Əfqanıstanın kommunist prezidenti Nur Məhəmmad Tərakinin 1979-cu ilin oktyabrın 2-də müavini Hafizulla Amin tərəfindən öldürülməsi, SSRİ tərəfindən bağışlanası bir addım deyildi.
Dekabrın ilk günlərində bu hadisə ilə bağlı SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) generalı Paputin Kabilə uçur. Əfqanıstan prezidenti Hafizulla Amini, SSRİ qoşunlarını ölkəsinə çağırmağa razı salmaq məqsədilə çoxsaylı görüşlər keçirir. Yeni prezident isə buna razı olmur.
Dekabrın 22-də Kabildə dəhşətli bir hadisə baş verir. Silahlı "millətçilər" Sovet İttifaqının vətəndaşlarının yaşadığı evlərə girir və onlarla insanın başlarını kəsirlər. Daha sonra silahlılar başları nizələrə taxaraq, Kabilin mərkəzi küçələrində nümayiş etdirməyə başlayırlar. Hadisə yerinə gələn polislər atəş açsa da, cinayətkarları yaxalamaq mümkün olmur. DTK, izləri aydın şəkildə görünən klassik bir əməliyyat keçirmişdi. Bu hadisə 1979-cu ildə Əfqanıstanda müharibənin başlaması, daha doğrusu, Sovet ordusunun məhdud bir hissəsinin bölgəyə yeridilməsini qaçılmaz edir. Sovet İttifaqı hadisənin törədilməsindən dərhal sonra, dekabrın 23-də Əfqanıstan hökumətinə və prezidentə xəbərdarlıq edərək, Sovet qoşunlarının tezliklə Əfqanıstandakı Sovet vətəndaşlarını qorumaq üçün göndəriləcəyini bildirdi.
Sovet qoşunları tezliklə Əfqanıstandakı vətəndaşlarını qorumaq bəhanəsilə müdaxiləyə hazır vəziyyətə gətirildi. Hafizulla Amin işğalçı qoşunların Əfqanıstana daxil olmasının qarşısını almaq üçün yollar axtararkən, Sovet İttifaqının 108 motoatıcı diviziyanın 781-ci kəşfiyyat taborunun və Hərbi desant qüvvələrinin 350-ci paraşüt-desant polkunun desantları polkovnik –leytenant Q.İ.Şpakın (sonralar, 1996- 2003-cü illər Hərbi Desant Qüvvələrinin komandanı oldu) rəhbərliyi altında dekabrın 25-də səhər saatlarında ölkənin paytaxtı Kabildəki hava limanını ələ keçirdilər və orada yerləşdilər. Eniş edərkən desant təyyarələrindən biri dağa çırpıldı. İtkilər haqqında dəqiq məlumat verilmədi. Qeyri-rəsmi məlumatlara görə, 43 nəfər əsgər və zabit həyatını müharibənin ilk dəqiqələrində itirdi. Daha sonra isə 56-cı desant briqadasının 4-cü desant-hücum taboru da Baqram aeroportuna endi. Bu tabora sonradan strateji Salanq aşırımını (4000-4500metr yüksəklikdə) qorumaq tapşırığı verildi. Ən çox itki verən hərbi hissələrdən biri də bu tabor idi.
İndi isə bir daha baş verən hadisələrin xronoloji ardıcıllığına diqqət edək: dekabrın 22-də Sovet vətəndaşları qətlə yetirilir, dekabrın 23-də xəbərdarlıq notası göndərilir və dekabrın 25-də səhər saatlarında desant bölmələri Əfqanıstanın paytaxt aeroportunu tuturlar. Deməli, Sovet ordusunun bölmələri general Paputinin Kabula yola düşməsindən çox əvvəl Əfqanıstana daxil olmaq üçün hazırlıqlarını başa çatdırıblar.
