Azərbaycan HHQ-nin “Talisman”larla təchizi Qarabağda hava üstünlüyünü təmin edəcək – ANALİZ (HƏRBİ EKSPERT)

2019/02/DxSdp-17042878380.jpg
Oxunub: 25439     11:38     05 Fevral 2019    
2019-cu ilin fevralın 1-də KİV-lərdə Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində, Hərbi Hava Qüvvələrimizin MiQ-29 və Su-25 döyüş təyyarələrinin, Belarusun "Müdafiə Təşəbbüsləri" müəssisəsi tərəfindən hazırlanan "Talisman" gövdə müdafiə kompleksi (GMK) ilə təhciz edildiyi barədə məlumatlar yayıldı. Bu komplekslərin alınmasının bir çox səbəbləri mövcuddur.

Gələcək hərbi hərbi əməliyyatların keçiriləcəyi ehtimal edilən relyefin əsasən dağlıq ərazilərdən və burada sıx yerləşən yaşayış məntəqələrindən ibarət olması, həmçinin rəqibin çox sayda HHM vasitələrinə malik olması rəhbərlikdən hərbi əməliyyatlarda tətbiq ediləcək hava vasitələrinin uzun müddət döyüş imkanlarını qorumaq üçün tədbirlər görməsini tələb edir. Hələ də özünün HHQ-sini formalaşdıra bilməyən işğalçı Ermənistan bu sahədəki geriliyini müxtəlif HHM vasitələrini ərazidə sıx yerləşdirməklə aradan qaldırmağa çalışır.


Vyetnam, Əfqanıstan, Çeçenistan və Qarabağ müharibələrində sadə DZRK-nin helikopter və ordu aviasiyasına vurduğu ziyanın miqyasını heç kim unutmayıb. Zaman-zaman bu itkiləri azaltmaq üçün aviasiya vastələri müxtəlif REM vasitələri ilə təmin edilsə də, nə saxta termal hədəflər, nə də elektro-optik basdırma vasitələri sürətlə inkişaf edən özütuşlanan və kilidlənən raket texnologiyası ilə mübarizədə ciddi nailiyyət əldə edə bilmədi. Buna görə də aviasiya vasitələrinin müasir REM vasitələri ilə təmin etmək məqsədi daşıyan yeni yaradıcı konsepsiya tələb olunurdu. Əvvəlki kimi yalnız rəqibin radiotexniki vasitələrini boğmaq kifayət etmirdi, yeni imkanlar, yeni yanaşmalar tələb olunurdu. Mövcud təhdidlər kompleksi ilə mübarizə aparmaq qabiliyyətinə malik universal bir platformaya kəskin tələbat mövcud idi. Belə bir tələbatı qarşılamaq Belarusun "Müdafiə Təşəbbüsləri" MMC-sinə nəsib oldu.

"Talisman" kompleksinin fərqli cəhətləri

Belarus və Qazaxstandan sonra Azərbaycan bu kompleksdən istifadə edən 3-cü ölkə oldu. "Müdafiə Təşəbbüsləri" şirkətinin istehsal etdiyi "Talisman" gövdə müdafiə kompleksinin (GMK) əvvəlki REM vasitələrindən əsas fərqli cəhətləri aşağıdakılardır:

1. Kompleks yaxınlaşan zenit raketinin reaksiya verəcəyi çox sayda saxta hədəf formalaşdırır;
2. Kompleksin özünün "ağıllı" idarəetmə sistemi sayəsində hücum edən raketlərin tipi və onların təhlükəlilik səviyyəsi təyin edilir, bu isə real təhlükə yaratmayan hədəflərə sursat məsrəf edilməsini önləyir;
3. Bundan başqa kompleks aktiv mühafizə vasitələrinin tətbiqi funksiyasını da qoruyur.

Nəticədə bu kompleks aviasiya vasitələrinin həm "hava-hava" və "yer-hava" sinifli idarəolunan raketlərdən, həm də ultrabənövşəyi və infraqırmızı diapazonda fəaliyyət göstərən özütuşlanan DZRK raketlərindən mühafizəsini təmin edə bilir.


"Müdafiə Təşəbbüsləri"nin fəaliyyəti

Qeyd edək ki, "Müdafiə Təşəbbüsləri" MMC, 25 yanvar 2011-ci ildə həm Belarus Respublikasında, həm də xaricdə müəssisə və təşkilatların innovativ, yüksək texnologiyalı və rəqabətli elmi və texniki məhsullarının ehtiyaclarını ödəmək məqsədi ilə yaradılıb. Müdafiə Təşəbbüslər MMC-nin əsas fəaliyyəti hərbi məhsullarla bağlıdır. Şirkətin məhsulları əsasən ixracyönümlüdür. 100-ə yaxın mühəndisin çalışdığı müəssisədə istehsal edilən məhsulların 25% daxili bazar, yerdə qalan hissəsi isə ixrac üçün nəzərdə tutulur.

