında xəyanətkar tərəfdaş görmək istəmədiyi məlumdur. İran təmamilə əmin olmaq istəyir ki, qarşı tərəfin fəaliyyəti Tehranın təhlükəsizliyinə təhdid törətməyəcək. Faktiki olaraq, bu, Tehran tərəfindən istənməyən səfərdir, lakin Paşinyanın əsas vəzifəsi Tehranla dil tapmaq, meydana gələn etimadsızlıq mühitini yox etməklə tərəflər arasındakı qarşılıqlı münasibətlərin dəyişməz olaraq qalacağına inandırmaqdır.

Bir çox erməni KİV-ləri İranla qarşılıqlı münasibətlərdə yaranmış güvənsizlik mühitini haqlı olaraq Paşinyan hökumətinin iflası ilə əlaqələndirirlər. Qeyd etmək lazımdır ki, səsləndirilən fikirlər hələ görünənlərin aydın büruzə verən tərəfləridir. Ermənistanda baş verən “məxməri” inqilabdan sonra Tehranda Ermənistana qarşı birmənalı fikirlər səsləndirilməyib, lakin Paşinyanın məlum açıqlamalarından sonra İran tərəfinin Ermənistanın yeni hakimiyyətinə şübhə ilə yanaşması normaldır.

1. Keçən il oktyabrın 10-da Ermənistanın Baş naziri Nikol Paşinyan Qafan şəhərində olarkən belə bir fikir söyləyib: “Çox təəssüf ki, Sünik vilayətində tez-tez külli miqdarda narkotik vasitələrin Ermənistana keçirilməsi halları qeydə alınır. Bu narkotik vasitələrin bir hissəsi Ermənistandan çıxmaqla gənclərə olduqca mənfi təsir göstərir. Bir hissəsi isə Ermənistanda qalmaqla erməni gənclərinə və Ermənistanın nüfuzuna ziyan vurur. Mənim üçün ən ali məsələ narkotik daşıma yolunun sütununu qırmaqdır”.

Əlbəttə ki, Paşinyanın sözlərində qrammatik olaraq hər hansısa bir səhv yoxdur. Lakin ifadə etməyin üsulu və mahiyyətinə nəzər salsaq, görərik ki, Paşinyan ölkə daxilində siyasi problemi həll etməyə çalışarkən həm Hunan Poğosyanın vilayət rəhbərliyinə təyin edilməsinə haqq qazandırmağa çalışıb, həm də diplomatik baxımdan həddindən artıq diqqətsiz və düzgün olmayan ifadə səsləndirib. Təbii ki, yaranmış vəziyyətdə İran tərəfi haqlı olaraq bu məsələnin niyə məhz onlarla müzakirə edilmədiyini, lakin mitinqlərdə hərbi ritorikalı çıxış alətinə çevrilməsinə etiraz edəcəkdi.

2. Aydındır ki, İran tərəfindən ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonun Ermənistana səfəri birmənalı qarşılanmayıb. Həmçinin Con Bolton tərəfindən səsləndirilmiş bəzi fikirlər İranı qane etməyə bilər. Xüsusilə burda iki fikri ayırd etmək lazımdır. Məhz bunlar İran üçün ən təhlükəli olanlardır. Birincisi “burada keçirdiyim görüşlərdə, o cümlədən, analitiklərlə həmsöhbət olmağımda Qarabağ münaqişəsinin nizamlanması siyasi gündəmin bir nömrəli məsələsidir. Seçkilərdən sonra qətiyyətli fəaliyyət həyata keçirməyin tam zamanıdır” və ikincisi “Baş nazirə izah etdiyim kimi biz İrana mümkün qədər çox təzyiq göstərmək istəyirik. Ona görə ki, İran nüvə silahı yaratma layihəsindən imtina etməyib” deməsidir.

Əlbəttə, İran üçün Boltonun bəyanatları yenilik deyil və bu tipli bəyanatlar ənənəvi xarakter daşıyır. İran hazırkı vəziyyətdə bu bəyanatların Ermənistan ərazisindən səsləndirilməsindən narahatdır. İranı narahat edən Ermənistanın istənilən an iradəsindən asılı olmadan Tehrana qarşı münasibəti dəyişdirməsi ehtimalıdır. Hər halda Tehran nəticə etibarı ilə sərhəd məsələlərinə dair Paşinyanın çıxışını xəyanətkarcasına atılmış addım kimi xarakterizə edir.

Paşinyan çıxışında Ermənistan-İran sərhəddinin hər an bağlana biləcəyini istisna etməyib: "Ermənistanın açıq olduğu hesab edilən, lakin əslində yarıaçıq vəziyyətdə olan 2 sərhəddi var. İranla münasibətlər geosiyasi təsirlərdən azad olmalıdır".

O qeyd edib ki, son zamanlar təcrübəli bir diplomatla görüşü zamanı həmsöhbəti Ermənistanın iki sərhədinin bağlanıldığını bildirib, açıq olan digər İran və Gürcüstanla mövcud iki sərhəddi isə realda yarıaçıq vəziyyətdədir.

“ABŞ-İran münasibətlərinə və geosiyasi vəziyyətə görə, Ermənistan-İran sərhədi hər an de-fakto bağlana bilər. Erməni-gürcü sərhədləri də, məsələn, geosiyasi şərtlər, pis hava şəraiti səbəbindən de-fakto bağlana bilər. Ermənistan dənizsiz bir adadır. Bu şəraitdə Ermənistan necə hərəkət etməlidir? İndi erməni-türk münasibətlərinə gəldikdə, həmişə deyiləni gərək deyim. Ermənistanilkin şərt olmadan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına hazırdır", - deyə Paşinyan qeyd edib.

Digər tərəfdən Boltonun və Paşinyanın qeyd etdiyi bəyanatlardan sonra Qarabağ münaqişəsi ilə bağlı İran ölkənin Baş Qərargahı səviyyəsində öz mövqeyini açıq-aşkar ortaya qoydu. İran BQ rəisi Məhəmməd Baqerinin Azərbaycana səfəri çərçivəsində Qarabağın Ermənistan tərəfindən işğalını vurğulaması, ölkəsinin hər zaman Azərbaycanın yanında olmasını ifadə etməsi Ermənistanı narahat etməyə bilməzdi.

“Ermənistan Azərbaycanın tarixi torpaqlarını işğal edib və ölkəsi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinin tərəfdarıdır”, - İran BQ rəisi Məhəmməd Baqeri.

Nəticədə bütün bunlara erməni parlamentinin deputatı Hayk Koncoryanın səriştəsiz bəyanatını (Koncoryan İranı avtoritar xarakterli ölkə adlandırıb) da əlavə etsək, bu zaman yalnız güvənsizlik deyil, İran Ermənistan münasibətlərinin qırılma nöqtəsini görərik.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin