Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Oksford Universitetinin yapon eksperti Yan Niru deyib.
O bildirib ki, iki gün öncə Yaponiya və Britaniya arasında hər iki tərəfin maraqlarına cavab verən 3 illik müdafiə üzrə əməkdaşlıq sazişi imzalandı.
“Yaponiyada belə bir hiss var ki, indiki və gələcək ABŞ hökuməti Asiya-Sakit okean bölgəsini prioritet olaraq görmür. Eyni zamanda Avropa İttifaqından çıxma prosesində olan Britaniya da öz seçimlərini dəyərləndirir. Nəticə etibarilə saziş hər iki tərəfin marağına cavab verir”, - deyə ekspert bildirib.
Britaniyanın yeni təyin olunmuş Müdafiə naziri Qavin Uilyamson bildirib ki, Britaniya və Yaponiyanın hərbi qüvvələri 2018-ci ildə daha sıx əməkdaşlıq edəcək.
Bununla yanaşı, Britaniya Xarici işlər naziri Boris Conson da öz yaponiyalı həmkarı ilə Qrinviç Dənizçilik Kollecində görüşərək təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib.
Görüş zamanı Uilyamson Yaponiyanı Britaniyanın ən yaxın müttəfiqlərindən biri kimi təqdim edərək əlavə edib ki, Koreya yarımadasındakı gərginliyin artdığı bir dövrdə əlaqələr daha önəmli rol alır.
Qeyd edək ki, Britaniya gələn il təlimlərə qoşulmaq üçün Yaponiyaya 45 əsgər göndərəcək. Bu, Britaniya əsgərlərinin tarix boyu Yaponiya ərazisindəki ilk təlimi olacaq.
Ağalar Ağalarlı
Ordu.az