Səudiyyə Ərəbistanı üçün inşa edilən altıncı korvet suya buraxılıb

2026/06/1782019318.jpg
Oxunub: 268     09:18     21 İyun 2026    
İspaniyanın “Navantia” gəmiqayırma şirkəti Səudiyyə Ərəbistanı Kral Hərbi Dəniz Qüvvələri üçün istehsal edilən altıncı korvet olan HMS ALMADINAH gəmisini “San Fernando” gəmiqayırma zavodunda keçirilən mərasimlə suya buraxıb.

Ordu.az xəbər verir ki, HMS ALMADINAH Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ilə “Navantia” arasında imzalanmış ikinci korvet müqaviləsi çərçivəsində inşa edilən ilk gəmi kimi diqqət çəkir.

Mərasimdə “Navantia” Direktorlar Şurasının sədri “Rikardo Dominqes”, Səudiyyə Ərəbistanı Kral Hərbi Dəniz Qüvvələrinin nümayəndələri, həmçinin hər iki ölkədən çoxsaylı hərbi və mülki rəsmilər iştirak ediblər.

Səudiyyə Ərəbistanı Kral Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Məhəmməd bin Əbdülrəhman Əl-Quraybinin adından çıxış edən kontr-admiral Saleh Əl-Xathami bildirib ki, bu gün ALSARAWAT layihəsinin ikinci mərhələsində mühüm hadisə olan HMS ALMADINAH-ın suya buraxılması qeyd olunur.

O vurğulayıb ki, gəmi gələcəkdə Səudiyyə Ərəbistanının dəniz maraqlarının qorunmasına və regional təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcək. Əl-Xathami layihəyə göstərilən dəstəyə görə “Navantia” şirkətinə və İspaniya Hərbi Dəniz Qüvvələrinə təşəkkür edib.

“Navantia” Direktorlar Şurasının sədri Rikardo Dominqes isə korvet proqramına daxil olan bütün gəmilərin vaxtında və müəyyən edilmiş büdcə çərçivəsində təhvil verildiyini bildirib. O qeyd edib ki, şirkət gələcəkdə Səudiyyə Ərəbistanı ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı freqatlar, mina axtaran gəmilər və sualtı qayıq layihələri vasitəsilə daha da genişləndirməyi hədəfləyir.

Məlumata görə, ikinci mərhələ çərçivəsində ümumilikdə üç korvet inşa olunacaq. Birinci gəmi İspaniyada xidmətə qəbul ediləcək, ikinci və üçüncü gəmilərin döyüş sistemlərinin inteqrasiyası və sınaqları isə Səudiyyə Ərəbistanında həyata keçiriləcək.

Proqrama logistika dəstəyi, ekipaj hazırlığı və əməliyyat qiymətləndirmə fəaliyyətləri də daxildir. Səudiyyə Ərəbistanı üçün istehsal olunan korvetlər “Navantia” şirkətinin AVANTE 2200 çoxməqsədli döyüş gəmisi konsepsiyasına əsaslanır.

Platforma dəniz müşahidəsi, dəniz təhlükəsizliyi, axtarış-xilasetmə, strateji obyektlərin mühafizəsi və kəşfiyyat tapşırıqları ilə yanaşı, sualtı qayıqlara qarşı mübarizə, hava hücumundan müdafiə, suüstü döyüş və radioelektron mübarizə əməliyyatlarını da yerinə yetirə bilir.

Gəmilər “Navantia” tərəfindən hazırlanmış HAZEM döyüş idarəetmə sistemi, HERMESYS inteqrasiya edilmiş rabitə sistemi, DORNA atış idarəetmə sistemi, inteqrasiya edilmiş platforma idarəetmə sistemi və MINERVA körpüüstü idarəetmə sistemi ilə təchiz olunub.

HMS ALMADINAH-ın suya buraxılması ilə “Navantia” şirkətinin Səudiyyə Ərəbistanı üçün həyata keçirdiyi ikinci korvet istehsalı proqramı yeni mərhələyə qədəm qoyub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistanı   Navantia  


Bizi "telegram"da izləyin