Cəbhədə səməni ətri: Evlərimiz yaşıl çöllü səngərlərimizdir (FOTOLAR)

2018/03/s6_1522131347.jpg
Oxunub: 1816     14:17     27 Mart 2018    
Tariximiz boyu torpağın oyanmasını, bərəkət və ruzinin təbiətlə gəlişini Azərbaycan xalqı olaraq bayramlarla, sevinclə, fərəhlə qarşıladıq. Bu bayramlar bizlərə sovetlərdən qalma Yeni il bayramından daha əziz, daha fərəhli oldu. Çünki bu bayramda milli rənglərimizin çoxluğu, adət-ənənələrimiz, folklorumuz, sonda isə hər birimizin uşaqlıq nostaljilərinin çalarları vardı.

Səməni, şəkərbura, paxlava, papaqatdı, tonqal üstündən tullanma, qapı pusma, yumurta boyama və s. kimi adətlərimizin nə qədər bizə yaxın və sevimli olduğu heç kimə gizli deyil. Hələ qədimdən Novruz gələndə, evlər yığışdırılıb təmizlənər, ağardılar, həyət-baca qaydaya salınar, ağacların dibi bellənər, qız-gəlin təzə don geyər, ümumən xalq bayram süfrəsinə yığışardı. Bu bayramda hər zaman bir oyanış, sevgi və məhəbbət ətri hiss olunar.

Bu baharda da adətimizdəm kənarda qalmadıq. Xalqımız bayram edərkən də savaş çöllərinə bayram ətri, səməni bərəkəti və tonqal istiliyi gəldi. Qarabağ savaşının dəyərli qaziləri hər il olduğu kimi, bu il də bu bayramı evlərində qeyd etməyə yığışdılar. Evlərimiz isə yaşıl çöllü, torpaq ətirli, nərgiz güllü, bənövşəli səngərlərimiz idi. Bizim Qarabağ savaşı bitməyənə qədər şəxsi evimizin olmayacağı daxilimizdə gizlənən hər bir döyüşçüyə bəllidir.

Bu bayram da bir “toplan” komandası ilə sıralandıq. Vətənin qeyrət və namus simvolu olan döyüş zonasına yol aldıq. Övladlarımızı bu bayramla sevindirmək, onların yanında olmaq, komandanlığa “əmr verin biz də döyüşə qatılaq” demək üçün çöllərin tozlu yolları ilə addımladıq. Övladlarımız əyinləri zirehli, əlləri silahlı, başları dəbilqəli olaraq bizi qarşıladı. Bəli, bunlar ataları-anaları fərqli olsa belə, bizlərə övladdır. Biz bütün bayramlatrda olduğu kimi öz şəxsi evimizi səngərlərə dəyişdik. N saylı hərbi hissənin döyüş mövqelərində bayram-bayrama qarışdı. Əlimiz bayraqlı, dilimiz Vətən nidalı, qəlbimiz savaş soraqlı bu yerə çatdıq. Çöllər də bu gəlişdən, bu əzmdən fərəhlənərək taxıl zəmilərinin yaşıl yorğanını titrətdi. N saylı ordu birləşməsinin komandanlığı, Xocavənd rayonu icra başçısı, rayonun dövlət və hökumət idarələrinin rəhbər işçiləri, sadə vətəndaşların da qatıldığı bu bayram gəlişində əsgərlərimizə bayram xonçaları, hədiyyələr verildi, qurbanlar kəsildi. İctimaiyyət nümayəndələrinin də iştirak etdiyi bu tədbirdə əsgərlər qarşısında çıxışlar oldu, onlara tövsiyyələr verildi. Qarabağ savaşının Qaziləri əsgərlərimizi əmin etdi ki, əmr olan zaman onlar mütləq qəhrəman əsgər və zabitlərimizlə savaşa atılacaq, torpaqların azad olunması üçün canlarını əsirgəməyəcəklər.

N saylı ordu korpusunun komandiri bu bayram gəlişi üçün qonaqların hər birinə öz təşəkkürünü bildirdi və dedi ki, belə gəlişlər əsgər və zabitlərimizdə böyük ruh yüksəkliyinə, fərəhə gətirib çıxaran amillərdəndir. Ordu ilə xalqın birliyi sarsılmaz, əsgərlə vətəndaşın vəhdəti sınmazdır. Əsgər və zabitlər qarşısında çıxış edən Xocavənd rayon icra başcısı Eyvaz Hüseynov əsgərlərimizin, zabitlərimizin və digər hərbi qulluqçularımızın Novruz bayramını təbrik etdi. Çıxış zamanı əsgərlərimizi bir daha Vətən torpağını qürurla qorumağa, komandirlərinin əmrlərini diqqətlə yerinə yetirməyə, düşmən qarşısında mətin durmağa çağırdı.

Sonda qonaqlar və əsgərlər birlikdə bayram süfrəsində birləşərək bir daha xalqımızı, Ali Baş Komandanı əmin etdilər ki, əmr aldıqları anda irəli atılaraq döyüşə girəcək və Vətənin son sərhəddinə kimi düşməni əzərək qələbə bayrağını qaldıracaqlar.

Düşmən bu əzəməti yəqin ki, görürdü. Məyus durumları susduqlarından bilinirdi. Düşmən də olsa anlayırdı ki, torpaq, Vətən, bayraq sevgisi olanlar heç zaman ərazilərinin bir metrini də onlara keçməyəcək və bu insanlar bu torpaq üstündə xain kimi yox, bir qəhrəman kimi gəzirlər. Əsgərlərimizin üzündəki mətinlik, sevinc və fərəh, bu savaşın başlanacağı təqdirdə düşmənə çox acılar yaşadılacağından xəbər verirdi. Bu bayramı da həmişəki kimi əzmlə, mətinliklə başa vurduq. Hələlik qayıtdıq. Amma Ali Baş Komandanın “Döyüşə” əmrinə kimi. Bu əmrin yaxında daha bir bayrama çevriləcəyinə inamla bir ifadə keçdi icimizdən:
Təki vətən sağ olsun!






Hərbi ekspert Abuzər Əbilov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səngər   Novruz-bayramı  


Bizi "telegram"da izləyin