Pezeşkian müharibənin dayandırılmasına görə Pakistana təşəkkür edib - YENİLƏNİB

2026/06/1781980204.jpg
Oxunub: 303     22:35     20 İyun 2026    
Tehran müharibənin dayandırılması haqqında razılaşmaya gətirib çıxaran diplomatik prosesdəki konstruktiv roluna görə İslamabada minnətdarlığını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Pakistanın daxili işlər naziri Möhsün Nəqvi ilə görüşdə bildirib.

Pezeşkian İranın qarşılıqlı maraq doğuran bütün sahələrdə Pakistanla ikitərəfli münasibətlərdə mövcud olan geniş imkanlardan istifadə etməyin zəruriliyini vurğulayıb.

Pakistanın daxili işlər naziri də prezidentlə görüşdən məmnunluğunu ifadə edib. O, atəşkəs və müharibənin başa çatması barədə razılaşmanın əldə olunmasını alqışlayıb, həmçinin siyasi diplomatik proseslərin effektiv idarə olunması istiqamətindəki diplomatik səylərinə görə Pezeşkian, Məhəmmədbaqer Qalibaf və Abbas Əraqçiyə təşəkkür edib.

M. Nəqvi həmçinin İranın Ali rəhbəri Müctəba Xameneinin böhranın həlli və atəşkəsin bərqərar edilməsinə köməklik göstərilməsində oynadığı strateji roluna görə minnətdarlığını bildirib.

***

Pakistanın daxili işlər naziri Möhsün Nəqvi İrana səfəri çərçivəsində bu ölkənin Prezidenti Məsud Pezeşkianla görüşüb, tərəflər ABŞ ilə aparılan danışıqları müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

"İran və ABŞ arasındakı razılaşma üzrə məsləhətləşmələri davam etdirmək üçün Tehrana gəlmiş Pakistanın daxili işlər naziri Möhsün Nəqvi bu gün axşam ölkəmizin Prezidenti Məsud Pezeşkianla görüşüb və danışıqlar aparıb", - məlumatda bildirilib.

Xatırladaq ki, Pakistan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda 21 iyun 2026-cı ildə İsveçrənin Bürgenstok şəhərində ABŞ ilə İran arasında texniki səviyyədə danışıqların aparılacağı açıqlanıb.

Danışıqlarda İranı parlamentin sədri Məhəmmədbaqer Qalibaf, xarici işlər naziri Abbas Əraqçi, Ali Milli Təhlükəsizlik Şurası katibinin beynəlxalq məsələlər üzrə müavini Əli Baqiri, Mərkəzi Bankın sədri Əbdülnasir Hümməti, İran Milli Neft Şirkətinin rəhbəri Həmid Bord, xarici işlər nazirinin müavini Kazım Qəribabadi, XİN-in sözçüsü İsmayıl Bəqai və digər rəsmi şəxslər təmsil edir.

İran tərəfinin qabardacağı başlıca məsələ İsrailin Livana hücumlarıdır, çünki bu, anlaşma memorandumunun şərtlərinə ziddir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   İran  


Bizi "telegram"da izləyin