Braziliyada hakerlər fövqəladə xəbərdarlıq sistemini sındırıblar

2025/07/1753785537.jpg
Oxunub: 168     23:45     20 İyun 2026    
Braziliyanın bir neçə ştatında mobil telefonlara göndərilən müəmmalı fövqəladə xəbərdarlıqların haker hücumu nəticəsində yayıldığı ehtimal edilir.

Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, şənbə günü səhər saatlarında istifadəçilərin telefonlarında “misantropi4” sözü olan xəbərdarlıq mesajı peyda olub. Bu ifadə “misantropiya” sözünün dəyişdirilmiş formasıdır və burada “a” hərfi “4” rəqəmi ilə əvəz olunub. Bu üsul adətən hakerlər tərəfindən istifadə edilən “leet” yazı üslubuna xasdır.

İlk fövqəladə xəbərdarlıq Parana ştatında qeydə alınıb. Bir neçə dəqiqə sonra oxşar bildirişlər San-Paulu və Rio-de-Janeyro kimi iri şəhərlərin sakinlərinə də göndərilib.

Braziliyanın Milli Mülki Müdafiə Xidməti bildirib ki, xəbərdarlıq sistemi ehtimal olunan kiberhücumdan sonra sıradan çıxıb və təhlükəsizlik tədbirləri çərçivəsində müvəqqəti olaraq dayandırılıb.

Qurumun açıqlamasında qeyd olunub ki, göndərilən mesaj “ən yüksək təhlükə xəbərdarlığı” kimi təsnif edilib və bəşəriyyətə nifrət mənasını verən “misantropiya” sözünü ehtiva edib.

“Hesab edirik ki, söhbət haker hücumundan gedir”, - deyə açıqlamada bildirilib.

Rəsmilər vurğulayıblar ki, ölkənin heç bir regional mülki müdafiə qurumu həmin xəbərdarlıqları yaymayıb və belə təcili bildiriş göndərilməsini tələb edən real fövqəladə vəziyyət qeydə alınmayıb.

San-Paulu və Rio-de-Janeyro regional xidmətləri də xəbərdarlıqların rəsmi olmadığını təsdiqləyiblər.

San-Paulu administrasiyası bildirib ki, kütləvi xəbərdarlıqlar üçün istifadə olunan “Cell Broadcast” sistemi müvəqqəti olaraq söndürülüb və hadisə Milli Telekommunikasiya Agentliyi (Anatel) ilə birlikdə araşdırılır.

Bəzi istifadəçilər oxşar məzmunlu mesajların SMS vasitəsilə də göndərildiyini bildiriblər. Bu isə genişmiqyaslı texniki nasazlıq və ya xəbərdarlıq infrastrukturuna qarşı məqsədli hücum ehtimalını gücləndirib.

Hazırda Braziliya hakimiyyəti mesajların mənşəyini araşdırır və fövqəladə xəbərdarlıq sisteminin fəaliyyətinin tam bərpası istiqamətində işləri davam etdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Braziliya   Haker  


Bizi "telegram"da izləyin