Arxiv materiallarından məlum olur ki, Əfqanıstana qoşun yeridilməsi haqqında qərar, dekabrın12-də (sovet vətəndaşlarının qətlindən 10 gün qabaq) Kommunist Partiyasının Siyasi Bürosunun iclasında Brejnev, Andropov, Ustinov, Qromıko və Ponomaryov tərəfindən qəbul edilib. Müdafiə nazirindən başqa bütün ali hərbi komandanlıq bu müdaxilənin əleyhinə çıxış ediblər. Onlar hesab edirdilər ki, bu müdaxilə yerli əhalinin Sovet əsgərinə qarşı çıxış etməsinə səbəb olacaq. Lakin SSRİ rəhbərliyi Əfqanıstanla sərhəddə olan 3 Orta Asiya respublikasının islam dininə itaət etməsini nəzərə alaraq öz sərhədlərində islamçı və ya qərb yönümlü hakimiyyətin olmasını qəbul edə bilməzdi. Buna görə də generalların fikirləri hesaba alınmadı. Tələsik və hadisələri doğru- dürüst dəyərləndirmədən qəbul edilən bir qərar, böyük bir imperiyanın dağılmasının təməl səbəblərindən biri oldu.
Əfqanıstanda müharibənin başlanğıcı SSRİ tarixinin ən faciəli səhifələrindən birini açdı. Dekabrın 27-də isə Sovet Ordusunun 105-ci Hava Desant diviziyasının bölmələri də Kabildən 50 kilometr aralıdakı başqa bir aerodromda desant enişi həyata keçirdi. DTK-nin "Delta" xüsusi təyinatlı qrupu isə prezident sarayını mühasirəyə aldı. Hücum nəticəsində Hafizulla Amin və onun cangüdənləri öldürüldü. Əfqanıstanda prezident sarayının ələ keçirilməsi və dövlət başçısı Aminin öldürülməsi xəbərinin açıqlanması beynəlxalq ictimaiyyətdə şok effekti yaratdı. Dekabrın 27-də gecə Babrək Kərmal Moskvadan Kabildəki Sovet ordusunun qərargahına gəldi və radio ilə inqilabın ikinci mərhələsinin başlanması barədə məlumat verdi. Sanki, o, hakimiyyətə gəlməsinin anonsunu əfqanlara çatdırırdı. Bir çox ölkələr bu hadisələri birmənalı şəkildə qınadılar. NATO və ABŞ isə SSRİ-ni Vyetnamdan sonra növbəti "bataqlığa" sala bildikləri üçün çox məmnun görünürdülər.
Sovet desant bölmələri böyük şəhərlərdə yerləşən bütün əsas infrastruktur obyektlərini tutdular. SSRİ-yə qarşı təcavüzkar bir ölkə münasibəti formalaşdı. Avropa dövlətləri Əfqanıstanda müharibəyə görə Kremlə qarşı sanksiyalar tətbiq etdilər. Fransa prezidenti və Almaniya kansleri şəxsən Brejnev ilə görüşüb, qoşunlarını Əfqanıstandan çıxarmaq üçün razı salmağa çalışdılar. Leonid İliç inadından dönmədi. Belə olan halda ABŞ və Avropa ölkələri Əfqanıstan müxalifətini hərtərəfli dəstəkləməyə başladılar. Bu isə müharıbənin uzanmasına, itkilərin artmasına, nəhayət Sovet İttifaqının zəifləməsinə gətirib çıxardı.
Əfqanıstanda 10 il ərzində 600 minə yaxın Sovet əsgəri mübarizə aparırdı. Müharibənin ilk ili Sovet İttifaqının süqutunun başlanğıc ili oldu. "Fırtına" əməliyyatından sonra sovet qoşunları ilə mücahidlər və arasında daim toqquşmalar baş verirdi. Bu isə mülki əhali arasında çoxsaylı itkilərə gətirib çıxardı.
