Ordu.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “İstanbul” Gəmiqayırma Zavodu Komandanlığında keçirilən “Açıq Dəniz Patrul Gəmisi “CAm. Roman”ın Rumıniya Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi və Türkiyə Hərbi Dəniz Qüvvələrinin platformalarının xidmətə qəbulu və bayraq qaldırma mərasimi”ndə çıxış edib.
Ərdoğan Rumıniya Prezidenti Nikuşor Dan və Rumıniya nümayəndə heyətini Türkiyədə qəbul etməkdən məmnunluq duyduğunu bildirib. O qeyd edib ki, İstanbulda dənizçilik, mühəndislik və Türkiyə-Rumıniya dostluğunun yeni nümunəsinin şahidi olmaq üçün bir araya gəliblər.
Türkiyə Prezidenti vurğulayıb ki, “CAm. Roman” korvetinin Rumıniya Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi və “Koçhisar” Açıq Dəniz Patrul Gəmisinin xidmətə qəbul olunması iki ölkə üçün mühüm hadisədir.
Ərdoğan bildirib ki, hər iki platforma Rumıniya və Türkiyənin təhlükəsizliyinə, Qara dənizin sabitliyinə, NATO alyansına və regional təhlükəsizliyə əhəmiyyətli töhfə verəcək.
Dünyada təhlükəsizlik mühitinin sürətlə dəyişdiyini qeyd edən Türkiyə lideri milli müdafiə sənayesinin ölkənin strateji gücünün əsas sütunlarından birinə çevrildiyini deyib. Onun sözlərinə görə, son 23 ildə müdafiə sənayesində tam müstəqillik məqsədilə həyata keçirilən siyasət nəticəsində Türkiyə mühüm nailiyyətlər əldə edib.
Ərdoğan diqqətə çatdırıb ki, Türkiyə hazırda müdafiə ixracatına görə dünyanın 11-ci ölkəsidir. O bildirib ki, ötən ay ölkə 996 milyon dollar dəyərində müdafiə və aviasiya məhsulu ixrac edərək rekord nəticə göstərib.
Türkiyə Prezidentinin sözlərinə görə, ölkə bu gün ən kiçik qayıqlardan TCG “Anadolu” kimi pilotsuz uçuş aparatı daşıyan gəmilərə, freqatlardan sualtı qayıqlara, eləcə də MUGEM milli aviadaşıyıcısına qədər bütün suüstü və sualtı platformalarını milli imkanlarla istehsal edə bilir.
Ərdoğan qeyd edib ki, Türkiyə hazırda 50-dən çox döyüş gəmisinin inşasını həyata keçirir və onların 15-dən çoxu dost və müttəfiq ölkələr üçün nəzərdə tutulub. O vurğulayıb ki, müxtəlif sinfinə məxsus platformalar 80 faizdən artıq yerlilik göstəricisi ilə istehsal olunur.
Prezident əlavə edib ki, Türkiyə həmçinin müxtəlif vəzifələri yerinə yetirə bilən insansız dəniz platformalarının tədqiqat, layihələndirmə və istehsalı istiqamətində fəaliyyətini davam etdirir. Hazırda həyata keçirilən layihələrin ümumi dəyəri 25 milyard avroya çatır.
Ərdoğan bildirib ki, Türkiyə malik olduğu müdafiə sənayesi imkanlarını dost və müttəfiq ölkələrlə bölüşməyi özünə vəzifə hesab edir. Onun sözlərinə görə, Rumıniya ilə həyata keçirilən bu layihə iki ölkə arasında strateji tərəfdaşlığın dəniz sahəsində konkret təzahürüdür.
Türkiyə Prezidenti qeyd edib ki, “CAm. Roman” korveti Qara dənizin və regionun təhlükəsizliyinin birgə təmin olunması istiqamətində iki müttəfiq ölkənin siyasi iradəsinin ən aydın göstəricilərindən biridir.
Ərdoğan çıxışında vurğulayıb ki, gəmidə istifadə olunan döyüş idarəetmə sistemi, axtarış və atışa nəzarət radarları, sonar sistemləri və yaxın mənzilli müdafiə silahları tamamilə yerli şirkətlər tərəfindən hazırlanıb.
Onun sözlərinə görə, ASELSAN, ROKETSAN, HAVELSAN, “Makina və Kimya Sənayesi Qurumu” və TÜBİTAK-ın formalaşdırdığı güclü müdafiə sənayesi infrastrukturu layihənin qısa müddətdə həyata keçirilməsinə imkan verib.
Ərdoğan bildirib ki, Rumıniya ilə imzalanmış müqavilə nəticəsində Türkiyə tarixində ilk dəfə NATO və Avropa İttifaqına üzv olan ölkəyə döyüş gəmisi ixrac edib. O əlavə edib ki, gəminin sınaq, hazırlıq və əməliyyat qiymətləndirmə mərhələlərində nümayiş etdirdiyi nəticələr Türkiyə istehsalı dəniz platformalarının keyfiyyətini bir daha sübut edib.
Türkiyə Prezidenti həmçinin TCG “Koçhisar” Açıq Dəniz Patrul Gəmisinin xidmətə qəbul olunduğunu xatırladaraq bildirib ki, bu platforma kəşfiyyat, müşahidə, axtarış-xilasetmə, dəniz quldurluğuna qarşı mübarizə və digər vəzifələri yerinə yetirəcək.
Çıxışının sonunda Ərdoğan Türkiyənin məqsədinin regionda qarşıdurma yaratmaq deyil, sülhü, sabitliyi və təhlükəsizliyi gücləndirmək olduğunu vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az