Köçəryandan sərt açıqlama: "Bu, hüquqi zibildir... KTMT-dəki yerimizi itirə bilərik"

2018/08/75_1535721973.jpg
Oxunub: 3857     21:24     31 Avqust 2018    
"Burada cinayət işi, əsaslandırmalar yoxdur. Belə deyək cinayət işi yox, hüquqi zibildir... Bu cinayət işi səbəbindən bizim yerimizi itirəcəyimiz mümkün ola bilər. Hesab etmirəm ki, bu cinayət işi baxımından perspektivli olsun, ancaq zərər artıq dəyib".

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan erməni KİV-lərinə müsahibəsində deyib.

Köçəryanın sözlərinə görə, ona qarşı açılan cinayət işinin 10 nəfərin öldüyü 2008-ci il 1 mart hadisələri ilə heç bir əlaqəsi yoxdur.

"Mənə qarşı açılan cinayət işində heç bir hüquqi əsas yoxdur. İlkin araşdırma sirri olduğuna görə təssüf ki, cinayət işi barədə ətraflı məlumat verə bilmərəm. Hazırda mənim fikrimcə bu iş absurddur. Biz dəfələrlə demişik ki, gizliliyi ləğv etsinlər həm ittihamçı tərəf, həm də biz bu işin əsl mahiyyəti barədə aşkarcasına danışa bilək. Burada cinayət işi, əsaslandırmalar yoxdur. Belə deyək cinayət işi yox, hüquqi zibildir", deyə Köçəryan bildirib.

O, həmçinin eyni cinayət işində adı keçən KTMT-nin baş katibi Yuri Xaçaturovun da işinə toxunaraq qeyd edib ki, onun barəsində atılan addımlar perspektivsiz olub: "Bu cinayət işi səbəbindən bizim yerimizi itirəcəyimiz mümkün ola bilər. Hesab etmirəm ki, bu cinayət işi baxımından perspektivli olsun, ancaq zərər artıq dəyib".

Köçəryan bəyan edib ki, 10 il əvvəl insanları öz şüarları və atdıqları addımlarla kütləvi ixtişaşlara sövq edənlər faktiki olaraq konstitutsiya quruluşunu dəyişməyə cəhd ediblər. İndi isə həmin dövrdə hakimiyyətdə olanlardan qisas almaq istəyirlər.

"Budur cinayət işinin əsl mahiyyəti və istintaq orqanının qarşısında bu tapşırıq qoyulub. Sadəcə bu yanaşmadan imtina etmək lazımdır", - deyə Köçəryan bildirib.

O, işin araşdırılması nəticəsində əsl günahkarların tapılacağına əminliyini vurğulayıb: "İnsanlara atəş açanları və atəş açaraq 2 polisi öldürən şəxsləri tapmağa cəhd etmək lazımdır. Yalnız bu halda biz cinayətin üstünün tam açılmasından danışa bilərik. Hazırkı məqamda isə bu işin siyasi tərəfi var, mən bunu yalnız siyasi qanlı qisas (vendetta) kimi qiymətləndirirəm. 10 ildən sonra hakimiyyətə gəldilər, özləri tərəfindən törədilən cinayətə haqq qazandırmaq, tarixi dəyişmək, özlərinə qarşı bu günədək qüvvədə olan məhkəmə hökmlərini təmizləmək istəyirlər".

Xatırladaq ki, 2008-ci ilin 1 mart tarixindən 2 mart tarixinə keçən gecə İrəvan şəhərində baş verən hadisələrlə əlaqədar Ermənistanın xüsusi istintaq komitəsi tərəfindən araşdırılan cinayət işi çərçivəsində Robert Köçəryan konstitutsiya quruluşunun dəyişdirilməsində ittiham olunur. 27 iyul 2018-ci ildə İrəvanın ümumi yurisdiksiya məhkəməsi Robert Köçəryan haqqında həbs qəti imkan tədbiri barədə qərar verilmişdi. Ancaq 13 avqust 2018-ci il tarixdə Ermənistanın kassasiya məhkəməsi Ermənistanın sabiq prezidentinin toxunulmazlığını əsas gəıtirərək, onun azad edilməsi barədə qərar qəbul edib.

26 iyul 2018-ci ildə KTMT-nin baş katibi Yuri Xaçaturova qarşı digər şəxslərlə öncədən razılıq əldə edərək, Ermənistanda konstitutsiya quruluşunu dəyişmə ittihamı irəli sürülüb.

28 iyul 2018-ci ildə İrəvanın ümumi yurisdiksiya məhkəməsi Xaçaturovun həbs olunmasına qarşı alternativ yol olaraq, girov müqabilində buraxılma barədə qərar verib və onu 5 milyon dram müqabilində həbsdən azad edib.

Məhkəmənin qərarından sonra Ermənistan tərəfi Xaçaturovun KTMT-nin baş katibi vəzifəsində əvəz olunması prosesinin başlaması barədə açıqlama verib. Lakin Rusiya tərəfi haqlı olaraq bildirib ki, Ermənistan həbs qərarını vermədən öncə öz namizədini həmin vəzifədən geri çağırmalı idi. Hazırda Xaçaturov Moskvadadır və KTMT-nin baş katibi olaraq öz vəzifəsini davam etdirir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   1-mart   Köçəryan  


Bizi "telegram"da izləyin