Ordu.az xəbər verir ki, mərasim “İstanbul” Gəmiqayırma Zavodu Komandanlığında keçirilib.
Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rumıniya Prezidenti Nikuşor Dan iştirak ediblər. Eyni mərasim çərçivəsində ASFAT şirkətinin baş podratçılığı ilə inşa edilən “Contraamiral Roman” korveti də Rumıniya Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.
Prezident Ərdoğan çıxışı zamanı Türkiyənin hərbi gəmi inşası sahəsində əldə etdiyi nailiyyətlərə diqqət çəkərək bildirib ki, ölkə eyni vaxtda ən çox hərbi gəmi inşa edə bilən dövlətlərdən biridir.
Onun sözlərinə görə, hazırda 50-dən çox hərbi gəmi istehsal olunur və onların 15-dən çoxu dost və müttəfiq ölkələrə ixrac üçün nəzərdə tutulub.
Ərdoğan qeyd edib ki, milli aviadaşıyıcı, hava hücumundan müdafiə esminesi, freqat, açıq dəniz patrul gəmisi, desant gəmisi və sualtı qayıq layihələri 80 faizdən artıq yerlilik səviyyəsi ilə həyata keçirilir.
“İcra etdiyimiz layihələrin ümumi dəyəri 25 milyard avroya çatıb”, - deyə o vurğulayıb.
Türkiyə ilk dəfə NATO və Avropa İttifaqına üzv ölkəyə hərbi gəmi ixrac edib
Prezident Ərdoğan Rumıniyaya korvet təhvilinin müdafiə sənayesi baxımından tarixi hadisə olduğunu bildirib.
“Rumıniya ilə imzaladığımız satış müqaviləsi nəticəsində Türkiyə tarixində ilk dəfə NATO və Avropa İttifaqına üzv ölkəyə hərbi gəmi ixrac edib”, - deyə o bildirib.
ASFAT-ın yaydığı məlumatda isə qeyd olunub ki, “Contraamiral Roman” korveti əsasən Qara dənizdə kəşfiyyat, müşahidə, patrul və dəniz təhlükəsizliyi tapşırıqlarında istifadə olunacaq.
TCG “Koçhisar”ın imkanları
“Hisar” sinfinə məxsus Dəniz Patrul Gəmisi layihəsi çərçivəsində inşa edilən TCG “Koçhisar” dəniz səlahiyyət zonalarının qorunması, kəşfiyyat və müşahidə fəaliyyəti, dəniz təhlükəsizliyi əməliyyatları, patrul və humanitar yardım missiyalarında istifadə ediləcək.
2300 ton subasımı qabiliyyyətinə malik gəminin uzunluğu 99,5 metrdir. Platforma maksimum 24 düyün sürət yığa bilir və təxminən 4500 dəniz mili məsafə qət etmək imkanına malikdir. Gəmi 21 gün fasiləsiz əməliyyat apara bilir.
TCG “Koçhisar” GENESIS ADVENT döyüş idarəetmə sistemi, YELKOVAN radar sistemi, YAKAMOS sonar sistemi və müxtəlif radioelektron mübarizə sistemləri ilə təchiz olunub.
Gəminin silahlanmasına MKE istehsalı olan 76 mm-lik Milli Dəniz Topu daxildir. Konfiqurasiyadan asılı olaraq platformada ATMACA gəmi əleyhinə raketləri, HİSAR hava hücumundan müdafiə raketləri, ASELSAN GÖKDENİZ yaxın mənzilli hava hücumundan müdafiə sistemi və sualtı qayıqlara qarşı raket buraxılış qurğuları da yerləşdirilə bilər.
Ərdoğan bildirib ki, TCG ANADOLU-dan əvvəl Türkiyə donanması regional güc ötürmə qabiliyyətinə malik idisə, artıq qlobal güc ötürmə imkanları əldə edib.
O həmçinin vurğulayıb ki, MİLGEM layihəsi çərçivəsində Türkiyə aviadaşıyıcı istehsal edə bilən dünyanın yeddinci ölkəsinə çevrilir.
Sevinc Əliyeva
Ordu.az