Suriyaya hava zərbələri: Bu ana kimi bilinənlər

2018/04/345345_1523689292.jpg
Oxunub: 3748     15:00     14 Aprel 2018    
Tereza Mey, Emmanuel Makron və Donald Tramp Suriya prezidenti Bəşər Əsədin kimyəvi silah imkanlarını hədəf almaq üçün birləşdilər. Beləcə Suriya hökumətinin Dumada iddia olunan kimyəvi silah hücumuna cavab olaraq ABŞ, Britaniya və Fransa bu gün gecə saatlarında ölkənin kimyəvi silahlarına hücum edib.

Birləşmiş Krallığın Baş naziri Tereza mey bildirib ki, Suriya rejimini kimyəvi silahın istifadəsindən çəkindirmək üçün gücdən başqa praktiki alternativ yoxdur.

“Zərbələrə başlamazdan əvvəl bütün mümkün diplomatik kanallar əldən keçirilib. Bu inadkar davranış tipi dayandırılmalıdır – təkcə Suriyadakı günahsız insanları kimyəvi silahlar vasitəsilə dəhşətli ölüm və itkilərdən qorumaq üçün yox, həm də bu silahların istifadəsini qadağan edən beynəlxalq normaların pozulmasına imkan verməmək üçün. Bu vətəndaş müharibəsinə müdaxilə etmək deyil. Bu rejim dəyişikliyi də deyil”, - deyə əlavə edib.

“Bu regionda gələcəkdə gərginliyin daha da artmasını əngəlləməkdir və bu hücumlarda mülki itkilərin qarşısını almaq üçün mümkün olan hər şey edilir”, - deyə o vurğulayıb.

Donald Tramp yerli vaxtla dünən 21:00-da Ağ Evdən Amerika xalqına səslənib və “nöqtə zərbələr”in endirilməsinə dair göstəriş verdiyini elan edib. O bunun Britaniya və Fransa ilə birlikdə həyata keçirildiyini təsdiqləyib.

“Bu şeytani və mənfur davranış ana və ataları, uşaqları əzaba qərq edib, havanı kirləyib. Amerika, Britaniya və Fransanın birgə cavabı milli gücümüzün bütün elementlərini birləşdirəcək. Qısa zaman öncə, mən Birləşmiş Ştatların silahlı qüvvələrinə Suriya diktatoru Bəşər Əsədin kimyəvi silah imkanları ilə əlaqəli olan hədəflərə doğru nöqtə vuruşlarının edilməsi göstərişini verdim”, - deyə o qeyd edib.

Fransa prezidenti Emmanuel Makron Suriya rejiminin Dumadakı kimyəvi silah hücumundan məsuliyyət daşıdığına dair heç bir şübhə olmadığını bildirib.

O deyib: “Biz kimyəvi silahlardan istifadəyə qarşı dözümlü yanaşa bilmərik. Bu Suriya xalqı və bizim kollektiv təhlükəsizliyimiz üçün təcili təhlükə vəd edir. Fransa tərəfindən 2017-ci ilin mayında qırmızı xətt çəkilmişdi”.

Resurslar

Kral HHQ-nin “Tornado”ları

Britaniya Kral Hərbi Hava Qüvvələrinin 4 ədəd GR4-ü Suriyaya qarşı zərbələrə qoşulub. Onlar Xümsün 15 mil qərbində yerləşən bazaya “Storm Shadow” raketləri endirib.

“Tornado” Britaniyanın əsas quru hücum qırıcısıdır və onlar yaxın illərdəki Suriya və İraqda həyata keçirilmiş çoxsaylı aviahücumlarda istifadə olunub.

40 illik əməliyyatlardan sonra növbəti il təqaüdə çıxarılacaq “Tornado”nun maksimum sürəti 1600 km/saat-dır. Onlar Liviya və Əfqanıstandakı əməliyyatlarda da görülüb.
Əsas “Tornado” eskadronları Kral Hərbi Hava Qüvvələrinin Norfolkdakı “Marham” bazasında yerləşir. Bu baza növbəti ildən etibarən F-35 “Lightining” gizli qırıcılarının evi olacaq.

Hazırda Kral Hərbi Hava Qüvvələrinin Kiprdəki Akrotiri bazasında 6 ədəd “Tornado” saxlanır. Bu ərazi Suriyadan sadəcə 510 kilometr kənardadır.

“Storm Shadow” qanadlı raketləri

Raketi istehsal edən “MBDA systems” tərəfindən “uzaqmənzilli dərin zərbə silahı” kimi təsvir edilən bu raketlər haqqında kompaniyanın saytında “yüksək dəyərli sabit və ya stasionar hədəflərə qarşı planlaşdırılmış hücumların tələblərini qarşılamaq üçün hazırlanıb” ifadələri qeyd olunub.

