KİV: Robert Köçəryana qarşı yeni ittiham nədən ibarətdir?

2026/06/1781931565.jpg
Oxunub: 205     19:29     20 İyun 2026    
“Ermənistanın ikinci prezidenti Robert Köçəryana qarşı yeni cinayət işi açılıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Yerevan Today” nəşri “Robert Köçəryana qarşı yeni ittiham nədən ibarətdir?” başlıqlı məqaləsində yazıb.

Nəşr yazır ki, iyunun 14-də Köçəryanın ofisi onun üç günlük səfərlə Ermənistanı tərk edəcəyini açıqlayıb. Ofis hakimiyyətin fəaliyyət üslubunu nəzərə alaraq xüsusi vurğulayıb ki, əvvəllər prezidentin şəxsi xarakter daşıyan səfərləri barədə öncədən məlumat verilməyib.

“Lakin son dövrlərdə müxalifət nümayəndələrinin səfərləri ilə bağlı hakimiyyət tərəfindən yayılan yalan məlumatları nəzərə alaraq ictimaiyyəti növbəti dezinformasiyadan qorumağı vacib hesab edib. Həmin günün sonunda Robert Köçəryanın ofisi prezidentin ölkədən çıxışına qanunsuz və heç bir izahat verilmədən qadağa qoyulduğunu bəyan edib.

Bəyanatda qeyd olunub ki, öz avropalı himayədarları tərəfindən bu qədər təriflənən “demokratiya qalası” faktiki olaraq “demokratiya düşərgəsinə” çevrilib. Əgər kimsə Robert Köçəryanın ölkədən qaça biləcəyini düşünürsə, ciddi şəkildə yanılır. Bildirilib ki, Ermənistandan qaçacaq yeganə şəxs hakimiyyətdə olan şəxsdir və əgər buna imkanı çatsa, məhz o ölkəni tərk edəcək”, - deyə nəşr yazıb.

Məqalədə vurğulanır ki, Ermənistanın istintaq orqanları mediaya açıqlamalarında Robert Köçəryanın ölkədən çıxışının onların araşdırdığı hər hansı iş çərçivəsində məhdudlaşdırılmadığını bildiriblər.

“Bu isə qadağanın konkret bir şəxsin qanunsuz göstərişi ilə tətbiq edildiyi barədə suallar yaradır. İki gün sonra, iyunun 16-da məlum olub ki, prokurorluq ikinci prezidentə qarşı cinayət ittihamı irəli sürüb. Bundan sonra əsas sual yaranır: ittiham nədən ibarətdir?”, - deyə nəşr qeyd edib.

Nəşrin yazdığına görə, Ermənistanın ikinci prezidenti vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və çirkli pulların yuyulmasında ittiham olunur.

“İttiham tərəfinin versiyasına əsasən, Robert Köçəryan 2004-cü ildə prezident olarkən şəxsi maraqlar naminə dövlət əmlakının aşağı qiymətə oğluna verilməsi məqsədilə hökumət üzvlərinə müvafiq qərar qəbul etdirməyə göstəriş verib. Həmin qərarla “Kinetik” şirkətinə İrəvan şəhəri, Tsitsernakaberd şosesi 7/1 ünvanında yerləşən, “Tennis üzrə Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi” dövlət qeyri-kommersiya təşkilatına məxsus 29 033 kvadratmetr torpaq sahəsi və üzərində yerləşən 1705 kvadratmetrlik tikili təxminən 12 milyon drama satılıb. Halbuki həmin əmlakın 2006-cı ildəki dəyərinin 1,1 milyard dram olduğu iddia edilir”, - deyə məqalədə qeyd olunub.

Müəllifin sözlərinə görə, bundan əlavə iddia olunur ki, həmin əmlakın özgəninkiləşdirilməsi ümumiyyətlə mümkün olmamalı idi.

“Səbəb kimi göstərilir ki, əmlak təhsil müəssisəsinə məxsus olub və qanunvericiliyə əsasən belə əmlak yalnız təhsil məqsədləri üçün istifadə edilməli idi. Əmlakın satış qiymətinə gəlincə, hökumətin əmlakın özgəninkiləşdirilməsi ilə bağlı qərarından və həmin qərarın əsaslandırmasından görünür ki, satılan torpaq sahəsi deyil, üçüncü dərəcəli qəzalı hesab edilən tikililər olub. Prokurorluq həmin tikililərin qəzalı olması ilə bağlı təqdim edilən rəylərə etiraz etməyib. Buna görə də əmlakın qiymətləndirilmiş dəyərinin onun kadastr dəyərindən aşağı olması təbii hesab edilməlidir”, - deyə nəşr qeyd edib.

Məqalədə bildirilir ki, icarəyə verilmiş torpaq sahəsi sonradan 2005-ci ildə qəbul edilmiş Torpaq Məcəlləsinə əsasən alıcı şirkətin mülkiyyətinə keçib.

