Britaniyada xeyriyyə, ABŞ-da isə qeyri-hökumət təşkilatı olaraq qeydiyyatdan keçən “HALO Trust”ın qlobal qərargahı Şotlandiyada yerləşir. Təşkilatın Vaşinqtonda və Kaliforniyanın San-Fransisko bölgəsində ofisi mövcuddur. Təşkilat buna qədər işğal altında olan ərazilərimizdə qanunsuz fəaliyyətlər aparmaq üçün ABŞ, Böyük Britaniya, Hollandiya, USAİD, “The Yulia Burke Foundation” kimi bir sıra ölkə və təşkilatlardan maliyyə dəstəyi alıb.
İşğal altında olan Qarabağa qanunsuz səfər edən “Əl-Cəzirə” saytının müxbiri Yeva Klifford bölgədə aparılan qanunsuz “minatəmizləmə” əməliyyatlarını ustalıqla səhnələşdirir: “Laçında, bir vadidə təpənin üzərində üç mərtəbəli əsas düşərgənin seyrək yaşayış arealında oturduq.
Burada Narine Asatryan quru minasının tapılmasının başqa heç nəyə bənzəməyən hisslər yaşatdığını deyir. O, “HALO Trust”ın mina axtaranlarından biridir və hələki iki ədəd piyada əleyhinə mina tapıb.
Güclü qardan bütün regionda elektrik kəsilib və istilik otaqların mərkəzindəki qaz sobaları ilə təmin edilir. Evin altından dik bir yamac aşağıdakı qışlağa aparır.
Digər bir “HALO” minaaxtaranı İnqa Avanesyan işin ən ağır hissələrindən birinin belə ekstremal havada fəaliyyət göstərmək olduğunu söyləyir”.
Daha sonra Qarabağ münaqişəsinə toxunan Yeva Klifford təşkilatın işğal altında olan ərazilərdə 2000-ci ildən fəaliyyət göstərdiyini, 2015-ci ildən etibarən ilk qadın minaaxtaran komandasının formalaşdırılmasını bildirir. O, hazırda işğal altında olan ərazilərdə təşkilata 11 qadının üzv olduğunu və onlara bu il daha çox təlim keçiləcəyini qeyd edir.
Bölgəyə qanunsuz səfər edən xarici jurnalist öz rolunu yüksək templə davam etdirir və nəhayət “zəhmətkeş” qadın minaaxtaranlarının təqdimatına keçir.
İlk fotoda təhlükəsizlik “brifinq”ində nümayiş etdirilən xəritədə minalanmış Marzili ərazisi göstərən Klifford Svetlana, Alvina adlı qadını Mərzilidə PMN-2 mina axtaranı kimi təqdim edir. Jurnalist bir az da irəli gedərək Lusina adlı qadını yerli sakin kimi təsvir edir. Hətta əmisinin OZM-72 minasının partlaması nəticəsində öldüyünü, onun 2017-ci ildən təşkilatda çalışdığını bildirir.
Rollar ardıcıl olaraq ustalıqla davam etdirilir. Jurnalist Varditer, Narine, İqna və Kristin adlı qadınların fotolarını çəkən müxbirlər sonda təşkilatın “sülhpərvər minatəmizləyən” komandasını təqdim edir. Təbii ki, jurnalistin məqsədi ciddi-cəhdlə vurğuladığı uşaqların təhlükəsizliyi kimi qayğılar deyil.
Movses Ter-Hovhannisyan adı erməni bloqer “Twitter” hesabında “Əl Cəzirə” müxbirinin yaratdığı bu teatrı darmadağın edir: “Bir daha bildirirəm, Qarabağda mina təmizləyən qadınlar yoxdur. Onlar, Ermənistanda yaşayan qadınların İran, Azərbaycan və Səudiyyə Ərəbistanında yaşayan qadınlardan daha az hüquqlara sahib olması faktını gizlətmək üçün prezident Sarksyan tərəfindən pul qarşılığında tutulmuş aktrisalardır. Ermənistanda bu patriarxat cəmiyyəti məhv etmək lazımdır”.
Beləliklə, sifarişlə hazırlanan məqalədə əsas məqsəd Ermənistan hakimiyyəti və lobbisinin ABŞ-dan işğal altında olan ərazilərimizdə “minatəmizləmə” adı altında əməliyyatların aparılması üçün istədiyi maliyyənin ayrılmasına dəstək göstərməkdir.
Xatırladaq ki, ABŞ Konqresinin erməni məsələləri üzrə heyəti, işğal altında olan ərazilərimizdə “minatəmizləmə” əməliyytları üçün 6 milyon dollar, sülhə dəstək adı altında 4 milyon dollar, həmçinin Ermənistana 10 milyon ABŞ dolları məbləğində hərbi yardım, Yaxın Şərqdən gələn "qaçqınlar"ın qəbul edilməsi və onların Qarabağa yerləşdirilməsinə dəstək məqsədilə 20 milyon dollar olmaqla, 30 milyon dollar yardım edilməsini istəyib.
Alpər Mövludoğlu
Ordu.az