Kremlin məqsədi qonşu Əfqanıstanda kommunist rejimini gücləndirmək və kənd yerlərini nəzarətdə saxlayan mücahidləri sıxışdırmaq idi. 1980-ci ilin aprelində də, Pəncşər şəhərində ilk irimiqyaslı əməliyyat keçirildi. İki ay sonra, iyunda Kreml bəzi raket- artilleriya və tank birliklərinin Əfqanıstandan çıxarılmasına aid göstəriş verdi. Həmin ilin avqust ayında Əfqanıstanın Məşhəd dərəsində Sovet hərbi bölməsi mücahidlərin pusqusuna düşərək itgi verdi. Döyüş zamanı 49 döyüşçü yaralandı, 48 nəfər isə həlak oldu. Qoşunların çıxarılması qərarı ləğv edildi. Tək Pəncşər şəhərini sovet qoşunları 5-ci cəhddən sonra ələ keçirə bildilər. Sərf olunan zaman isə iki ildən çox oldu.
Müharibənin ilk beş ili dalğavari keçdi. Yəni ordu bölmələri yüksəkliyi ələ keçirir, daha sonra pusquya və ya mühasirəyə düşür və nəticədə itki verərək yüksəkliyi itirirdilər. Mücahidlər isə, iri miqyaslı əməliyyatlar keçirmirdilər. Əsasən, kiçik bölmələrə, avtomobil və zirehli texnika kolonlarına, silah, ərzaq və yanacaq-sürtkü materialları saxlanılan anbarlara hücum edirdilər. Sovet ordusu mücahidləri ən az böyük şəhərlərdən təmizləməyə nail olmaq istəyirdi. Bunun üçün Andropov Pakistan prezidenti və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvləri ilə dəfələrlə görüş keçirərək münaqişənin dayandırılması üçün təkliflərini irəli sürürdü. Moskva, ABŞ və Pakistanın müxalifətin maliyyə dəstəyinin kəsilməsinə zəmanət verdikləri halda siyasi tənzimləməyə gedə biləcəklərini və qoşunlarını geri çəkə biləcəyini açıqlayırdı. Kreml Əfqanıstan bataqlığında getdikcə batırdı, kömək istədiyi dövlətlər isə Moskvanı bu bataqlığa salmaq üçün illərlə plan quran nəhənglər idi. Moskvanı o bataqlığı itələyən ABŞ mümkün qədər SSRİ-dən çox güzəşt əldə etdikdən sonra razılaşmaya getmək istəyirdi. Əslində bütün kartlar ABŞ-nın əlində idi.
70 il dünyaya meydan oxuyan supergüc, hegemon bir nüvə dövləti olan SSRİ-nin, əfqan mücahidləri qarşısında davam gətirə bilməməsi göz qabağında idi.
1985-ci ildə SSRİ-nin birinci katibi Mixail Qorbaçov oldu. Mixail Qorbaçov, konstruktiv əhval ruhiyyəyə köklənərək idarəetmə sistemində islahatlar istəyini "yenidənqurma" siyasəti ilə müəyyən etdi. Əfqanıstanda uzun sürən münaqişə həm ABŞ və Avropa ilə münasibətlərin normallaşması prosesinə mane olur, həm də kəsirdə olan büdcəni əlavə borclanmaya sürükləyirdi. Aktiv hərbi əməliyyatlar aparılmırdı, lakin hələ də Əfqanıstan ərazisində davamlı olaraq Sovet əsgərləri həlak olurdu. 1986-cı ildə Qorbaçov Əfqanıstandan qoşunların mərhələli şəkildə çıxarılması üçün göstəriş verdi. Eyni ildə Babrək Kərmalı prezident vəzifəsində Nəcibulla əvəz etdi. 1986-cı ildə SSRİ rəhbərliyi Əfqanıstanda müharibədə uduzduğunu və əraziləri nəzarətə götürə bilmədiklərini rəsmən elan etdilər.
1989-cu ilin yanvar ayının 23- dən 26-na qədər Sovet ordusu Kunduz vilayətində Əfqanıstanda "Tayfun" adı altında son əməliyyatını keçirdi. Nəticədə, üçüncü dünya ölkələri də SSRİ-nin əməliyyatlarını səs çoxluğu ilə qınadılar. Sovet hökuməti Birləşmiş Millətlər Təşkilatının təzyiqlərinə tab gətirməyərək Əfqanıstandan qoşunlarını geri çəkmək qərarı qəbul etdi. 1989-cu il fevralın 15-də Sovet ordusunun bütün qoşunlarının Əfqanıstan ərazisindən çıxarılması başa çatdı.
