Ordu.az xəbər verir ki, bunu “Chatham House”un dosenti, “Qafqaz Araşdırmaları” analitik jurnalının həmtəsisçisi Lourens Broers erməni KİV-lərinə açıqlamasında bildirib.
O etiraf edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 2001-ci ildən etibarən digər qlobal və regional problemlərə əsasən davamlı olaraq kölgədə qalıb. Buna baxmayaraq ekspert bu münaqişədəki beynəlxalq aktorların yerli kökləri nəzərə almadan ciddi nəyəsə nail olacağına inanmır.
Mütəxəssis düşünür ki, ancaq xarici aktorlar bir sıra yerli tələbləri və sülh üçün imkanları nəzərə aldıqda münaqişə ilə bağlı ciddi diplomatik enerji sərf olunacaq.
Tramp administrasiyasının bu prosesə maraqlı olub-olmaması, Obama administrasiyası ilə müqayisədə daha passiv qalıb-qalmayacağı ilə bağlı suala isə onun cavabı belə olub: “Deməliyəm ki, səfir Andrü Skoferin simasında Birləşmiş Ştatların burada mükəmməl nümayəndəsi var. O, öz sələfi Ceyms Uorlikdən nə maraqda, nə də aktivlikdə geri qalmır”.
Broers bildirib ki, liderlər özlərinin maraqlarına uyğun olan tələm-tələsik saziş imzalamaq niyyətində olmadıqlarını göstərməlidirlər.
“Bu, yaxın illərdə status-kvonun dəyişməsində uğursuz olan hərbi və vadar etmə siyasətinə alternativ üçün siyasi yer açmaq uğrunda atılmış kiçik, amma artan addımlarla həyata keçirilə bilər. Ötən həftə Minsk Qrupu həmsədrlərinin öz bəyanatlarında səsləndirdikləri kimi iqtisadi etimad qurucu tədbirlər bunun bir hissəsi ola bilər. Lakin bunun həm də müxtəlif siyasi kursla, xalqlar arasında əlaqələrə qoyulmuş məhdudiyyətlərin götürülməsi ilə birlikdə getməsi vacibdir”, - deyə ekspert ifadə edib.
Ağalar Ağalarlı
Ordu.az