Ordu.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun Konqresə təqdim etdiyi hesabatda qeyd olunub.
“Müdafiə Nazirliyinin hesablamalarına görə, İraq və Suriyada İŞİD-ə, Əfqanıstanda İŞİD və “Taliban”a, Yəməndə “Əl-Qaidə” və İŞİD-ə qarşı aparılan hərbi əməliyyatların nəticəsində 2017-ci ildə ümumilikdə 499 mülki şəxs həlak olub, 169-u isə yaralanıb”, - deyə hesabatda göstərilir.
İllik olaraq ABŞ ordusunun hərbi əməliyyatlarında mülkilərin ölümünə dair Konqresə təqdim olunan həmin hesabatda 2017-ci ildə Somali və Liviyada belə halların baş vermədiyi bildirilib.
Eyni zamanda 450-yə yaxın mülki itkilərə dair məlumatın isə Pentaqon tərəfindən hələ ki araşdırıldığı qeyd olunub. Bu o deməkdir ki, göstərilən ölü və yaralanma sayı daha çox ola bilər.
Tramp administrasiyasının ilk ili olan 2017-də Əfqanıstan, Suriya, İraq, Yəmən və Somalidə hava hücumları artarkən, Liviyada azalıb. Əfqanıstanda endirilən aviazərbələrin sayı 4361 (2016-cı ildə 1337), İraq və Suriyadakı hücumların sayı isə 39577 (2016-cı ildə 30743) olub.
Ağalar Ağalarlı
Ordu.az