Qoşunların çıxarılmasını Sovet İttifaqı bu şəkildə təqdim etdi: "Əfqnıstanda olan Sovet qoşunlarının məhdud kontingenti vətənə qayıtdı".
Əslində, Əfqanıstanda 40-cı ordunun yüzlərlə əsgər və zabiti hərbi əsir olaraq mücahidlərin əlində qaldı. Ordunun çəkilməsini təmin edən sərhəd dəstəsinin Əfqanıstanda unudulması da müharibə tarixinin ləkəli səhifələrindəndir. Bu müharibədə Sovet ordusu tərəfindən 15051 nəfər döyüşçü həlak oldu, 417 nəfər əsir düşdü, bunlardan 299 nəfəri qaytarıldı. 9 ildə 466000 nəfər tibb məntəqələrinə müraciət etdi. 11284 nəfər xəstəliyə görə, ordu sıralarından tərxis olundu, onlardan 10571 nəfəri əlilik dərəcəsi aldı. Sovetlərlə birgə döyüşən Əfqanıstan ordusuda 27000 nəfəri həlak oldu və 28000 nəfər isə itkin düşdü. Ümumi fərari sayı isə, 285000 nəfər olub. Rəqəmin bu qədər böyük olmasını yerli əhalının Sovetlərlə eyni cəbhədə savaşmaq istəməməsi ilə əlaqələndirmək lazımdır. Yerli əhalinin toplam itkiləri isə 640000 nəfər olub. Onlardan 327000 nəfəri kişilərdir.
1979-1989-cu ildə baş verən müharibəyə NATO blokunun aparıcı dövlətləri və bəzi İslam dövlətləri tərəfindən maksimum şəkildə müdaxilə edirdi ki, münaqişə mümkün qədər çox uzansın və proses SSRİ ərazisinə keçsin... Əvvəllər Amerika siyasi elitası mücahidlərin formalaşdırılmasına və maliyyələşdirilməsinə dair səsləndirilən iddiaları inkar edirdi. Daha sonra, Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarının xatirələri bir çox məqamlara aydınlıq gətirdi. Əfqanıstanda, Sovet qoşunlarının işğalından əvvəl MKİ mücahidləri maliyyələşdirir, qonşu Pakistanda təlim bazaları ilə təmin edir və onların silahla təchiz olunmasına yardım edirdilər. 1985-ci ildə Prezident Reyqanın Ağ Evdə mücahidlərin nümayəndə heyətini qəbul etməsi də sadlanan bütün faktlarının doğru olduğuna sübutdur.
XX əsrdə Amerika Birləşmiş Ştatları və Sovet İttifaqınin maraqları Əfqanıstanı silahların sınaq poliqonuna çevirdi. Ölkədə sosial, iqtisadi və siyasi qeyri-sabitlik vətəndaş müharibəsinə, daha sonra isə SSRİ və ABŞ-ın xarici müdaxiləsi səbəbindən daha kütləvi qırğınlara səbəb oldu. Əfqanıstan xalqı yüz illərdir ki, qansız-qadasız bir gün keçirməyib. Lakin bu qədər güclü dövlətlərlə uzun müddətli ən yaxşı halda atıcı silahla mübarizə aparan əfqanlar heç zaman işğalçılara təslim olmayıb. Bu xalq işğalçılara qarşı birləşməyi həmişə bacarıb. Bu nöqteyi nəzərdən Əfqanıstanı "imperiyalar qəbiristanlığı" adlandırsaq daha düzgün olardı. Çünki, bu torpaqlarda məğlub və rüsvay olmayan imperiya tapmaq mümkün deyil.
