Düşmən yanvarda atəşkəsi 3808 dəfə pozub

2018/01/412234867atəşkəs_15094325104564_1512019858_1517375536.jpg
Oxunub: 2279     13:21     31 Yanvar 2018    
2018-ci ilin yanvar ayında Ermənistan silahlı bölmələri atəşkəs rejimini 3808 dəfə pozub.

Ordu.az-ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və iriçaplı pulemyotlardan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Silahlı Qüvvələrin Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Tərtər, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqeləri erməni silahlı bölmələrinin atəşinə məruz qalıb.

Bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altında olub.

Yanvarın 7-də Ermənistan işğalı altında olan Qarabağın şimal-şərq hissəsində yerləşən hərbi hissədə təxribat törətməyə cəhd edən 1998-ci il təvəllüdlü 19 yaşlı Vaçe Çilinqaryan məhv edilib. Hadisənin fərqinə vararaq Çilinqaryana kömək etməyə gələn baş leytenant E. Musinyan və onun sürücüsü, müqaviləli hərbçi D. Vanyan yaralanıblar.

Yanvarın 17-də isə saat 16:00 radələrində Tavuş vilayətinin Noyemberyan tibb mərkəzindən polis idarəsinə “sağ bud nahiyyəsinin 3/1 hissəsində odlu silah yarası” diaqnozu ilə erməni hərbi qulluqçusunun daxil olması barədə məlumat verilib. Araşdırma nəticəsində məlum olub ki, Lori vilayət sakini 30 yaşlı Adibek Mikoyan həmin gün saat 13:00 radələrində Koti-Barekamavan yaşayış məntəqəsinin döyüş mövqelərindən təxribata cəhd edərkən yaralanıb.

İki gün sonra növbəti təxribat nəticəsində, düşmənlə atışmada Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mənəfov İbrahim Möhsüm oğlu şəhid olub.

Yanvarın 20-də isə düşmən Azərbaycanın Qazax rayonunun Qaymaqlı kəndini atəşə tutmağa başlayıb. Belə ki, günorta saatlarında Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndi istiqamətindən iriçaplı silahlardan Qazax rayonunun Qaymaqlı kəndinin otlaq sahələrinin atəşə tutulması nəticəsində mülki təsərrüfata ziyan dəyib. Kənd sakinlərinə məxsus qoyun sürüsünün atəşə məruz qalması nəticəsində 2 baş heyvan tələf olub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab atəşi ilə düşmən susdurulub.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT" BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT" BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cəbhə   Atəşkəs   Təxribat   İşğal  


Bizi "telegram"da izləyin