Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, İsrail tərəfi isə F-35-lərdən birinin quşla toqquşma (mühərrikə daxil olma) nəticəsində dağıntıya məruz qaldığını bildirib.
Hər şey ötən il oktyabrın 16-da başladı. Həmin vaxt İsrail öz təyyarəsinin Suriyanın Dəməşq yaxınlığındakı SAM batareyasını vurduğunu elan etdi. Bundan iki saat öncə həmin batareyadan İsrailin Livan üzərində uçuş edən kəşfiyyat təyyarəsinə atəş açılmışdı. Hücum nəticəsində raket batareyası dağıdıldı, əvəzində İsrail təyyarəsinə heç bir qarşılıq vermək mümkün olmadı. Təsadüfi olsa da, olmasa da, məhz həmin gün Rusiya Müdafiə naziri Sergey Şoyqu Baş nazir Benyamin Netanyahu və Müdafiə naziri Aviqdor Libermanla görüşmək üzrə İsraildə səfərdə idi.
Nəysə, sonuncu hadisədə İsrail hökumətinin quşla toqquşma bəyanatına baxmayaraq, Rusiya ordusu və onun Suriyadakı müharibə çərçivəsində fəaliyyətindən xəbərlər yayan Southfront.org saytının hekayəsi isə fərqli idi. Məlumata görə, Suriya Müdafiə Qüvvələri İsrail təyyarəsinə qarşı S-200 raketindən istifadə etmişdi. Lakin sayt bu məsələ üzərində çox da təkid edə bilməzdi. Çünki ilkin istehsal tarixi 1960-cı illərə gedib çıxan bir raket sisteminin ən müasir və qabaqcıl stels təyyarəsini vurma iddiası o qədər də ağlabatan səslənmirdi.
Qeyd edək ki, İsrail ordusu Suriya raket batareyasının vurulmasını elan etdikdən bir neçə saat sonra İsrail mətbuatı bundan iki həftə öncə F-35-in quşla toqquşduğuna dair xəbər yaydı. Məlumatda təyyarənin sağ-salamat yerə endiyi bildirilsə də, İsrail Hərbi Hava Qüvvələri təyyarənin bir daha uça bilib-bilməyəcəyindən əmin olmadıqlarını etiraf etdi. İsrail ümumilikdə 50 F-35 sifariş verib və onların 7-si artıq çatdırılıb.
Ağalar Ağalarlı
Ordu.az