Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Araşdırmanın nəticələrinə görə, Avropa İttifaqının 15 ölkəsində respondentlərin 66 faizi Böyük Britaniyanın yenidən Avropa İttifaqına üzv olmasını müsbət və ya neytral ideya kimi qiymətləndirib.
Dəstək səviyyəsi Bolqarıstanda 56 faizdən Niderland və Danimarkada 75 faizə qədər dəyişir.
Sorğu həmçinin göstərib ki, sağçı və avroskeptik siyasi qüvvələrin seçiciləri arasında da Böyük Britaniya ilə yaxınlaşmanı dəstəkləyənlərin sayı kifayət qədər çoxdur.
Bir sıra Avropa liderləri də Böyük Britaniyanın Avropa siyasi məkanına qayıdışını açıq şəkildə dəstəkləyirlər. Onların sırasında Fransa Prezidenti Emmanuel Makron, İspaniyanın Baş naziri Pedro Sançes və Finlandiya Prezidenti Aleksandr Stubb yer alır.
Araşdırma Böyük Britaniyada da ictimai rəydə ciddi dəyişikliklərin baş verdiyini göstərib. Respondentlərin 66 faizi Avropa İttifaqından ayrılmanın yaşayış xərclərinə mənfi təsir etdiyini, 65 faizi iqtisadiyyata zərər vurduğunu, 57 faizi gənclərin imkanlarını məhdudlaşdırdığını bildirib.
Bundan əlavə, sorğuda iştirak edənlərin 75 faizi Avropa İttifaqı ilə daha sıx münasibətlərin qurulmasını, 66 faizi isə iqtisadi inteqrasiyanın dərinləşdirilməsini dəstəkləyib.
Araşdırmaya əsasən, respondentlərin 63 faizi Avropa İttifaqı ilə daha sıx iqtisadi əlaqələr müqabilində sərbəst hərəkət hüququnun bərpasına müsbət yanaşır.
Təhlükəsizlik və müdafiə sahəsində də Böyük Britaniyada Avropa ilə əməkdaşlığa dəstək artıb. Sorğuda iştirak edənlərin 58 faizi Avropa İttifaqı ilə daha sıx müdafiə əməkdaşlığını dəstəkləyib.
Mütəxəssislər hesab edirlər ki, nəticələr “Brexit”dən sonra Böyük Britaniyada və Avropa ölkələrində münasibətlərin yenidən yaxınlaşdırılmasına marağın artdığını göstərir.
Sevinc Əliyeva
Ordu.az