Bu qarşıdurmada yeni və köhnə sistemin mübarizəsi yer aldı. Nəzərə almaq lazımdır ki, qondarma qurumun bugünkü “idarəetməsi” müxtəlif tellərlə Ermənistanın köhnə sistemi ilə əlaqəlidir. Təsadüfi deyil ki, parlament seçkilərində qalib gəldikdən sonra Paşinyan ilk kadr dəyişikliyini məhz Dağlıq Qarabağda həyata keçirdi. Ermənistanın köhnə sisteminin nümayəndələri bunu Paşinyanın Qarabağ məsələsində güzəştlərə hazırlaşması məqamı ilə əlaqələndirirlər. Qarabağdakı qondarma qurum “rəhbərliyi” isə Ermənistanda baş verən dəyişikliklərlə razılaşa bilmirdi.
Parodoksal səslənsə də, Qarabağ cəbhəsində hadisələrin inkişafında siyasi mübarizə aktiv qalmaqda davam edir. Daşnaksütun partiyasının 33-cü ümumi iclasını Qarabağda keçirmək haqqında qərar verməsi də təsadüfi deyil. Bu, istənilən halda ümumerməni gündəliyində və ya Qarabağ məsələsində Daşnaksütunun narahatlıqlarından irəli gəlmir. Daşnaksütun açıq-aşkar siyasi jest edərək göstərir ki, onun üçün ögey və özgə inqilabçı Ermənistan mövcuddur və o, eyni zamanda Ermənistanın köhnə sisteminin mini modeli olan bugünkü qondarma quruma öz siyasi dəstəyini göstərir. Beləliklə qondarma qurum köhnə sistemi bütövləşdirən, siyasi qüvvələrin Ermənistanın yeni hakimiyyəti ilə münasibət qurduqları, siyasi, eyni zamanda, ideoloji mühitə, plasdarma çevrilib.
Qarabağ amilindən parlament seçkiləri zamanı ilk öncə Ermənistanın respublikaçılar partiyası, daha sonra Paşinyan ittifaqı fəal istifadə etdi. İndi isə növbə Daşnaksütun partiyasındadır. Əslində problem Qarabağ məsələsinin narahatlığında deyil, siyasi manipulyasiya gündəliyinin formalaşdırılmasındadır. Burada əsas məsələ ondan ibarətdir ki, Paşinyan üçün qondarma qurum “rəhbərliyi” getdikcə Ermənistanda iflasa uğrayan cinayətkar oliqarx sistemilə eynidir. Digər tərəfdən Paşinyan sanki Qarabağda baş verənlərə nəzarət edir və çalışır ki, qismən kadr dəyişiklikləri ilə 2020-ci ilədək vəziyyəti həll edə bilsin.
Bu kontekstdə Qarabağda inqilabçı cəbhə açılması haqqında Jirayr Sefilyanın çağırışları da təhlükəli qəbul edilir.
“Özbaşınalığın aradan qaldırılmasının vaxtı yetişib. Qarabağda da dəyişikliklər baş verməlidir. Ümid edirik ki, bu məsələdə İrəvan hakimiyyəti bizə dəstək göstərəcək”, - deyə bu günlərdə Xankəndində olan “Sasna Tsrer” partiyasının üzvü bildirib.
Jirayr Sefilyanın təmsil etdiyi partiya Ermənistan ictimaiyyətinin nə 2016-cı ildə, nə də 2018-ci ilin aprel-may aylarında və parlament seçkiləri ərəfəsində dəstəyinə nail ola bilməyib.
İstənilən halda Paşinyan Ermənistan daxilində MTX vasitəsilə yaratdığı qorxu mühitini Qarabağda da formalaşdırmağa və daxildə islahatlar adı altında öz idarəçiliyini yaratmağa çalışacaq. Buna qarşılıq olaraq, Daşnaksütun və Respublikaçıların, o cümlədən parlamentdə yer ala bilməyən inqilabçı çağırışlar səsləndirən Jirayr Sefilyanın çağırışları fonunda Qarabağda 2020-ci ilə qədər hərbi-siyasi böhranın dərinləşəcəyi gözlənilir.
Alpər Mövludoğlu
Ordu.az