Trampın sabiq müşaviri Rza Pəhləvinin silahlı qüvvə yaratmaq ideyasını məsxərəyə qoyub

2026/06/1782023138.jpg
Oxunub: 210     10:21     21 İyun 2026    
ABŞ Prezidenti Donald Trampın sabiq texnologiyalar üzrə müşaviri Devid Saks Rza Pəhləvinin İranda silahlı mübarizə aparmaq üçün ordu yaratmaq ideyasını istehza ilə qarşılayıb.

Ordu.az xəbər verir ki, Devid Saks bu barədə “All-In Podcast” proqramında çıxışı zamanı danışıb.

O, ABŞ ilə İran arasında imzalanmış qarşılıqlı anlaşma memorandumunu “əhəmiyyətli nailiyyət” adlandıraraq uzunmüddətli hərbi münaqişədən daha üstün variant kimi qiymətləndirib.

Saks bildirib ki, İrana mümkün quru əməliyyatı ilə bağlı çağırışlar praktiki baxımdan məntiqli deyil. Onun sözlərinə görə, ölkənin ölçüsü və mümkün itkilər nəzərə alınarsa, belə bir əməliyyat bir milyona qədər hərbçinin cəlb edilməsini tələb edə və “intihar missiyası”na çevrilə bilər.

Sabiq müşavir mühacirətdə yaşayan iranlı müxalif siyasətçi Rza Pəhləvinin tərəfdarlarının silahlı mübarizəyə hazır olduqlarına şübhə ilə yanaşıb.

O, istehzalı şəkildə bildirib ki, əgər Rza Pəhləvi Beverli-Hillzdə yaşayan tərəfdarları arasından ordu toplamaq istəyirsə, buna cəhd edə bilər. Saksın fikrincə, rahat həyat sürən insanların belə fəaliyyətlərdə kütləvi şəkildə iştirak etməsi real görünmür.

Devid Saks hərbi eskalasiyanın əvəzinə əldə olunmuş razılaşmanın icrasına və yoxlanılmasına diqqət yetirilməsinin vacibliyini vurğulayıb. O, İraq və Əfqanıstandakı uzunmüddətli müharibələrin təkrarlanmasının qarşısının alınmasının vacib olduğunu qeyd edib.

“Gəlin sülhə şans verək”, - deyə Saks bildirib və münaqişənin qeyri-müəyyən müddətə davam etdirilməsini dəstəkləyənləri başa düşmədiyini əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin