- Gözlənilmədən Bakı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmaqla bağlı danışıqlara başladı. Lakin Azərbaycanın ritorikası bir yana, Bakı Dağlıq Qarabağa nəzarəti bərpa etmək baxımından kritik olan “Avrasiya NATO”suna qoşulmağı nəzərdən keçirsə də, KTMT-nin üzvlüyünə can atacaq kimi görünmür. Necə ki, o, əvvəllər də İrəvanın da qatıldığı digər çoxtərəfli təşəbbüslərdə iştirakı rədd edib.
Görünür Azərbaycan ciddi-ciddi KTMT-yə qoşulmağı nəzərdən keçirir. Bu ay baş tutan Xəzər Sammitindən sonra yayılan məlumatlara görə, Rusiya Azərbaycana KTMT-nin üzvlüyünü təklif edib. Daha sonra məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasının üzvü və önəmli parlamentar komitənin sədri Əli Hüseynli müsahibə verdi.
“Yeni geosiyasi şərtlər Bakını KTMT-də rol oynamağı nəzərdən keçirməsini mümkün edir”, - deyə o bildirib.
Bakıda KTMT-yə qoşulmaqla bağlı danışıqlar gözlənilməz deyildi. Azərbaycan Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan ilə birlikdə KTMT-ni imzalayanlardan biri idi. Digərləri 1992-ci ilin mayında imzalasa da, rəsmi Bakı onu Minskdən daha əvvəl, 1993-cü ilin sentyabrında imzalayıb. Müqavilə 1994-cü ildə qüvvəyə minib. Lakin Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrində ciddi irəliləyişin əldə edilməməsindən dolayı Azərbaycan və Gürcüstan (1993-cü il dekabrın 9-da müqaviləni imzalayıb – red.) 1999-cu ildə onu uzatmaqdan imtina etdilər. Buna baxmayaraq, 1993-cü ildə Azərbaycan KTMT-ni imzalamaqla Avrasiyada siyasi-hərbi inteqrasiyaya ən azından açıq olduğunu nümayiş etdirdi.
Bu gün KTMT-yə qoşulmaq Bakıya müdafiə əməkdaşlığı üçün aşkar üstünlük qazandırar. Rusiya, Belarus və Ukrayna Xəzər dövlətlərinə silah təchiz edirlər. Bu üç dövlətdən ikisi – Rusiya və Belarus KTMT-nin üzvü olduğu halda Ukrayna NATO-ya qoşulmağa çalışır, lakin hələ də Sovet üslubunda modernləşdirilən hərbi ləvazimatlarını Azərbaycana satmağa davam edir. Azərbaycan üçün KTMT-nin üzvlüyü müdafiə sahəsində satınalma prosesini asanlaşdıra və sərt bazar prinsiplərindənsə qarşılıqlı faydaya söykənən əməkdaşlığa yol aça bilər. Əslində Ermənistanın hələ də qeyd şərtsiz dəstəyə qaldıqda KTMT müttəfiqlərinə inana bilmədiyi halda, təşkilatda qalmasının əsas səbəbi də elə silahlanmada endirimlər əldə etməkdir.
Üstəlik KTMT üzvlüyü Rusiya və Azərbaycanı daha da yaxınlaşdıra bilər. Rusiya Azərbaycanı strateji partnyor adlandırır. İki ölkənin 284 kilometr uzunluğunda quru sərhədi var və hər ikisi Xəzərətrafı dövlətdir. Diasporalar, Rusiyadakı azərbaycanlılar və Azərbaycandakı ruslar, dağıstanlılar da qarşılıqlı əlaqələrdə vacib faktordur. Daha önəmlisi, Rusiya Dağlıq Qarabağ münaqişəsində mühüm rola malikdir. 2008-ci ildə Abxaziya və Cənubi Osetiya müharibəsinə qarışan Rusiyaya düşməncə münasibət bəsləyən Gürcüstandan fərqli olaraq, Azərbaycan ara-sıra rəsmi Moskvanı tənqid etsə də Rusiyanın Dağlıq Qarabağda sülh prosesinə təsirini dəstəkləyir.
Yuxarıda qeyd olunan faktorlar KTMT-yə üzvlüyü Azərbaycan üçün cəlbedici ehtimal edir, lakin onlar bu oyunda yalnız deyillər. Bakı illərlə KTMT ilə əlaqə saxlasa da, NATO ilə də yaxından çalışıb. 2017-ci ildə Bakı və Brüssel yenilənmiş Fərdi Tərəfdaşlığa dair Fəaliyyət Planını qəbul edib. Azərbaycan qoşunları NATO-nun Kosovo, İraq, Əfqanıstan missiyalarında iştirak edərkən, Bakı NATO-nun Avropadan Əfqanıstana yardım çatdırmalarına da böyük logistik dəstək təmin edib. Hələ də Azərbaycan NATO üzvlüyünə maraq göstərmir. Rəsmi Bakı, Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramına daxil olsa da, Aİ ilə assosiasiya sazişi imzalamağa da həvəs göstərmir. Faktiki olaraq Bakı, 2011-ci ildə qoşulmama hərakatına üzv olub.
