Radielektron kəşfiyyatın aşağıdakı növləri var:
- Radiokəşfiyyat
- Radiotexniki kəşfiyyat
- Radiolokasiya kəşfiyyatı
- Televiziya kəşfiyyatı
- İnfraqırmızı texniki qurğuların köməyi ilə kəşfiyyat
Radiokəşfiyyat - radioelektron kəşfiyyatın ən qədim formasıdır. Bu, müxtəlif rabitə vasitələrinə qarşı yönəldilmiş kəşfiyyat növüdür. Radiokəşfiyyatın əsas vəzifəsi - açıq, gizli, məxfi və kodlanaraq göndərilən siqnalların aşkar edilməsi və tutulması, siqnalların pelenq olunması, əldə olunan məlumatların açılması məqsədilə analiz olunması və siqnal ötürən stansiyaların yerləşdiyi ərazini təyin etməkdən ibarətdir.
Bu kəşfiyyat növü düşmənin siqnal ötürən stansiyaları haqqında məlumatlar, onların quruluşu və ötürülən siqnalların məzmunu, rəqibin qərargahı və komanda məntəqələri, qoşun qruplaşmasının tərkibi, rabitə qovşaqları, raketlərin start mövqeləri və s. haqqında məlumat toplamağa imkan verir. Bunlar isə düşmənin niyyətinin təyin olunmasında çox vacibdir.
Radiotexniki kəşfiyyat – radiolokasiya stansiyalarının, radionaviqasiya və radio-telekommunikasiya sistemlərinin aşkarlanması və tanınması üçün aparılan radio-elektron kəşfiyyat növüdür. Radiotexniki kəşfiyyat radiosiqnal qəbulu, istiqaməti təyin emək və radio siqnalların analizləri metodlarından istifadə edilərək həyata keçirilir.
Elektron kəşfiyyat vasitələri:
• Ötürücü radio qurğularının daşıyıcı tezliyini təyin edir,
• Radio siqnalların şüalanma mənbələrinin koordinatlarını təyin edir,
• İmpuls siqnalının parametrlərini (təkrarlanma tezliyi, müddəti və digər parametrləri) ölçür,
• Siqnal modulyasiyasının növünü (amplitud, tezlik, faz, impulsunu) təyin edir,
• Radio dalğaların şüalanmasının əlaqəli olduğu strukturu müəyyənləşdirir,
• Antenaların skanetmə sürətini və RLS-in sahə tədqiqat metodunu təyin edir,
• İnformasiyanı toplayır, təhlil edir və ümumiləşdirib qeydiyyatını aparır.
Radiolokasiya kəşfiyyatı – informasiya radiolokasiya stansiyaları vasitəsilə əldə edilir. RLS daşınan və sabit ola bilər. Radilokasiya kəşiyyatı aparmaq üçün hava vasitələrində və kosmik aparatlarda , yerüstü və dəniz vasitələrində quraşdırılan sabit və daşınan radiolokasiya qurğularından istifadə olunur.
Televiziya kəşfiyyatı – bu zaman məlumatlar televiziya vasitəsilə toplanılır. Burada dəyişikliklərin edilməsi çox vacibdir. Əslində bu istiqamətdə şəbəkə və ya intenet kəşfiyyatı adı qəbul edilsə daha düzgün olardı. Bu zaman düşmənin informasiya sistemi və informasiya resursları haqqında məlumatlar əldə edərək, müasir proqram təminatlarından istifadə etməklə bu resurslara daxil olmaqla geniş məlumatlar əldə etmək olar.
İnfraqırmızı texniki qurğuların köməyi ilə kəşfiyyat - informasiya mənbəyi kimi ya obyektlərin öz istilik şüalanması, ya da xüsusi infraqırmızı işıqlandırıcılarının şüalanmasından istifadə edilərək məlumatlar əldə olunur.
Buna görə, infraqırmızı kəşfiyyat vasitələri 2 qrupa bölünür:
1. Termal kameralar, istilik istiqamətlərini təyin edən pelenqatorlar, radiometrlər
2. Gecə görmə cihazları
Radioelektron kəşfiyyat - quruluşu, xüsusiyyətləri və imkanları
Bu tip kəşfiyyatın əsas xüsusiyyətləri aşağıdakılardır:
• Kəşfiyyat obyektləri ilə birbaşa təmas olmadan hərəkət edir,
• Geniş əraziləri və boşluqları əhatə edir, onların hüdudları müxtəlif tezlikli radio dalğalarının yayılması xüsusiyyətləri ilə müəyyən edilir,
• İlin və günün müxtəlif vaxtlarında və istənilən hava şəraitində fəaliyyət göstərir,
• Etibarlı məlumatla təmin edir, çünki məlumatın mənbəsi birbaşa ehtimal olunan düşmənin özüdür (radio dezinformasiya halları istisna olmaqla),
• Böyük həcmdə müxtəlif məzmunda məlumat əldə edir,
• Məlumatı ən qısa müddətdə və real zamanda alır,
• Düşmənə bir çox hallarda əlçatmaz məsafədə fəaliyyət göstərir,
• Gizli şəkildə hərəkət edir. Düşmən, bir qayda olaraq, radioelektron kəşfiyyatın aparılma faktını təyin edə bilmir,
Radioelektron kəşfiyyat təyiatina görə strateji və taktiki növlərə ayrılır.
