Ermənistan ordusunda itki, yaralanma, güllələnmə və döyülmə hadisələri – AYLIQ HESABAT

2018/01/1500297442_1491831450herb_149924266945645645_150951915834534_1512026483324234_1514736314_1517381950.jpg
Oxunub: 1980     14:58     31 Yanvar 2018    
Ordu.az 2018-ci ilin yanvarın 1-dən 31-ə kimi Ermənistan ordusunda qeydə alınan itki, yaralı, özünəqəsd, güllələnmə və döyülmə faktı ilə bağlı hadisələrin hesabatını təqdim edir.

Yanvar ayının nəticələrinə görə, Ermənistan ordusunda 4 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 1-i təxribat, 1-i qəza, 1-intihar, 1-i isə dəm qazından boğulma nəticəsində baş verib.

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, müxtəlif şəraitlərdə təxribat, döyülmə, güllələnmə, mina partlayışı və qəza hadisələrdə ən azı 19 düşmən hərbçisi yaralanıb. Bununla yanaşı, 2 korrupsiya faktı da aşklarlanıb.

4 yanvar

İşğal altında olan Qarabağda yerləşən qondarma qurumun şimal-şərq istiqamətindəki bölmələrdən birində mina partlayışı nəticəsində 2 hərbi qulluqçu yaralanıb.

Hadisə barədə rəsmi məlumat verilməyib. Erməni mətbuatının məlumatlarından məlum olub ki, yaralılardan biri Xankəndi hərbi hospitalında müalicə edilib. Yaralı erməni hərbi qulluqçusunun sağ ayağı amputasiya edilib və vəziyyəti orta ağırdır. Digər yaralı hərbi qulluqçu yanvarın 8-də İrəvan mərkəzi hərbi hospitalına təxliyyə edilib. Onun sol ayağı amputasiya edilib.

5 yanvar

Düşmən ordusunda daha bir cinayət hadisəsi baş verib. Sailyan soyadlı hərbi gulluqçu mübahisə etdiyi xidmət yoldaşı tərəfindən avtomatın qundağı ilə döyülüb. Komandanlıq tərəfindən hadisənin gizlədilməsi məqsədilə üz-gözü göyərən Sailyan əsgər yataqxanasında nəzarətdə saxlanılır.

6 yanvar

Saat 02:10 radələrində işğal altında olan Qarabağda qondarma qurumun hərbi birləşmələrindən birinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü Mher Vaniki Ziroyan ölüb. İlkin məlumata əsasən döyüş növbətçiliyindən qayıdan erməni hərbi qulluqçusu hamamda çimərkən dəm qazından boğulub.

7 yanvar

Saat 13:20 radələrində işğal altında olan Qarabağın şimal-şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən erməni əsgər 1998-ci il təvəllüdlü Vaçe Nver Çilinqaryan məhv edilib, daha iki hərbçi isə yaralanıb. Ermənistan ordusunun rəhbərliyi təfərrüatları gizlətməyə cəhd edib, lakin bu gün KİV-lərin məlumatı yaymasından sonra detalları açıqlamağa məcbur olub.

Belə ki, hadisənin fərqinə vararaq Çilinqaryana kömək etməyə gələn baş leytenant E. Musinyan və onun sürücüsü, müqaviləli hərbçi D. Vanyan yaralanıblar. Ağır xəsarət alan hərbçilər yaxınlıqda yerləşən hərbi xəstəxanaya aparılıblar.

Həmin gün Hrazdan şəhərinin Mikrorayon məhəlləsinin sakini 19 yaşlı erməni əsgər Parqev Saribekyan ölüb. Erməni əsgər Hrazdan tibb mərkəzinə yanvarın 2-də köçürülüb. Həmin gün saat 19:10 radələrində Saribekyan Hrazdan şəhərinin Mikrorayon məhəlləsinin 27-ci binasının yaxınlığında idarə etdiyi "Mercedes" markalı 34 MV 682 nömrəli avtomobillə zolaqdan çıxaraq ağacla toqquşub.

12 yanvar

Saat 14:30 radələrində Ermənistanın Ararat vilayətində Yerasxavan-Zanqakatun avtomobil yolunda, Yerasxavan inzibati ərazisində "Opel" markalı avtomobillə Ermənistan müdafiə nazirliyinə məxsus "ZİL-131" markalı ՊՆ 34 55 Տ dövlət nömrə nişanlı avtomobillər toqquşub. Məlumata görə, 5 nəfər bədən xəsarətləri ilə Ararat rayon tibb mərkəzinə təxliyyə edilib.

Onlardan 4 nəfəri ilkin tibbi yardımdan sonra buraxılıb. Lakin xəsarət alan hərbi qulluqçu İrəvan hərbi hospitalına təxliyyə edilib. Əllərində qırıqlar olan şəxsin 1981-ci il təvəllüdlü müqaviləli hərbi qulluqçu olduğu bildirilib.

