Ordu.az xəbər verir ki, iki ölkə arasındakı tarixin ən böyük müdafiə kontraktı olan bu anlaşma Türkiyə müdafiə sənayesinə də təkan verəcək.
Pakistan aldığı ATAK helikopterləri Ankaranın bu sahədəki ilk yerli məhsuludur. Onu İtaliya və Britaniyanın ortaq “AgustaWestland” şirkətindən aldığı lisenziya ilə “Türkiyə Aerokosmik Sənayelər” (TAI) şirkəti təkmilləşdirib.
ATAK 2014-cü ildən etibarən Türkiyə Silahlı Qüvvələrinin (TSQ) inventarına daxil edilib. TAI-nin qüvvədə olan layihəsi əsasında TSQ-yə 91, Daxili İşlər Nazirliyinə isə 9 helikopter çatdırılacaq.
İki ölkə arasında müqavilənin imzalanmasından öncə helikopter Pakistanda sınaqdan keçirilib. Türkiyə və Pakistan arasında hərbi əlaqələr yeni deyil. Ölkələrin Hərbi Hava Qüvvələri əməkdaşlıq, təlim mübadiləsi satınalma və strateji partnyorluq baxımından ən yaxın müttəfiqlərdəndir.
Pakistan və Türkiyənin ənənəvi olaraq güclü müdafiə və iqtisadi əlaqələrə sahibdirlər. Türkiyə Pakistanın Beynəlxalq Müdafiə Sərgisi və Seminarında açar iştirakçılardan biridir. Bu tədbirdə hər iki tərəfdən kompaniyalar öz məhsullarını təqdim edirlər.
2000-ci ilin əvvəlində iki ölkə müdafiə əlaqələrinin gücləndirilməsinə qərar verdi. Bundan bir il sonra isə bu ölkələrin HHQ-ləri mübadilə proqramı imzaladılar. Proqram əsasında bu vaxta qədər Pakistandan 1494 hərbi qulluqçu Türkiyədə hərbi təhsil alıb. Həmçinin Türkiyənin 125 hərbi personalı da Pakistan Müharibə Kolleci və Pakistan Milli Müdafiə Akademiyasında təlim keçib.
Pakistan Türkiyəyə NATO xüsusiyyətlərinə malik kiçik silahlar təchiz edib. Bu vaxta qədər tərəflər arasında 60 saziş imzalanıb. 2013-cü ildə Pakistan hökuməti Türkiyə şirkəti ilə donanma üçün tankerin tikilməsinə dair 80 milyon dollarlıq müqavilə imzalayıb.
2015-ci ildə Türkiyə Pakistana 34 ədəd T-37 təlim təyyarəsi və onun hissələrinin çatdırılacağını elan edib. 2016-cı ildə TAI 75 milyon dollar qarşılığında Pakistan HHQ-nin F-16 filotiliyasının modernizasiyasına razılıq verib.
Ağalar Ağalarlı
Ordu.az