Strateji radioelektron kəşfiyyat - dövlət orqanlarının və yüksək hərbi komandanlığın maraqlarına uyğun olaraq rəqib ölkə haqqında radioelektron kəşfiyyat vasitələrlə ətraflı məlumat əldə etmək məqsədi ilə aparılır. Bu məlumatlar ölkənin silahlı qüvvələrini və resurslarını müharibə üçün hazırlamaq, döyüşlərin başlanması və strateji əməliyyatların uğurla aparılması barədə düzgün qərar qəbul etmək üçün çox zəruridir.
Taktiki radioelektron kəşfiyyat - düşmənin hərbi infrastruktur sisteminin elektromaqnit dalğalarını davamlı şəkildə izləməklə öz qoşunlarını etibarlı informasiya ilə təminatının əsas növlərindən biridir. O, birlik, hissə və bölmələr tərəfindən uğurlu döyüş əməliyyatları aparmaq üçün mühüm məlumatlar əldə edə bilir.
Radioelektron kəşfiyyat yerüstü, dəniz, hava və kosmik radioelektron kəşfiyyat növlərinə bölünür. Onların topladığı məlumatlar isə xarakterinə görə, əməliyyat və texniki məlumatlara bölünür.
Əməliyyat məlumatları yüksək hərbi komandanlığın əməliyyat tapşırıqlarını yerinə yetirməsi üçün zəruri olan məlumatlara deyilir. Bunlar:
• Müxtəlif radio kanalları vasitəsilə rəqib tərəfdən ötürülən açıq və ya şifrəli məlumatlar,
• Kəşfiyyatı aparılan aktiv radioelektron vasitələrin taktik-texniki xüsusiyyətləri (tezlik ayarı, modul tipi, antenaların istiqamət diaqramları, şüalanma gücü və s)
• Düşmənin radioelektron sistemlərinin növləri: radio rabitəsi, radiolokasiya, radio naviqasiyası, raket tuşlanması və hədəfin erkən aşkarlanması, müxtəlif telemetrik məlumat ötürülmə sistemləri,
• Aşkar edilən düşmən radioelektron sistemlərinin sayı,
• Düşmənin elektromaqnit dalğalarının mənbəyinin yerləşdiyi yerin koordinatları və onların ərazidəki yerləşmə sıxlığı.
Texniki məlumatlar isə düşmən tərəfindən ilk dəfə istifadə olunan yeni silah sistemləri və radioelektron idarəetmə sistemləri barədə toplanan informasiyadan ibarətdir. Bu məlumatlar isə düşmənin istifadəsində olan silah sistemlərinə qarşı effektiv mübarizə apara biləcək silah və texnikaların yaradılması və ya alınması üçün vaxtında tədbir görməyə imkan verir.
Düşmən elektron sistemlərinin texniki xassələrini və xüsusiyyətlərini öyrənməklə onların tətbiqi və aidiyyatı sahələrini müəyyən etmək mümkündür. Bu məlumatları digər kəşfiyyat kanalları vasitəsilə əldə edilmiş olan məlumatlar ilə müqayisə edərkən, kəşfiyyatı aparılan texniki vasitənin təyinatı barədə nəticə əldə etmək olar. Bunları bilərək, düşmən radioelektron vasitələrinin növ və sayını təyin etdikdən sonra düşmənin hərbi hissələrinin, hərbi bazalarının, aerodromlarının və digər obyektlərinin dislokasiya yerlərini müəyyən etmək mümkündür.
Beləliklə, məsələn, hər hansı bir düşmən hava müdafiə zonasında idarə olunan zenit raketlərinin radiolokasiya stansiyalarının sayını bilərək bu zonada zenit raket batareyalarının sayı barədə dəqiq nəticəyə gəlmək olar.
Əldə olunan məlumatların təhlili və emalı üçün radioelektron vasitələrin işinin başlanğıc və sonunun dəqiq bilinməsi, eləcə də onların yerini düzgün müəyyənləşdirməsi çox vacibdir. Bu məlumatlar müəyyən bir ərazi zonasında düşmən fəaliyyətinin aktivlik dərəcəsini müəyyən etməyə imkan verir.
Radiokəşfiyyat, döyüş təminatının ən vacib elementi olan kəşfiyyatın əsas tərkib hissələrindən biridir. Sulh və müharibə dövründə fasiləsiz olaraq aparılır.
Radiokəşfiyyatın aparılması üçün bir çox ölkələrdə Silahlı Qüvvələrin ştat struktur bölmələri ilə bərabər, xüsusi xidmət orqanları tərəfindən də bu vəzifələr yerinə yetirilir.
• ABŞ - Milli Təhlükəsizlik Agentliyi
•Rusiya - Hökumət Rabitəsi və İnformasiya Federal Agentliyi (FAPSI), Baş kəşfiyyat idarəsinin (QRU) 3-cü idarəsi
• Birləşmiş Krallıq - Hökumət Rabitəsi Mərkəzi
• Fransa - Hərbi Kəşfiyyat İdarəsi (DRM)
• Almaniya - Federal Silahlı Qüvvələrin Radio Monitorinq Mərkəzi (AFMBw)
• Çin – MMK-nin üçüncü İdarəsi və Çin Xalq Respublikasının DTN-nin 11-ci bürosu
• Kanada – Rabitə Təhlükəsizliyi Bürosu
• Avropa- Enfopol elektron casusluq layihəsi
• Kuba - Kəşfiyyat departamenti
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az