Ordu.az xəbər verir ki, bu barədə britaniyalı siyasi analitik Neyl Makfarleyn erməni mətbuatına verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ermənistan hökumətinin danışıqlar ətrafında sərgilədiyi mövqe dəyişməyib və ehtimal edilən toqquşma mümkündür.
"Lakin erməni tərəfinin mövqeyi nədən ibarətdir, əsas budur. Hesab edirəm ki, burada heç nə dəyişməyib.... Uzun zaman ciddi danışıqlardan yayınmağın mümkün olmayacağı aydın olur və tərəflər bir-birinin mövqeyi ilə yenə toqquşacaqlar", - deyə Makfarleyn qeyd edib.
Təmasların yaradılmasına gəldikdə isə analitik hesab edir ki, hazırda baş verən rəhbərlər arasında təmas, nazirlər arasında isə məsləhətləşmələr xarakteri daşıyır.
"Erməni tərəfi bir daha təsdiq etdi ki, sülh müqabilində ərazilər qəbulolunmazdır. Öz növbəsində Azərbaycan da öz mövqeyini təsdiqləyib. Belə bir aydınlıqla son zamanlar, tərəflər mövqelərini açıqlamayıb. Bunu tərəflər istəsə də, istəməsə də danışıqlar prosesində tərəflərin rəqibin düşüncələri barədə gözləntiləri aydınlaşacaq. Bu isə görüşlərin indiki intensivliyini mürəkkəbləşdirəcək. Ona görə ki, Azərbaycan tərəfi üçün danışıqlar naminə danışıqlar qəbulolunan deyil. Azərbaycan bu mərhələdən faydalanaraq, hər hansısa imkanı yaratmaq arzusundadır", - deyə Makfarleyn vurğulayıb.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması masası ətrafında münaqişə tərəflərinin nazirlər və ölkə rəhbərlərinin səviyyəsində sülhə hazırlaşma razılaşmalarının həyata keçirilməsi üçün təmasların davam etdiyi bir vaxtda Ermənistan münaqişənin nizamlanmasında öz təxribatçı baxışlarını yenidən təsdiq edir.
Belə ki, Ermənistan hökumətinin təxribatçı bəyanatlarına cavab olaraq, bu günlərdə Azərbaycan prezidenti öz iqamətgahında şəhid ailələri ilə görüşü zamanı bir daha bəyan etdi ki, güclü Azərbaycan ordusunun imkanları, təsiri və artan imkanları hesabına danışıqlar prosesində Azərbaycanın mövqeyi kifayət qədər güclənib.
Prezident vurğulayıb ki, ərazi bütövlüyünün bərpa edilməsi ən vacib məsələdir və münaqişə ilə bağlı qəbul edilmiş bütün qətnamələr Azərbaycanın ərazi bütövlüyünə beynəlxalq dəstək verib. Azərbaycan xalqı və hökuməti heç zaman bu işğalla barışmayacaq, deyə prezident əlavə edib ki, ölkəmiz bunu döyüş meydanında da sübut edib.
Növbəti gün prezident İlham Əliyevin bəyanatına cavab olaraq, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ölkəsinin təxribatçı açıqlamalarına "aydınlıq" gətirməyə cəhd edərək bildirib ki, status və təhlükəsizlik məsələləri ilə bağlı Ermənistanın mövqeyinin nədən ibarət olduğunu xatırlatmağa zəruri ehtiyac yoxdur.
"Ermənistanın nə dərəcədə qətiyyətli olduğu, özümüzü və Qarabağı necə qoruya biləcəyimizi deməyə ehtiyac yoxdur. Öz imkanlarımızı bilirik, lakin problemi sülh yolu ilə həll etməyə çalışırıq", - deyə Ermənistan XİN rəhbəri öncəki açıqlamalarından heç də fərqlənməyən bəyanat səsləndirib.
O, həmçinin Münxendə keçiriləcək təhlükəsizlik iclası çərçivəsində azərbaycanlı həmkarı ilə mümkün görüşü barədə danışaraq, bunun baş tuta biləcəyini istisna etməyib. Məsələyə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti qeyd edib ki, nazirlərin görüşünün məkanı və zamanı hələki qəti müəyyən edilməyib. Azərbaycan Xarici İşlər Nazirliyi, həmçinin Paşinyanın dediklərinə də haqlı olaraq kəskin reaksiya verib.
Xatırladaq ki, Paşinyan bildirib ki, Ermənistan sülh müqabilində ərazilər qətnaməsini ümumiyyətlə müzakirə edə bilməz. O, həmçinin qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevlə onun görüşləri danışıqlar deyil, qeyri-rəsmi təmaslardır. Bu təmaslar zamanı birbaşa fikir mübadilələri aparılır.
Minsk Qrupu həmsədr ölkələri tərəfindən danışıqların bərpa edilməsi üzrə təşəbbüsün olub-olmadığı barədə sualı Paşinyan belə cavablandırıb: "Bu məsələ Xarici İşlər nazirlərinin müzakirə gündəliyindədir. Biz cənab İlham Əliyevlə demişik ki, bu mövzu ilə bağlı Xarici İşlər nazirləri iş aparır. Onlar həmsədrlərlə birlikdə bizə tövsiyyələr təqdim edəcək, biz isə necə rəftar etməyə qərar verəcəyik".
"Cənab Paşinyanın məntiqini anlamaq çətindir. Məlum olduğu kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında aparılan danışıqların təməlində, məhz Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çaxırılması durur. Bu tələb BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsində, eləcə də münaqişənin həlli ilə bağlı demək olar ki, bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə əks olunur. Belə olduğu təqdirdə sual meydana çıxır: cənab Paşinyanın bu mövqeyi onun danışıqlardan imtina etməsi deməkdirmi?", - deyə Azərbaycan XİN-in açıqlamasında vurğulanıb.
Alpər Mövludoğlu
Ordu.az