16 yanvar

Saat 01:15 radələrində işğal altında olan Qarabağın şimal istiqamətində yerləşən qanunsuz hərbi hissələrdən birinin döyüş postunda, erməni əsgər 1998-ci il təvəllüdlü Harutyun Vanya Xaçatryan ölüb. Məlumata görə, erməni əsgər ailədaxili problemlər səbəbindən ona təhkim olunan avtomatından atəş açaraq intihar edib. 20 yaşlı Harutyunyanın atasının işğalçı ordunun mərkəzi qərargahında polkovnik rütbəsində çalışdığı bildirilir.

17 yanvar

Saat 16:00 radələrində Tavuş vilayətinin Noyemberyan tibb mərkəzindən polis idarəsinə “sağ bud nahiyyəsinin 3/1 hissəsində odlu silah yarası” diaqnozu ilə erməni hərbi qulluqçusunun daxil olması barədə məlumat verilib.

Araşdırma nəticəsində məlum olub ki, Lori vilayət sakini 30 yaşlı Adibek Mikoyan həmin gün saat 13:00 radələrində Koti-Barekamavan yaşayış məntəqəsinin döyüş mövqelərindən təxribata cəhd edərkən yaralanıb.

18 yanvar

Ermənistan ordusunda daha bir cinayət hadisəsi baş verib. Mübahisə edən əsgərlərdən biri digərinə atəş açıb. İlkin məlimat olaraq əsgərin guya atəşkəsin pozulması nəticəsində yaralandığı bildirilib. Lakin sonradan Noyemberyan rayonundan xidmətə çağırılan müqaviləli əsgər Adibek Mikoyanın istintaqa cəlb edilməsi məlumatın yalan və növbəti cinayət hadisəsi olduğunu ortaya çıxarıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Həmin gün saat 09:28 radələrində Sisian-Şaki yolunda yol nəqliyyat hadisəsi baş verməsi barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.

"VAZ 2107" markalı avtomobillə "Ural" markalı avtomobillər toqquşub. Qəza nəticəsində VAZ 2107-də olan ata və oğul, Arşak Hovhanissyan və Martik Hovhanissyan ölüb, digər sərnişin Elmira Sarkisyan isə ağır bədən xəsarətləri ilə Sisian rayon tibb mərkəzinə təxliyyə edilib.

Məlumata görə, "Ural" markalı avtomobil hərbi qulluqçuları daşıyıb və Ermənistan müdafiə nazirliyinə məxsusdur. Hadisə nəticəsində neçə erməni hərbçisinin xəsarət aldığı bildirilməyib.

19 yanvar

Təhqirlərə məruz qalan artilleriya batareyasının əsgəri Marat Sarkisyan və Artem Geğamyan arasında mübahisə baş verib. Əvvəl mübahisə edənləri xidmət yoldaşları sakitləşdirə bilsələr də, sonradan M.Sarkisyanın A.Geğamyanı güllələyərək yaraladığı məlum olub.

Daha bir hadisə işğal altında olan Ağdərədə yerləşən düşmən ordusunun bölmələrindən birində postda xidmət edən əsgər Aram Culadyan və Artur Manukyan arasında mübahisə baş verib.

Nəticədə dalaşan hərbi qulluqçuların hər ikisinin ağır bədən xəsarətləri aldığı bildirilir. Komandanlıq baş vermiş hadisəni hüquq mühafizə orqanlarından və ictimaiyyətdən gizlədir.

Növbəti hadisə işğal altında olan Hadrutda yerləşən qanunsuz hərbi hissələrdən birində qanlı insident baş verib. Belə ki, yerlibazlıq nəticəsində mübahisə edən Ermənistanlı əsgər xidmət yoldaşını ayağından güllələyib.

Belə ki, postda növbə apararkən yaranmış mübahisə nəticəsində Ermənistandan hərbi xidmətə çağırılan əsgər digər əsgər yoldaşı, 1998-ci il təvəllüdlü, Xankəndi şəhər sakini Vladimir Abrahamyana avtomatdan atəş açaraq onu ayağından yaralayıb.

22 yanvar

İşğal altında olan ərazilərimizdə yerləşən hərbi hissələrdən birində xidmət edən kapitan Arayik Hovanesyan rüşvət verərək xidmət yerini Ermənistan müdafiə nazirliyinə dəyişib.