Əfqanıstanı işğal etmək üçün o torpaqlara ayaq basan istənilən işğalçı gec də olsa həmin yerləri böyük itkilərlə əli boş tərk edib. Əsrlər boyu həm xarici işğalçılarla mübarizə aparan, həm də daxildə vətəndaş müharibələri ilə çalxalanan Əfqanıstan xalqı böyük imperiyalara kiminsə müstəmləkəsi olmayacağını dəfələrlə əyani şəkildə sübut edib. Güc vasitəsilə Əfqanıstana təsir etmək və ya əfqan xalqına “sülh” bəxş etmək mümkün deyil. Əslində müharibənin sonu və başlanğıcı məhfumu əfqanlar üçün nisbi məna daşıyır. Xaricdən müdaxilə varsa onu birləşərək layiqincə qarşılayacaqlar. Xarici düşmənlə savaş bitdikdən sonra isə düşmənlərdən qənimət kimi ələ keçirdikləri qənimət silahlarla öz aralarında olan narazılıqları həll etməyə çalışacaqlar.
Əfqanıstanın tarixinə nəzər saldıqda və SSRİ- Əfqanıstan müharıbəsinin yekunlarını analiz edərək aşağıdakı nəticələrə gəlmək olar:
1. Əfqanlar, Makedoniyalı İskəndərin vaxtından bu günə qədər heç bir işğalçı orduya heç bir zaman təslim olmayıblar. Əksinə savaşlardan istənilən halda qələbə ilə çıxmağı bacarıblar.
2. Sovet İttifaqının Əfqanıstana soxulması vətəndaş müharibəsinə və qərbin müxalifətə daha çox hərbi, iqtisadi və maliyyə yardımı ayırmasına səbəb oldu. Bu isə müharibənin üzanmasına və itkilərin artmasına gətirib çıxardı.
3. ABŞ və Qərbin əsas məqsədi tək Mərkəzi Asiyanın enerji resurslarına nəzarət etmək deyildi, eyni zamanda Sovet İttifaqını bu rejimə düşmən olan ölkələrin və hərbi bazaların sıx geopolitik mühasirəsində saxlamaqdan ibarət idi.
4. Sovet Ordusunun ən böyük problemi, mücahidlərə ABŞ tərəfindən verilən, helikopterlərə qarşı cox effektiv olan “Strinqer” DZRK- nin verilməsi oldu. Bu raketlər Sovet ordusuna döyüş taktikasında dəyişiklik etməyə, helikopter zərbələrini gecə saatlarına və daha yüksəkdən həyata keçirməyə məcbur etdi. Bu isə zərbələrin dəqiqliyini azaltdı.
5. Əfqanıstanın islamçı müxalifətinin, MKİ-nin, İranın və Pakistanın əsas tapşırığı hərbi münaqişə ocağını SSRİ ərazisinə keçirirməkdən ibarət idi. Bu tapşırıq DTK-nin əməkdaşlarının sayıqlığı nəticəsində baş tutmadı.
6. Sovet İttifaqı digər işğalçılar kimi Əfqanıstanda mücahidlərlə mübarizədə məğlub olacağı ehtimalı böyük idi və məğlub oldu. Bu fikir, Əfqanıstanın bütün mücahid və taliban liderləri, həmçinin hakimiyyətdə təmsil olunan səhra komandirləri tərəfindən birgə dəstəklənən bəlkə də yeganə fikir idi.
7. Sovet İttifaqı Əfqanıstandan geri çəkildikdən sonra ABŞ və Qərb də bölgədən “geri çəkildi”.
8. Əfqanıstan müharibəsi SSRİ-nin dağılmasının əsas səbəblərindən biri oldu. Əl-Qaidə terror təşkilatının liderlərindən biri sonralar deyirdi ki, biz bir imperiyanı dağıtdıq, indi ikincisinin üzərinə gedirik.
9. ABŞ SSRİ-nin Əfqanıstana girməsini istəməsəydi Türkmənistanda sərhəddi keçəcək 40-cı Ordunun formalaşması dövründə , 1000-lərlə texnikanın Əfqanıstan sərhəddində toplanma rayonlarına çıxarıldığı zaman BMT TŞ-da həyəcan təbili çala bilərdi. Deməli, SSRİ-nin Əfqanıstana girməsi böyük planın əsas tərkib hissəsi idi.
(Ardı var)
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az