“Bu proses zamanı şirkət torpaq sahəsinin kadastr dəyərini ödəməli olub. Ehtimal edilir və prokurorluğun qərarlarında da göstərilir ki, 444 milyon 489 min 528 dram məbləğində kadastr dəyəri 2021-ci ildə özəlləşdirmə zamanı ödənilib. Bununla yanaşı, torpaq sahəsinin bir hissəsi hələ də icarədə qalır”, - deyə məqalədə vurğulanır.

Müəllif qeyd edir ki, hökumətin qərarına əsasən əmlakı əldə edən tərəf ilk üç il ərzində ümumilikdə 800 min ABŞ dollarına bərabər investisiya yatırmalı idi.

“Birinci il 200 min, ikinci il 300 min, üçüncü il isə 300 min ABŞ dollarına bərabər vəsait yatırılması nəzərdə tutulurdu. Buna görə də 2006-cı ilin iyul ayına olan vəziyyətdə, tikililərin yenidən qurulması və Torpaq Məcəlləsi əsasında torpaq üzərində mülkiyyət hüququnun əldə olunması nəzərə alınmaqla, əmlakın 1,1 milyard dram dəyərində qiymətləndirilməsi mümkün idi”, - deyə nəşr yazıb.

Məqalədə Sedrak Köçəryanın prosesdə iştirakı məsələsinə də toxunulur.

“Əmlakı əldə edən şirkətin təsisçisi Ermənistan Tennis Federasiyasının prezidenti Harutyun Pambukyan olub. O, tennis məktəbinə yeni həyat vermək məqsədilə hökumətə investisiya proqramı təqdim edib. Bu fakt hökumət qərarının əsaslandırılmasında da öz əksini tapıb. Hökumət məktəbin həmin dövrdə acınacaqlı vəziyyətdə olduğunu nəzərə alaraq proqramı dəstəkləyib. Müəllif qeyd edir ki, proqram sonradan həyata keçirilib və hazırda beynəlxalq standartlara cavab verən tennis məktəbi fəaliyyət göstərir”, - deyə məqalədə bildirilir.

Nəşr yazır ki, Sedrak Köçəryana məxsus “Stream Force” şirkətinin 2009-cu ildə “Kinetik” şirkətinin səhmlərinin 50 faizini alması sonrakı dövrdə yaranmış maliyyə çətinlikləri ilə bağlı olub.

“Tennis məktəbi 2008-ci il maliyyə böhranından sonra problemlərlə üzləşib və yeni investor axtarmağa başlayıb. Bu zaman investor qismində Sedrak Köçəryana məxsus “Stream Force” şirkəti çıxış edib. Müəllif vurğulayır ki, şirkət səhmləri bank köçürməsi yolu ilə və kifayət qədər yüksək məbləğ, 1 milyard dram ödəməklə əldə edib”, - deyə nəşr vurğulayıb.

Məqalə müəllifinin fikrincə, bu fakt prokurorluğun əmlakın əvvəlcədən Robert Köçəryanın ailəsinə güzəştli şəkildə ötürülməsi ilə bağlı versiyasını təkzib edir.

“Prokurorluq müəssisənin təhsil müəssisəsi olub-olmamasını, əmlakın hüquqi statusunu və prezidentin hansı konkret hərəkətlə səlahiyyətlərindən sui-istifadə etdiyini araşdırmadan ittiham irəli sürüb. İstintaqın əsaslandığı yeganə məqam əmlakı əldə etmiş şirkətin səhmlərinin bir hissəsinin beş il sonra Sedrak Köçəryana məxsus şirkət tərəfindən alınmasıdır. Halbuki bu alış da əhəmiyyətli məbləğ ödənilməklə həyata keçirilib.

Bundan başqa, Robert Köçəryana qarşı ittiham onun əmlakın özgəninkiləşdirilməsi ilə bağlı heç bir səlahiyyəti olmadığı halda irəli sürülüb. Eyni zamanda ittihamın irəli sürüldüyü maddələrin iddia edilən əməllər üzrə artıq köhnəlmə müddətini keçdiyi də qeyd olunur”, - deyə məqalədə bildirilir.

Məqalənin sonunda vurğulanır ki, əgər sadə media araşdırması ilə bu qədər məlumat əldə etmək mümkündürsə, hüquq-mühafizə orqanları cinayət təqibi başlamazdan əvvəl həmin məsələləri araşdırmalı idilər.

“Nəticədə belə mənzərə yaranır ki, Robert Köçəryan uzun illər ərzində müxtəlif ittihamlarla hədəfə alınsa da, praktiki mərhələdə ya konstitusiyaya zidd hesab edilən maddələrlə, ya da 22 il əvvəl qəbul olunmuş hökumət qərarının təsdiqlənməsi ilə bağlı ittihamlarla üzləşir. Halbuki həmin dövrdə qüvvədə olan Konstitusiyaya əsasən prezidentin hökumət qərarlarını təsdiqləməmək səlahiyyəti mövcud olmayıb”, - deyə nəşr yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin