Ordu.az-ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, minaatanlardan və snayper tüfənglərindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Silahlı Qüvvələrin Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Tərtər, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqeləri erməni silahlı bölmələrinin atəşinə məruz qalıb.
Bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altında olub.
Fevralın 7-də saat 13:50 radələrində, işğal altında olan Qarabağın cənub istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən erməni əsgəri 1998-ci il təvəllüdlü Hayk Razmik Kalantaryan məhv edilib.
Həmin gün cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb. Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib və 2 hərbçisi isə ağır yaralanıb. Düşmən geri çəkilməyə məcbur edilib.
Düşmən tərəfinin Azərbaycan-Ermənistan dövlət sərhədini pozmaq məqsədilə Qazax rayonu istiqamətində həyata keçirdiyi növbəti təxribatı da uğursuzluqla nəticələnib.
Fevralın 11-də səhər saatlarında hava şəraitinin dumanlı olmasından istifadə edərək düşmən Ordumuzun ön xətt mövqeləri istiqamətində hərəkətə cəhd göstərib. Mövqelərimiz istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupuna məxsus “UAZ” markalı avtomobil texnikası bölmələrimiz tərəfindən xüsusi texniki müşahidə vasitələri ilə vaxtında aşkar edilərək nəzarətə götürülüb.
Geri çəkilməyə məcbur edilən düşmən qrupu ona məxsus avtomobil texnikasını ataraq təcili surətdə ərazini tərk edib. Öz mövqelərinə geri çəkilən düşmən ərazidə qalan “UAZ” avtomobilinə atəş açmaqla onu yandıraraq məhv edib.
Bundan əlavə, fevralın 12-də işğalçı Ermənistan ordusu cəbhənin Tərtər rayonu Qırmızıkənd kəndi istiqamətindəki qarşıdurma xəttində Azərbaycan Ordusunun mövqelərini minaatanlardan atəşə tutub. Təxminən saat 17:00 radələrindən etibarən eşidilən atəş səsləri yarım saat ərzində davam edib.
Azərbaycan Silahlı Qüvvələrinin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub. Qeyd edək ki, mərmi səsləri əraziyə yaxın yaşayış məntəqələrindən açıq-aşkar eşidilib. Mərmilərin bir neçəsi otlaq sahələrə düşüb.
Fevralın 21-də isə cəbhənin Füzuli istiqamətində Ordumuzun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq ələ keçirilib.
Bir gün sonra saat 09:40 radələrində, işğal altında olan Qarabağın şimal-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən erməni əsgəri 1998-ci il təvəllüdlü Qriqor Karapet Yeğoyan məhv edilib.
Həmin gün düşmən Azərbaycan-Ermənistan dövlət sərhəd xəttində növbəti təxribata cəhd edib. Məlumata görə, saat 12:00 radələrində Ermənistanın şimal-şərq sərhəddində təxribata cəhd edən 19 yaşlı erməni əsgəri yaralanıb.
Azərbaycan Silahlı Qüvvələrinin bütün istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT" BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT" BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Ordu.az