Qaradağlı şahidi: "Nələrə dözmədim... Erməni məzarı üstündə başı kəsilənlər vardı" - FOTOLAR (Yenilənib)

2018/02/28233057_1014360818704222_1254879598_n_6075428832.jpg
Oxunub: 2101     23:40     17 Fevral 2018    
Xəbər verdiyimiz kimi, Xocavənd rayonunda Qaradağlı faciəsinin 26-cı il dönümünə həsr edilmiş anım mərasimi keçirilib. Mərasimdə Xocavənd rayon icra hakimiyyəti başçısı Eyvaz Hüseynov, keçmiş döyüşçülər, faciə şahidləri, II Ordu Korpusunun komandiri, general-mayor Mais Bərxudarov və hərbi hissənin şəxsi heyəti iştirak edib.

Faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə toplanan insan izdihamı matəm musiqisinin sədaları altında abidəni ziyarət edərək gül dəstələri düzüb, şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qaradağlı faciəsinin şahidi olan Şamxal Şirinov Ordu.az-a açıqlamasında həmin gün baş verən hadisələri xatırlayıb:

“Kəndimiz hər tərəfdən düşmən mühasirəsində idi. Artıq son üç gün idi ki, döyüşlər intensivləşmişdi. Əvvəllər Ağdamdan hava yolu ilə yardım alırdıq. Mühasirə dairəsi daraldıqdan sonra helikopter uçuşları mümkün olmadı. Güllələrimiz bitəndən sonra kənd əhalisi ilə birgə əsir götürüldük. Bizi yük maşınlarına yığıb Xankəndi istiqamətinə apardılar. Bir xeyli yol getdikdən sonra Bəylik bağı deyilən ərazidə saxlayıb bizə atəş açmağa başladılar. Aramızda xeyli ölən və yaralananlar oldu...”

Atası ilə birlikdə əsir götürülən Ş.Şirinov yol boyu insanları - əsasən gənclərin maşından düşürülərək yolda işgəncə ilə qətlə yetirildiyini deyir. Qətlə yetirilənlər arasında erməni məzarı üstündə başı kəsilənlər də olub. 50 günlük ağır işgəncə görən müsahibimizin vücudunda gördüyü dəhşətlərin izi qalmaqdadır. Lakin onun üçün unudulmayacaq ən dəhşətli işgəncə gözü qarşısında öz atasının dəfələrlə ölümcül döyülməsi olub:

“Nələrə dözmədim... Amansız dəhşətlər gördüm. 15 gün davamlı olaraq hər gün döyülərək ac susuz buraxıldım. Amma bunların ən acısı gözümün önündə yaşlı atama işgəncə edilməsi idi”.

O, girovluqdan azad edildikdən sonra könüllü olaraq döyüşlərə qatılmaq üçün Beyləqan rayon hərbi komissarlığına müraciət edib. Müraciəti qəbul olunan keçmiş döyüşçü bir çox hərbi əməliyyatlarda iştirak edib. Cəbhənin Füzuli rayonu istiqamətində gedən döyüşlərdə güllə yarası alıb. Hazırda II qrup Qarabağ müharibəsi əlilidir. O hər zaman Ali Baş Komandanın döyüş əmrinə hazır olduğunu bildirib.

Tədbir zamanı əməkdaşımızla həmsöhbət olan digər keçmiş döyüşçü Aslan Quliyev isə belə tədbirlərdə hərbçilərin iştirakının xalqda yüksək əhval-ruhiyyə yaratdığını diqqətə çatdırıb:

“Biz xocavəndli keçmiş döyüşçülər hər zaman ön xəttə xidmət edən əsgər və zabitlərimizin yanında oluruq. Ordu ilə xalqın bu münasibəti günü-gündən daha da yaxşılaşır. Cənab general-mayor M.Bərxudarov da, ordu komandanlığı da sağ olsun ki, bu işlərdə bizə yaxından dəstək olurlar. Artıq biz əminliklə deyə bilərik ki, bu bölgədə xidmət aparan hər bir əsgərin arxasında bir bir keçmiş döyüşçü var. Və bizimdə cəbhə bölgəsində arxayın yaşamağımıza səbəb məhz elə səngərdə bizim keşiyimizi çəkən hərbçilərdir”.

Xatırladaq ki, 1992-ci il fevral ayının 17-də düşmən mühasirəsində olan Xocavənd rayonunun Qaradağlı kəndi ermənilərin “Arabo”, “Aramo” dəstələri və 366-cı alayın hücumu ilə işğal edilib. İşğal zamanı 118 dinc sakin girov götürülüb. 33 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 54 nəfər əsirlikdən azad edilib. Qalan digər şəxslər barədə heç bir məlumat yoxdur.





Elgün Gəncimsoy, Xocavənd
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qaradağlı   Soyqırım   Erməni-vəhşiliyi  


Bizi "telegram"da izləyin