Ordu.az xəbər verir ki, Rusiyanın hərbi texniki əməkdaşlıq üzrə federal xidmətinin direktoru Dmitri Şuqaev “Kommersant”a müsahibəsində Belarusun Azərbaycanı “Polonez”lərlə təchiz etməsi faktına toxunub.

Belarusun “Polonez” tipli komplekslərin təchizatına münasibətini və Rusiya-Azərbaycan hərbi-texniki əməkdaşlığına təhdid olub-olmadığını soruşduqda, D.Şuqaev bunun sağlam rəqabət olduğunu bildirib.
“Azərbaycan bu gün yalnız bizimlə deyil, həm də digər tərəfdaşlarla - xüsusən də Belarusla əməkdaşlıq edir. Bu bizi narahat etmir: birincisi, biz sağlam normal rəqabət tərəfdarıyıq, ikincisi isə hər iki ölkə MDB-yə daxildir, biz buna qarşı necə çıxa bilərik? Bütün bunlar sağlam düşüncə çərçivəsindədirsə, biz heç kimə heç nə deyə bilmərik və bunu etməyə də hazırlaşmırıq”, - deyə Şuqaev bildirib.
Müsahibədə o, Rusiya ilə Türkiyə arasındakı hərbi-texniki əməkdaşlığa da toxunub: “Bu günTürkiyənin sifariş portfeli 1 milyard dollardan çoxdur, 2017-ci ildə isə S-400 komplekslərinin alınması üçün müqavilə imzalanıb. Biz artıq son tarixə onun qısaldılması istiqamətində iki dəfə düzəliş etmişik və 2019-cu ilin payızında öhdəliklər yerinə yetiriləcək. Türkiyə əlbəttə ki, milli müdafiə sənayesinin inkişafı üçün ambisiyalara malikdir, artıq bəzi sahələrdə uğurlar da qazanıb. Buna görə tərəfdaşları bəzi texnikaların, o cümlədən aviasiyanın birgə inkişafı kimi mövzular cəlb edir”.
Alpər Mövludoğlu
Ordu.az