Ermənistan NATO-nun təlimində iştirak etməyəcək: Yoxsa ağıllanıb?

2018/08/2-45_1535723942.jpg
Oxunub: 2594     21:57     31 Avqust 2018    
Gürcüstanda 1-11 sentyabr tarixləri arasında ən azı 10 ölkənin hərbi qulluqçularının iştirakı ilə “Agile Spirit 2018” təlimləri keçiriləcək. Rəsmi məlumatda bidirilir ki, Gürcüstan və ABŞ-dan başqa təlimlərdə Bolqarıstan, Rumıniya, Latviya, Yunanıstan, Ukrayna, Türkiyə, Çexiya, Estoniya da iştirak edəcək.

Təlimlər ABŞ-ın dəniz piyadaları Avropa komandanlığı ilə birgə təşkil olunacaq və Gürcüstanın qərbindəki Senaki hərbi bazasında keçiriləcək. Təlimlərin məqsədi NATO-nun çevik reaksiya qüvvələrinin birgə fəaliyyət hazırlığı və ya böhran reaksiyası, həmçinin komandanlıq təbəqəsinin yaxşılaşdırılmasından ibarətdir.

Keçən il Gürcüstanda belə bir təlim yenə keçirilmişdi. Həmin təlim Ermənistanda qızğın müzakirələrə səbəb olmuşdu. Məsələ bundadır ki, Ermənistan əvvəlcə bu təlimlərdə iştirak etməyə dair müraciət təqdim etmişdi. Həmin müraciət son anda ləğv edildi. Bu addım Moskvanın İrəvanın qərarına təzyiq göstərdiyinə dair şayiələrin yayılmasına şərait yaratdı. Bir çoxları xüsusilə də noyabr ayında Ermənistan üçün mühüm əhəmiyyət kəsb edən Avropa İttifaqı ilə çərçivə sazişinin imzalanması ərəfəsində Serj Sarkisyanın Moskvanı əlavə olaraq hiddətləndirmək istəmədiyinə dair fikir bildirdi.

Bu dəfə Ermənistan öncədən “Agile Spirit 2018” təlimlərində iştirak etməyəcəyinə dair qərara qəbul edib. Əlbəttə bir təlimdə iştirak edib-etməmək Ermənistan-NATO münasibətlərində hiss ediləcək qədər təsirə malik ola bilməz. Lakin Ermənistan rəhbərliyinin belə bir formatda iştirakdan imtina etməsi, Ermənistanın xarici siyasətinin çoxsahəli olması ilə bağlı səsləndirilən fikirlərin yalnız cəfəng iddialardan ibarət olduğunu göstərir.

Problem konkret olaraq təlim deyil. Sözsüz ki, təlimlər pratiki olaraq Ermənistan-NATO münasibətlərinin dərinləşməsinə töhvə verə bilərdi, həmçinin erməni-gürcü münasibətlərinin inkişafı üçün növbəti platforma ola bilərdi.

Paşinyan hakimiyyəti bu faktı nə qədər gizlətməyə çalışsa da və Rusiya ilə "humanitar layihə"lərdən söz açsa da fakt faktlığında qalır. Baş verən hadisələr Ermənistan-Rusiya münasibətlərində mövcud böhranın olduğunu göstərir.

Qeyd edək ki, təxminən yarım ay öncə Gürcüstanda keçirilən NATO-nun daha bir təlimində Ermənistanın 4 nəfərdən ibarət nümayəndə heyəti iştirak edib. Gümrü bazası ətrafında baş verənlər Ermənistan hakimiyyəti tərəfindən müttəfiqliyə zərbə kimi qiymətləndirilsə də, Rusiya KTMT baş katibliyini daşıyan ölkəni NATO təlimində iştiraka görə qınamadı. Əvəzində Ermənistan Xaçaturov və Köçəryanı istintaqa cəlb etməklə daha da azğınlaşdı.

Hazırda Ermənistanda “Agile Spirit 2018” təlimində iştirak etməkdən imtina etməklə yanaşı bir sıra paralel hadisələr də baş verməkdədir. Bu hadisələr Kremlin Paşinyan hakimiyyətinə qarşı adekvat cavab tədbirləri gördüyünü göstərir. Məsələn, Ermənistan baş nazirinin Qərbyönümlü xadim kimi tanınan məsləhətçisi Arsen Xaratyan vəzifəsindən azad edildi.

Erməni KİV-ləri açıq şəkildə yazır ki, guya bu proses Moskvanın müdaxiləsi nəticəsində baş verib. Buna Ermənistan höküməti heç bir təpki göstərə də bilməyib. Lakin qeyd edək ki, bütün bunlar daha qlobal hadisələr kontekstində baş verir.

1 mart hadisələrinin üstünün açılması, Robert Koçaryanın həbsi və KTMT baş katibi Yuri Xaçaturova qarşı ittiham irəli sürülməsi Rusiyanın xarici işlər naziri Segey Lavrovun haqlı olaraq kəskin bəyanatla çıxış etməsinə səbəb oldu. Paşinyan hakimiyyəti Lavrovun bəyanatının nəticələrinin aradan qaldırıldığına dair nə qədər təəsürat yaratmağa çalışsa da, Robert Koçaryanın azadlıqda, Yuri Xaçaturovun isə Moskvada olduğu fakt olaraq qalır.

Böyük ehtimalla, demək olar ki, artıq KTMT-nin baş katibi vəzifəsi Ermənistan üçün itirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Agile-Spirit-2018   KTMT  


Bizi "telegram"da izləyin