“CBS News”: İran müharibəsi Tramp və Netanyahu arasındakı münasibətləri əvvəl yaxınlaşdırdı, sonra gərginləşdirdi

2026/06/1781018940.jpg
Oxunub: 205     10:25     21 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında yeni prezidentlik dövrünün əvvəlində olduqca sıx və koordinasiyalı kimi xarakterizə edilən münasibətlər son aylarda İranla bağlı müharibə və ABŞ-İran atəşkəs razılaşmasının müzakirələri fonunda nəzərəçarpacaq dərəcədə gərginləşib.

Ordu.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

Məlumata görə, ilkin mərhələdə tərəflər İrana qarşı həyata keçirilən birgə hərbi kampaniya çərçivəsində sıx əməliyyat koordinasiyası şəraitində fəaliyyət göstəriblər. Bu dövrdə Tehranın nüvə silahı əldə etməsinin qarşısının alınması ümumi məqsəd kimi təqdim olunub və strateji tərəfdaşlıqla bağlı açıqlamalar verilib.

Həmin mərhələdə hər iki liderin ictimai bəyanatları əsasən müsbət xarakter daşıyıb, İsrail isə regional əməliyyatlarda əsas müttəfiq kimi qiymətləndirilib.

Lakin münaqişənin uzanması və ABŞ ilə İran arasında paralel diplomatik təşəbbüslərin meydana çıxması fonunda tərəflər arasında prioritet fərqləri üzə çıxmağa başlayıb. Bu təşəbbüslərə atəşkəs rejiminin rəsmiləşdirilməsi və xüsusilə Hörmüz boğazı vasitəsilə enerji marşrutlarının sabitləşdirilməsi cəhdləri daxil olub.

Telekanalın mənbələrinin sözlərinə görə, Vaşinqton daxili siyasi amillər və enerji qiymətlərinin artacağı ilə bağlı narahatlıqlar səbəbindən getdikcə daha çox eskalasiyanın qarşısının alınmasına və siyasi-diplomatik həll yollarının axtarılmasına üstünlük verib.

İsrail isə əksinə, İranın regiondakı təsir strukturlarına və onlarla əlaqəli qüvvələrə, o cümlədən Livandakı “Hizbullah” hərəkatına qarşı hərbi təzyiqin davam etdirilməsi xəttini qoruyub saxlayıb.

Gərginliyin artmasına səbəb olan əsas hadisələrdən biri İsrailin Beyruta endirdiyi hava zərbəsi olub. ABŞ tərəfinin məlumatına görə, həmin vaxt İranla bağlı danışıqlar yekun mərhələyə yaxınlaşırdı. Nəticədə bir neçə nəfər həlak olub və diplomatik proses pozulma təhlükəsi ilə üzləşib.

Mənbələrin bildirdiyinə görə, məhz bu hadisədən sonra Tramp ilə Netanyahu arasındakı qapalı təmaslarda ritorika kəskinləşib. Tramp İsrailin addımlarının İranla razılaşma əldə etmək istiqamətində göstərilən səylərə zərbə vurduğunu bildirib və İsrail rəhbərliyinin fəaliyyətini sərt şəkildə tənqid edib.

Bununla belə, Vaşinqton və Təl-Əviv arasında münasibətlər mürəkkəb xarakterini qoruyur. ABŞ İsraili regiondakı əsas strateji tərəfdaş kimi qiymətləndirməyə davam edir və hərbi dəstək və ya kəşfiyyat əməkdaşlığının məhdudlaşdırılması istiqamətində addım atmır.

Digər tərəfdən, ABŞ administrasiyası getdikcə daha çox koordinasiyanın vacibliyini və Vaşinqtonun diplomatik təşəbbüslərinə təsir göstərən birtərəfli addımların qəbuledilməz olduğunu vurğulayır.

İsrail tərəfi isə öz növbəsində təhlükəsizlik maraqlarına əsaslanaraq hərəkət etdiyini və Livandakı silahlı qruplar və İranla əlaqəli regional şəbəkələrdən qaynaqlanan təhdidlər aradan qaldırılmadığı halda hərbi əməliyyatlarını xarici siyasi razılaşmalara uyğunlaşdırmaq məcburiyyətində olmadığını bildirir.

Analitiklər hesab edirlər ki, hazırkı vəziyyət ABŞ ilə İsrail arasında müttəfiqliyin pozulması anlamına gəlmir. Lakin bu proses tərəflərin əvvəlki tam sinxron strategiyadan uzaqlaşaraq müttəfiqliyi qoruduqları, amma taktiki qərarlar və zaman prioritetləri üzrə daha çox fərqləndikləri yeni mərhələyə keçdiyini göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Tramp   Netanyahu  


Bizi "telegram"da izləyin