Gələn il Bakı 12 Qərb neft maqnatı ilə imzaladığı “əsrin müqaviləsi”nin 25 illiyini qeyd edəcək. Bu sənəd Azərbaycanın ticarət və xarici siyasətinə böyük ölçüdə yön verir və o, ABŞ-ın prioritetləri ilə uyumludur. Ceffri Mankofun sözləri ilə desək, Xəzərdən Avropaya enerji təchizatının əhəmiyyəti azala bilər, amma Birləşmiş Ştatlar geosiyasi plüralizmi zəmanət altına almaq üçün yenə də Cənubi Qafqaz boru kəməri layihələrini dəstəkləyəcək.
Buna görə də, Bakı öz strategiyasını ABŞ və Aİ-nin Rusiyanın “neft və qaz silahı”, eyni zamanda Moskvanın keçmiş Sovet İttifaqı ərazisində qurmağa çalışdığı “eneji imperiyası” ilə bağlı fobiyalarına uyğunlaşdıra bildi.
Bu səbəbdən dolayı həm Rusiya, həm də Qərb Azərbaycanı dəyərli partnyor kimi görür. Regiondakı qonşularından fərqli olaraq, Azərbaycanın güclü iqtisadiyyatı və onun hər iki düşərgədən kənarda qalmağa imkan verən yetərli resursları var. Buna görə də, o hələ də təkcə Rusiya, ABŞ və Aİ ilə deyil, həm də Yaxın Şərqdəki əlaqələrində elastikliyini saxlaya bilir. Azərbaycan İsrail üçün açar enerji partnyorudur və o, İsrail istehsalı silahlar alır. Buna baxmayaraq, bu, onun Fələstinin müstəqilliyinə dəstək verməsinə əngəl törətmir. Əlavə olaraq Azərbaycan İranla əlaqələrini gücləndirir və onu Xəzər dənizi, həmçinin, Şimal-Cənub Nəqliyyat Dəhlizində potensial iqtisadi partnyor kimi görür. Bakı Qərb partnyorlarını rədd edib, Avrasiyaya qucaq açmaqla öz manevr azadlığını məhdudlaşdırmağa o qədər də həvəsli deyil. Azərbaycan bilir ki, Moskvanın Bakıya “əsrin müqaviləsi”nə alternativ təklifi yoxdur.
Azərbaycanlı politoloqlar və mətbuat bir neçə səbəbdən dolayı KTMT-yə üzvlük ehtimalını yenidən canlandırdı. Prezident İlham Əliyev tezliklə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Putinlə istənilən görüş Bakı və İrəvanın bir-birinə qarşı fürsətidir. Bu gün Azərbaycan məxməri inqilabla İrəvanın götürdüyü istiqamətdən, Kremlin duyduğu narahatlıqdan faydalanmağa çalışır.
Heç kim deyə bilməz ki, erməni siyasətçilər də bu vəziyyətə töhfə verməyib. Doğrudur, Nikol Paşinyanın yeni hökumətinin ilk yüz günündə İrəvan və Moskva arasında strateji müttəfiqliyi şübhə altına atacaq heç bir bəyanat səsləndirilməyib. Lakin bəzi ölkədaxili hadisələr, xüsusilə sabiq prezident Robert Köçəryanın həbsi, KTMT-nin Baş katibi Yuri Xaçaturovun istintaqı, korrupsiyaya qarşı selektiv kampaniya və Rusiya dəmiryollarının nəzdində fəaliyyət göstərən Cənubi Qafqaz dəmiryollarında axtarışlar Ermənistanın Rusiya ilə əlaqələrini çətinləşdirir. Artıq Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskvanın narahatlığını ifadə edib.
Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həllində öz sələfi Serj Sarkisyandan daha sərt mövqe tutub. Buna görə də, Bakının Moskva və İrəvan arasında ayrılmanı təşviq etməyə çalışması və sonuncu Xəzər Sammitindəki nailiyyəti ərsəyə gətirməsi təəccüb doğurmamalıdır. Putin və Əliyev görüşəndə onlar yəqin ki, Dağlıq Qarabağ və eyni zamanda bütün regiondakı vəziyyəti müzakirə edəcəklər. Təbii olaraq Azərbaycan özünü daha etibarlı, stabil və Rusiya üçün daha məqsədəuyğun partnyor kimi təqdim edəcək. Lakin həm Moskva, həm də Bakı güman ki, gerçək yanaşmaların indilik kartlarda olmadığını anlayır.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllindən danışdıqda “Ermənistan və ermənilər” üzərində qələbə və Azərbaycan ərazilərinin Bakıya qaytarılmasını nəzərdə tutur. Azərbaycan bu məqsədə xidmət etməyən çoxtərəfli təşəbbüsləri əngəlləyir, yaxud ehtiyatlı addımlar atır. Odur ki, Azərbaycanın KTMT-də, Avrasiya Gömrük İttifaqında və Avrasiya İqtisadi Birliyində iştirakı məhz bu tendensiyaya qurban verildi. Sadə dillə desək, Bakı İrəvanla eyni təşkilatla yer almağın əsas siyasi prioritetinə nail olmağa xidmət etmədiyini düşünür. Öz növbəsində Moskva da həm Bakı, həm də İrəvanın KTMT-də iştirak edəcəyi təqdirdə, onun da MDB kimi klona, yaxud Dağlıq Qarabağ danışıqlar forumuna çevriləcəyindən ehtiyat edir. Bu baş versə, regional inteqrasiyanın müzakirəsi və ya hansısa məqsədə nail olmaq qeyri-mümkün olacaq.
Ağalar Ağalarlı
Ordu.az