Ermənistanlı zabit belə bir vasitə ilə qardaşını da işğal altında olan ərazidə xidmətdən uzaqlaşdırmağa çalışıb. Kapitan A.Hovanesyan hazırda Dağlıq Qarabağda xidmətdə olan yüksək vəzifəli tanışına rüşvət verməklə, Madagiz yaşayış məntəqəsində kəşfiyyat xidmət rəisi vəzifəsində olan qardaşı baş leytenant Artur Hovanesyanın da xidmət yerini dəyişdirməyə cəhd edib. Lakin məsələnin üstü açıldıqdan sonra hər iki qardaş və vasitəçilik edən şəxs rüşvətalma maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.

24 yanvar

Saat 01:00 işğal altında olan Ağdərənin Madagiz (Su Qovuşan) yaşayış məntəqəsinin sakini 1989-cü il təvəllüdlü A.S idarə etdiyi minik avtomobilini Talış yaşayış məntəqəsində qəza törədərək aşırıb.

Sürücü aldığı bədən xəsarətlərinə görə Ağdərədə yerləşən hərbi hospitala təxliyyə edildiyindən, onun hərbi qulluqçu olduğu ehtimal edilir. Hadisə barədə ətraflı məlumat verilmir.

25 yanvar

İşğal altında olan ərazilərimizdə yerləşdirilən düşmən ordusunun hərbi hissələrindən birində Valeri Mkrtçyanla onu təhqir edən zabit arasında dava baş verib. Təhqirlərə məruz qalan V. Mkrtçyanın zabit tərəfindən döyüldüyü də bildirilir.

Daha bir cinayət hadisəsi işğal altında olan Hadrut yaşayış məntəqəsində yerləşən düşmən ordusunun bölmələrindən birində baş verib. Postda xidmət edən erməni əsgərlər arasında baş verən davadan sonra onlar silaha əl atıblar. Nəticədə Vanus Hovanisyan adlı hərbi qulluqçu xidmət yoldaşı tərəfindən güllələnib.

Hadisənin Ermənistandan çağırılan hərbi qulluqçularla Qarabağdan olan əsgərlər arasında baş verdiyi bildirilir. Cinayətdə iştirak edənlərdən birinin Yerevanın Arabkir hərbi komissarlığından hərbi xidmətə çağırıldığı məlumdur. Bu barədə post başçısı Amiryan bildirib və hərbi hissə komandiri Aram Hayiryan faktı təsdiqləyib.

30 yanvar

Ermənistan ordusunda daha bir biabırçı qalmaqal baş verib. Erməni əsgərlər tərəfindən cinsi təcavüzə məruz qalan Nona Aqasyan adlı erməni qadın özünü öldürməyə cəhd edib.

Hadisə işğal altında olan Madagiz yaşayış məntəqəsində yerləşən düşmən ordusunun bölmələrindən birində baş verib. Hərbi qulluqçular tərəfindən zorlanan N.Aqasyan 20 ədəd həb içərək intihar etmək istəyib. Ağdərədə yerləşən hərbi hospitala çatdırılıan qadının həyatını xilas etmək mümkün olsa da, vəziyyəti ağırdır.

Qeyd edək ki, bu ay, Ermənistan müdafiə nazirliyinin keçən ilin noyabrın 4-də işğal altında olan Ağdərədə baş vermiş mina partlayışı nəticəsində yaralanan hərbçilərin adlarını gizlətdiyi məlum olub. “İnsan hüquqları naminə hüquq müdafiəçisi jurnalistlər” təşkilatının əlində 4 noyabr partlayışı ilə əlaqədar qaldırılmış cinayət işinin sənədləri mövcuddur. Həmin sənədlərdə hadisə zamanı ölən 1 nəfərin və yaralanan 7 nəfərin adları qeyd edilib.

Beləliklə, Ağdərədəki hərbi hissədə 4 noyabr tarixində tankəleyhinə qumbara partlayışı nəticəsində düşmənin 1 ölüsü olmaqla, 7 yaralısı olub:

Ölü
Müddətli xidmət hərbi qulluqçusu Hrant Manqasaryan

Yaralı
Müqaviləli hərbi qulluqçu Qevorq Hyusnunts
Müddətli xidmət hərbi qulluqçu Sergey Alumyan
Müddətli xidmət hərbi qulluqçu Erik Avetisyan
Müddətli xidmət hərbi qulluqçu Narek Bareğamyan
Müddətli xidmət hərbi qulluqçu Melsik Marqaryan
Müddətli xidmət hərbi qulluqçu Hovanes Şərmazanyan
Müddətli xidmət hərbi qulluqçu Vanik Poğosyan

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi (MN) dəfələrlə erməni silahlı bölmələrində qeydə alınan itkilərin açıqlanan rəsmi rəqəmlərdən daha çox olduğunu bəyan edib. Nazirlik bildirib ki, erməni hərbi rəhbərliyi silahlı qüvvələrdə baş verən çoxsaylı itkini əhalidən gizlədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   İtki   Güllələnmə   Yaralanma   Dedovşina  


Bizi "telegram"da izləyin