Onun çəkisi 1300 kiloqram, uzunluğu isə 5,1 metrdir. O, 240 kilometr mənzilə sahibdir. Hazırda “Tornado”lardan atılır və gələcəkdə “Eurofighter Typhoon”lar tərəfindən istifadə ediləcək.

Uzaqmənzilli hava-yer raketi olan “Storm Shadow” yeraltı təsisatlara nüfuz edə bilir. O, ilk dəfə xidmətə 2003-cü ildə verilib və həmin vaxtlarda öz növü üzrə dünyanın ən qabaqcıl silahı kimi təsvir edilib.

Britaniya Müdafiə Nazirliyi bildirib ki, rejim Kimyəvi Silahlar Konvensiyası qarşısındakı öhdəliyini pozaraq kimyəvi silah depolarını saxlamağa davam edir.

Müdafiə naziri Qavin Uilyamson Dumada kimyəvi silahlardan istifadənin Suriya rejiminin öz xalqına qarşı qəddarlığının daha bir sübutu olduğunu qeyd edib.

“Qadın və uşaqlar da daxil olmaqla, məsum mülki şəxslərin oldürülməsi və əzab çəkməsinin davam etdiyi bir vaxtda biz də səssiz qala bilmərik. Beynəlxalq cəmiyyət qanuni və əndazəli hərbi güclə qətiyyətli cavabı vermiş oldu. Bu, birgə əməliyyat rejimə dəqiq ismarıc olsun – kimyəvi silahdan istifadə qəbuledilməzdir və siz bunun hesabını verməli olacaqsız”, - deyə Uilyamson əlavə edib.

Fransanın “Rafale” döyüş təyyarələri də hücuma qoşulanlardandır. Makron tvitterdə Suriyaya zərbə endirmək üçün yola havaya qalxan təyyarələrin videosunu paylaşıb.

Hücum Dəməşqdəki elmi tədqiqat mərkəzini və Xüms ərazisindəki silah depolarını hədəf alıb. “Reuters”in müxbiri Suriya paytaxtının partlayışlara qərq olduğunu və havaya tüstünün yüksəldiyini xəbər verib.

Suriya İnsan Hüquqları Müşahidə Qrupu Xümsdəki ərazilərə əlavə olaraq Dəməşqdə ikinci tədqiqat mərkəzinin də vurulduğunu bildirib.

Dəməşqin Mezze bölgəsindəki elit ordu diviziyaları tərəfindən istifadə edilən beş hərbi baza və depo da vurulanlar arasındadır.

Suriya prezidenti Bəşər Əsədi dəstəkləyən regional alyansın rəsmisinin məlumatına görə, Birləşmiş Ştatlar, Britaniya və Fransanın birgə təşkil etdiyi hücumun artıq dayandığını deyib.

“Əgər bu iş bitdi və ikinci raund olmayacaqsa, hücumları məhdud adlandırmaq olar”, - deyə o “Reuters”ə söyləyib.

Reaksiya

Suriya dövlət televiziyası havadan müdafiə qüvvələrinin hücumlara cavab verdiyini və Dəməşqin cənubunda yerləşən Kişvə zonasında 13 raketi zərərsizləşdirdiyini xəbər verib. O, hücumu “beynəlxalq hüququn kobud pozuntusu” kimi təsvir edib.

Növbəti addım

ABŞ Müdafiə naziri Ceyms Mettis bundan sonrası üçün hücumun planlaşdırılmadığını bildirib.

General Cozef Danfordun sözlərinə görə, zərbələr mülkilərə heç bir lüzumsuz risk meydana gətirmədən hədəflərə maksimum dağıntı verib.

ABŞ və müttəfiqlərinin hərbi əməliyyatlara davam edib-etməyəcəyi ilə bağlı suala isə onun cavabı belə olub: “Bu cənab Əsəddən asılıdır. Əgər o gələcəkdə yenə kimyəvi silahdan istifadə etməyə qərar versə, yeni hücum ola bilər. Və əlbəttə ki, Kimyəvi Silahların Qadağan edilməsini imzalayan güclərin Əsədə qarşı hücum etmək üçün hər cür səbəbi var. Çünki o, bunu pozmağı seçib”.

“Lakin hazırkı hücum birdəfəlikdir və inanıram ki, bu hücumla verilmək istənən mesaj ona kifayyət qədər aydın olub”, - deyə Danford əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya-böhranı   Hücum   ABŞ-Britaniya-Fransa  


Bizi "telegram"da izləyin