Şirkətin əsas məqsədi innovativ, yüksək texnologiyalı və rəqabət qabiliyyətli elmi-texniki məhsulların hazırlanması və bazara çıxarılmasıdır. Şirkətin əməkdaşlarının yüksək elmi-texniki potensialı və peşəkarlığı "Müdafiə Təşəbbüsləri" MMC-ni radioelektron mübarizə vasitələrinin hazırlanmasında lider mövqeyini inamla əldə saxlamasını təmin edir. Müştərilərlə uzunmüddətli münasibətləri təmin etmək məqsədilə şəffaflıq, etibarlılıq, sabitlik kimi meyarlar şirkətin fəaliyyətinin ayrılmaz tərkib hissəsi kimi qəbul edilib.


"Talisman" gövdə müdafiə kompleksindən (GMK) başqa, şirkət eyni məhsulun helikopter üçün nəzərdə tutulan "Amulet" versiyasını, mülki aviasiya üçün xəbərdarlıq və raket hücumunun qarşısını alan "Aura" sisteminin, hərəkətli və sabit obyektlərin fərdi mühafizə kompleksini, MiQ-29 qırıcısının radiolokasiya nişangah kompleksinin bazasında hazırlanan poliqon tədqiqat kompleksini də alıcılara təqdim edir.

"Talisman" GMK-nın imkanları, üstün cəhətləri və TTX-sı

"Müdafiə Təşəbbüsləri" MMC-nin rəsmi saytında bildirir ki, "Talisman" GMK döyüş təyyarələrinin mühafizəsini təmin etmək üçün nəzərdə tutulur. Kompleks aviasiya vasitələrini aşağıdakı təhdidlərdən:

- Aktiv (yarı-aktiv) radar radiolakasiyalı özütuşlanan başlıqları olan bütün aviasiya və idarəolunan zenit raketlərindən;
- Elektro-optik (infraqırmızı) radiolakasiyalı özütuşlanan başlıqları olan bütün aviasiya və zenit raketlərindən;
- Yerdən idarə edilən hava hücumundan müdafiə sistemlərinin istifadə etdiyi idarəolunan raketlərdən;
- Yerüstü hava hücumundan müdafiə sistemlərinin "dost atəşi"ndən qoruyur.

Bu kompleksin əsas üstünlükləri və unikallığı:


- Avtomatik (pilotun və ya operatorun iştirakı olmadan) düşmənin bütün radioelektron qurğularına maneə yaratmasından;
- Eyni zamanda havada və yerdə maneə yaradılan radioelektron qurğuların susdurulmasında say məhdudiyyətinin olmamasından;
- GMK daşıyıcı təyyarələrinin özünü işıqlandırmasının təmamilə istisna edilməsindən;
- GMK qorunan təyyarələrin döyüşdə istifadə edilməsi taktikasına məhdudiyyət qoyulmadan istifadə olunmasından;
- Sıx döyüş şəraitində fəaliyyət göstərərkən, GMK daşıyan təyyarə REM vasitələrinə malik olmayan qonşusunu da etibarlı bir şəkildə əhatə etməsindən;
- Qorunan təyyarələrin radioelektron avadanlıqları ilə tam elektromaqnit uyğunluğuna malik olmasından ibarətdir.


"Talisman" radioelektron mübarizə kompleksi Su25/27/30/35, MiQ-29 və Yak-130 təyyarələrində quraşdırıla bilər. Hazırda "Talisman" radioelektron mübarizə kompleksi aşağıdakı rejimlərdə fəaliyyət göstərir:

- "Elektron stels";
- "Saxta hədəflər";
- İnfraqırmızı özütuşlanan başlıqları aşkar edərək heyəti xəbərdaretmə:
- Radiolokasiyalı özütuşlanan başlıqlara təsir etmə.


Yak-130 təyyarəsi üçün taktiki texniki xüsusiyyətlər:

- Fəaliyyət diapazonu: 2.0-18.0 GHz;
- Konteyner sayı: 2 ədəd;
- Güc istehlakı: 1400 Vt;
- Elektrik təchizatı: +27 V;
- Əməliyyat rejimi: avtomatik;
- Bir konteyner kütləsi: 65 kq;
- Qabarit ölçüləri: 2138x245x185 mm.




MiQ-29 və Su-25 təyyarəsi üçün taktiki texniki xüsusiyyətlər:

- Fəaliyyət diapazonu: 4.0-18.0 GHz;
- Konteyner sayı: 2 ədəd;
- Güc istehlakı: 580 Vt;
- Elektrik təchizatı: +27 V;
- Əməliyyat rejimi: avtomatik;
- Bir konteyner kütləsi: 82.4 kq;
- Qabarit ölçüləri: 2280x230x290 mm.


"Talisman"ın tərkibinə əsasən aşağıdakılar daxildir:

- Radiolokasiya şüalanmasından xəbərdarlıq avadanlığı;
- Radiotexniki qorunma avadanlıqları;
- Hücum edən raketi aşkar edən maneə radiolokatoru.


