Ordu.az xəbər verir ki, bu sözləri Strateji və Milli Araşdırmalar üzrə erməni mərkəzinin direktoru Sanvel Sarkisyan mətbuata verdiyi müsahibəsində deyib.

Paşinyanın "sülh müqabilində-ərazilər" formatının müzakirə edilmədiyi və Qarabağla bağlı öncəki hakimiyyətlərin dövrlərindən fərqli siyasət yürütdükləri haqqında verdiyi bəyanatla əlaqədar Sarkisyan bildirib ki, Vitali Balasanyanın, Xarici İşlər nazirliyinin verdiyi bəyanatlar və Vladimir Karapetyanın Baş nazirin mətbuat xidmətinin rəhbəri təyin edilməsi məsələsi kifayət qədər qarışıq bir vəziyyət yaradıb.
"Heç bir sualın dəqiq cavabı yoxdur və anlaşılan deyil. Vitali Balasanyanın dediyi ziddiyyətlərə açıqlama verilməli idi, ancaq heç nə yoxdur. İndi hansı siyasət aparıldığı, nə danışıldığı aydın deyil. Bütün söhbətlər onu göstərir ki, bu hakimiyyətin birbaşa hər hansı strategiyası yoxdur. İndi Paşinyan hər hansı şəkildə aydınlıq gətirməyə çalışır və onların keçmişdə olduğu kimi davam etməyəcəklərini deməklə kifayətlənməyə cəhd edir. Yalnız şüarlar səsləndirilir. Yəni məqsədi olmayan danışıqları davam etməklə, insanlara elə gəlir ki, bu onları müharibədən xilas edirlər", - deyə o qeyd edib.
Sarksiyan təkidlə bildirir ki, məqsədsiz danışıqlar barədə Serj Sarkisyanın dövründə də xəbərdarlıq edilib.
"Nəticə isə aprel döyüşlərinə gətirib çıxardı. İndi hər hansı şəkildə yol tapmaq istəyirlər. Ancaq bu heç nəyi dəyişmir. Aydın və dəqiq strategiya olmalıdır.
Dəfələrlə, 25 ildir Azərbaycanın simasında aparılan strategiyanın aydın göründüyünü qeyd etmişik. Ermənistandan spekulyativ danışıqlardan başqa heç nə görünmür. Ermənistanda şüarlarla milləti qidalandırmaq istəyirlər, ancaq şüarlarla qidalandırmaq dövrü bitib. Aydın və dəqiq strategiya olmalı və yerinə yetirilməlidir.
Qarabağın əvəzinə danışıqlar aparmayacağını deyən Paşinyan indi cavab verməlidir ki, söhbət nədən gedir, mövzu nədir? Ermənistanın məsuliyyəti nədən ibarətdir? Qarabağın inzibati ərazisi daxilində baş verən problemlərlə Ermənistanın nə əlaqəsi olduğunu, "Madrid prinsipləri"nin Ermənistana nə aidiyyəti olduğunu izah etməlidir. Paşinyan bütün bu suallara cavab verməlidir, ictimaiyyət bilməli və izləməlidir. Ermənistanın danışıqlarda iştirak etməsinin məqsədinin nədən ibarət olduğu məlum olmalıdır.
Bu çox maraqlı məqamdır, çünki biz Azərbaycanın hansı məqsədinin olduğunu bilirik. Azərbaycan elə belə danışıqlar aparmır, hər bir görüşdə aydın və dəqiq məsələ ortaya qoyur.
Serj Sarkisyanı Vyana razılaşmaları ilə bağlı Cenevrədə olduqca rahat susdura bildilər. İndi araşdırılmalıdır ki, Vyanada qoyulan bu qəti əsas tələbdən onlar necə geri çəkildi. Bizimkilər isə Düşənbədə razılaşma əldə edilib deyə olduqca sakit susublar", - deyə o, hazırkı erməni hakimiyyətin səriştəsiz olduğunu vurğulayıb.
Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan bəyan edib ki, Ermənistan tərəfi Vyana və Sankt Peterburq razılaşmalarından imtina etməyib, Düşənbə razılaşması da buna əlavə edilib.
Bununla bağlı Sanvel Sarkisyan hesab edir ki, nəyin nə hesabına əlavə edildiyi aydın şəkildə açıqlanmalıdır: "Atəşkəsin pozulmasına görə məsuliyyət tələb olunduğu Vyana razılaşması adlandırılan bu diplomatik addımı Birləşmiş Ştatlar daxil edib. Serj Sarkisyan bu razılaşmanı dərk etmədən 5 qəpiyə satdı, indi də bu hakimiyyət Vyana razılaşmasının nə demək olduğunu dərk etmədən eyni şeyi davam edir".
Sarkisan, Ermənistanın qondarma qurum adından yox, yalnız öz adından danışıqlar apara biləcəyi barədə bəyanata isə belə münasibət bildirib.
"Bu tezis 25 il bundan öncə olmalı idi. Ermənistan öz konstitutsiyasına görə sərhədlərini göstərməli və Qarabağın (qondarma qurum) işinə qarışmamalı idi. Ancaq Ermənistan bütün hüquqları öz üzərinə götürüb. İndi isə o insanların onu seçmədiyini, onları təmsil etmədiyini qeyd edirlər. O zaman sual yaranır. Bəs sən hansı ixtiyarla, öz ərazilərindən uzaq əraziləri müzakirə edə bilərsən? Bax beləcə inkaredilməz acı problemlər var", - deyə o sözlərini yekunlaşdıb.
Alpər Mövludoğlu
Ordu.az