Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, Armavirdə yerləşən (Sərdarabad) hərbi hissələrdən birində xidmət edirdi.
Rəsmi məlumata görə, 13 avqust 2017-ci ildə Sloyan hərbi hissəni özbaşına tərk edib. 1 gün sonra onu çörək evində asılmış vəziyyətdə aşkar ediblər.
Epress.am xəbər portalının əməkdaşları kəndə gedərək ölən hərbi qulluqçunun valideynləri ilə görüşüb. Valideynləri iddia edir ki, onu özünü öldürmə həddinə çatdırıblar, nə olubsa, hərbi hissənin daxilində olub. Müəllimləri də onun bu hərəkətindən təəcübləniblər. Ölən hərbi qulluqçunun anası Naida Sloyan deyir ki, oğlu Abası hamı unudub.
Abas Sloyan 2017-ci il 26 iyul ayında orduya çağırılıb. Avqustun 5-də andiçmə mərasimində valideynləri də iştirak edib. Ölən Sloyan heç bir şeydən şikayətlənməyib.
13 avqust 2017-ci ildə Abas Sloyan hərbi hissəni özbaşına tərk edib. Taksi ilə evə gəlib. Heç bir şey danışmadan paltarını dəyişib və evdən gedib. Yalnız “Mən o hərbi hissəyə getməyəcəm” deyib. Axşam evə qayıdıb və qonşuluqdakı qohumlarının boş evinin açarını götürərək oraya yollanıb.
Hərbi hissədən xəbər verilib ki, Abas hərbi hissəni özbaşına tərk edib, onu axtarırlar. Avqustun 14-də bacısı onu həmin qonşu evdə asılmış vəziyyətdə aşkar edib. Valideynləri iddia edir ki, Abas idmançı olduğuna görə heç kim onu döyə bilməzdi. Onu bu hərəkətə məcbur ediblər.
“Orduda problemi olmayan gənc niyə qaçmalıdır?”, - deyə valideynləri bu sualın cavabını tapa bilmirlər. Hazırda hadisə barədə valideynləri natamam məlumata malikdirlər.
“Hərbi hissəyə naməlum şəxslər daxil olub, nə baş veribsə, onda olub. Qoy həqiqəti açıb bizə desinlər. Niyə hərbi hissəni özbaşına tərk etməyə icazə veriblər? Bəs kameralar yoxdur?”, - deyə valideynləri bildirib.
Onları hərbi hissəyə buraxmırlar. Hazırda işin nə yerdə olduğundan da məlumatları yoxdur. Ailənin vəkili yoxdur. Ölən Abasın hüquqi varisi kimi qardaşı Ayaz tanınıb. Polislər hərbi hissədən qaçan hərbi qulluqçunun yerini bilib məlumat vermədiklərinə görə ailəni günahkar hesab edir. Onun asılmış meyidini ilk görən bacısı Çinarı polisdə 10 saat saxlamaqla dindiriblər.
Atası Mamo Sloyan deyir ki, müdafiə nazirliyi 2 milyon dram dəfn pulu verib. 21 yaşlı digər oğlu tələbədir. Onu hərbi xidmətə heç vaxt yollamayacağını bildirir.
Alpər Mövludoğlu
Ordu.az