Radiotexiki qorunma avadanlıqları tezlik diapazonlarına görə fərqlənir və "Talisman" kompleksinin konfiqurasiyasını müəyyənləşdirir. "Talisman" Blok-1, Blok-2, Blok-3 və Blok-3E modul prinsipinə əsasən komplektləşdirilir.


"Talisman" kompleksinin fəaliyyət prinsipi düşmən radiolokasiya stansiyalarının ötürdüyü siqnalları xüsusi fazasına, tezliyinə, amplitudasına və qütb modulyasiyasına görə fərqləndirərək yenidən şüalandırılmasına (təkrar ötürülməsi) əsaslanır. Modulyasiya edilən şüalanma düşmən raketlərinin RLS başlıqlarının antenləri tərəfindən qəbul edilən dalğaların ön cəbhəsini dəyişir, bu isə raketlərin bucaq, məsafə və sürətini ölçən dopler sistemlərinin və izləmə radarlarına mənfi təsir edərək göstəricilərin təhrif edilməsinə gətirib çıxarır. "Talisman" müasir RLS-lərin əsas elementi olan monotezlikli pelentatorlara təsir edir və onun fəaliyyətini pozur.

"Talisman" aviasiya/zenit raketlərinin radiopartlayıcı qurğusuna da təsir edərək hədəflə təmasdan əvvəl, qorunan təyyarədən təhlükəsiz məsafədə işə düşməsinə səbəb olur.

Təyyarələrin R-73, 9M37 "Strela-10", AIM-9 "Sidewinder", AIM-132 ASRAAM kimi optik (termal) özütuşlanan başlıqlı raketlərdən qorunması maneə radiolokatoru vasitəsi ilə təmin edilir. Maneə radiolokatoru hücum edən raketləri aşkar edir, koordinatlarını müəyyənləşdirir (pelenq və məsafə) və saxta termal hədəflərin (STH) atılması üçün komanda verir.


"Talisman" təyyarənin qanadlarının altındakı ən son asqılarda yerləşdirilir. Bir-birinə bərkidilməsi üçün keçidləri olan asılmış konteynerlərin konstruksiyası, onların üzərinə aviasiya atıcı qurğularını yerləşdirməyə imkan verir ki, bu da kompleksi daşıyan təyyarənin standart sursat dəstini qorumasına imkan verir.

"Talisman"ın komplektləşdirilməsi

1. "Talisman Blok-1" (8.0-12.0 GHz) - Su-27, Su-30, MiQ-29, MiQ-35, F-15, F-16, F-18, F-22 , "Mirage-2000", "Rafale", "Eurofighter", JAS-39 "Gripen", "TornadoR-27" təyyarələrinin PLS-lərindən;
AIM-7 "Sparrow", AIM-120 AMRAAM, MICA, "Skyflash", "Aspide", MATRA-125 idarəolunan raketlərindən;
S-300, MIM-23 "Improved Hawk" zenit raket sistemləridən qorunmanı təmin edir.

2. "Talisman Blok-2" (12.0-18.0 GHz) R-77 idarəedilən aviasiya raketləri, 9K33M3 OCA-AKM, 9K331 "Tor-M1", "Roland-2", "Crotale-NG" zenit raket komplekslərindən;
2K22 "Tunquska" zenit raket top kompleksindən;
ZS-23-4 "Şilka", "Gepard", "Loara" zenit artilleriya komplekslərindən qorunmanı təmin edir.

3. "Talisman Blok-3" (6.0-8.0 GHz) 2K212M3(4) "Kub-M3", 9K37M1(2) "Buk-M1 (2)" zenit raket komplekslərindən qoruyur.

4. "Talisman Blok-3E" (4.0-6.0 GHz) MIM-104 "Patriot PAC-2 (3)" zenit raket kompleksindən qorunmanı təmin edir.



"Talisman Blok-12R" markası, kompleksin 8.0-18.0 GHz (dalğa uzunluğu 1.67 və 3.75 sm) diapazonunda təyyararənin qorunmasını təmin edir. "R" indeksi "Talisman" kompleksinin, optik (termal) özütuşlanan başlıqlı idarəolunan aviasiya və ya zenit raketinin yaxınlaşmasını aşkar edərək heyəti xəbərdar etmək üçün nəzərdə tutulan maneə radiolokatoruna malik olduğunu bildirir.

"Talisman" kompleksinin maksimum konfiqurasiyası "Talisman Blok-123ER" konfiqurasiyası hesab edilir. Azərbaycanın əldə etdiyi kompleksin hansı komplektasiyaya malik olduğu açıqlanmır, lakin real şərait nəzərə alınarsa "Talisman Blok-123" konfiqurasiyasını əldə edildiyi ehtimal olunur. Bu komplektləşdirməyə malik olan gövdə müdafiə kompleksi quraşdırıldığı aviasiya vasitələrini, bu gün Ermənistan HHM və HHQ-nin silahlanmasında mövcud olan bütün təhdidlərə qarşı effektiv qorumaq imkanına sahibdir.


Mənbələr:
http://defin.by/defense_initiatives_production.pdf
http://defin.by/products/talisman/

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Belarus   Talisman   HHQ  


Bizi "telegram"da izləyin